“Neftin hər 10 dollar artımı Azərbaycana 2,2 milyard manat qazandırır” - İQTİSADÇI
Aprelin 13-də dünya bazarlarında neftin qiyməti kəskin bahalaşaraq bir barel üçün 100 dolları ötüb. Buna səbəb ABŞ-nin Hörmüz boğazında İranla bağlı gəmilərə qarşı mümkün blokadaya hazırlaşması və Vaşinqton-Tehran danışıqlarının nəticəsiz qalmasıdır. Məlumatlara görə, bu gərginlik fonunda “Brent” markalı neft 102 dollardan, “WTI” isə 104 dollardan yuxarı qalxıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət büdcəsində neftin orta illik qiyməti 65 dollar səviyyəsində götürülüb:
“Neftin orta illik qiymətinin hər 10 dollar yüksək olması Azərbaycana təxminən 2,2 milyard manat əlavə gəlir gətirir. Bunun 1,8 milyard manatı Neft Fondunun gəlirlərinin artması, 400 milyon manatı isə dövlət büdcəsinin gəlirlərinin yüksəlməsi hesabına formalaşır. Burada əsas məqam qısamüddətli deyil, illik orta qiymətin artımıdır. Qaz qiymətlərində də əhəmiyyətli artım müşahidə olunur. Azərbaycanın ixrac strukturunda qaz gəlirləri təxminən 35-40 faiz təşkil edir. Bu isə qazın orta qiymətinin yüksəlməsinin ölkə gəlirlərinə müsbət təsir edə biləcəyini göstərir. Enerji qiymətlərinin artımı idxal inflyasiyasını sürətləndirir. Daşıma xərclərinin yüksəlməsi və idxal mallarının bahalaşması xüsusilə sosial həssas qruplar üçün əlavə yük yaradır. Bu səbəbdən neft və qaz qiymətlərinə yalnız müsbət tərəfdən yanaşmaq düzgün deyil. Əvvəllər neftin 55-65 dollar aralığında ticarət olunacağı gözlənilirdi. Lakin artıq bu proqnozlar yenilənib və daha yüksək qiymətlər nəzərdə tutulur. Hazırkı qiymətlər 100 dollar ətrafında formalaşıb. Münaqişə şəraitində alternativ marşrutlara yönəlmə daşıma xərclərini artırır. Bu isə idxal qiymətlərinin yüksəlməsinə səbəb olur”.
Dövlət büdcəsinə mümkün dəyişikliklərə gəlincə, iqtisadçı bunun proseslərin davametmə müddətindən asılı olduğunu qeyd edib:
“Əgər gərginlik uzunmüddətli olarsa və inflyasiya sürətlənərsə, hökumət sosial yükü azaltmaq üçün büdcəyə yenidən baxa və ya ehtiyat fondlardan istifadə edə bilər. Qısamüddətli gərginlik şəraitində isə büdcəyə dəyişiklik gözlənilmir”.
Beləliklə, Hörmüz boğazı ətrafında artan gərginlik qlobal enerji bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olmaqla yanaşı, həm də ölkələr üçün həm fürsətlər, həm də risklər yaradır.
Fatimə Hüseynli