“Neftin qiymətinin düşməsi qlobal riskləri azaldır, bazarları canlandırır”-ŞƏRH
ABŞ Prezidenti Donald Tramp İran enerji infrastrukturuna zərbələrin endirilməsini beş gün təxirə saldığını bəyan etməsindən sonra neft ucuzlaşıb.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, neftin qiymətinin enməsi fonunda investorlar daha çox riskli aktivlərə üstünlük verəcəklər:
“Neftin qiymətinin düşməsi qlobal bazarda risklərin azalması və inflyasiyanın zəifləməsi kimi qəbul olunur və müxtəlif sektorlara təsir göstərir. İlk növbədə, daşımalar sektoru - həm logistika, həm dəniz, həm də aviasiya nəqliyyatı - yanacaq qiymətləri xüsusilə, həssasdır. Aviasiya daşımalarında yanacaq xərcləri böyük paya malik olduğuna görə neftin ucuzlaşması bu sahədə qiymətlərin aşağı düşməsinə səbəb olur.Sənaye mallarına gəldikdə isə, onların istehsalında enerji əsas xərclərdən biri olduğuna görə neftin qiyməti maya dəyərinə və qlobal qiymətlərə təsir edir. Xüsusilə, neftdən alınan neft-kimyası məhsulları və plastiklərinə. Plastiklərin xammal kimi istifadə olunduğu məhsulların qiyməti də nəticədə aşağı düşür. Bu səbəbdən qeyd olunan sektorlar üçün neftin ucuzlaşması müsbət təsir yaradır, onların aktivliyi artır və bu, səhm bazarında da özünü göstərir”.
İqtisadçı neftin qiymətinin enməsinin enerji şirkətlərinin səhmlərinə də təsir edəcəyini bildirib:
“Enerji şirkətləri, xüsusilə, neft hasilatı ilə məşğul olan şirkətlər üçün neftin qiymətinin düşməsi onların səhmlərinin enməsi ilə nəticələnə bilər. Məsələn, buna BP şirkəti nümunə ola bilər. Neftin qiyməti düşəndə onun səhmləri də enir. Hazırda neftin qiyməti əvvəlki yüksək səviyyələrlə müqayisədə aşağıdır”.
Müsahibin sözlərinə görə, bu dəyişikliklərə ən həssas qrup şist neft istehsalçılarıdır:
“Onlar qiymətlər yüksək olduqda istehsalı artırır, qiymətlər aşağı düşdükdə isə bəzən istehsalı tam dayandırırlar. Bu səbəbdən enerji sektorunun daxilində ən çox təsirlənən qrup məhz onlardır.Ümumilikdə, neftin qiymətinin artması qlobal inflyasiyanı yüksəldir, məşğulluğu azaldır və ÜDM artımını zəiflədir. Əksinə, qiymətlər aşağı düşdükdə bu proseslər də tərsinə işləyir və iqtisadi risklər azalır. Belə şəraitdə investorlar daha çox riskli aktivlərə üstünlük verirlər. Yəni vəsaitlərini müdafiə xarakterli aktivlərdən (məsələn, qızıl kimi yığım vasitələrindən) çıxarıb müxtəlif şirkətlərin səhmlərinə yönəldirlər və həmin şirkətlər daha çox qazanır. Geosiyasi gərginliklər isə fərqli ssenarilər yarada bilər. Məsələn, enerji infrastrukturun dağılması və ya ixracın uzunmüddətli pozulması neftin qiymətini 90-110 dollar aralığına, hətta daha yuxarı səviyyələrə qaldıra bilər. Uzunmüddətli ixrac pozuntusu olduqda bayaq ki, qiymətlərdən 25% çox ola bilər, 110-115 dollara qədər qalxa bilər. Ən ekstremal ssenari Hörmüz boğazı bağlanmasıdır ki, bu zaman qiymətlər 130-150 dollar aralığına qədər yüksələ bilər. Lakin bu cür yüksək qiymətlər adətən uzunmüddətli olmur çünki şist nefti və alternativ enerji mənbələri bazara daxil olaraq qiymətləri yenidən aşağı - 120 dollara salır”.
Ekspert qlobal enerji xəritəsi məsələsinə də toxunub:
“Bu gərginliklər qlobal enerji xəritəsinə də təsir göstərir. Qiymətlər aşağı olduqda yaşıl enerji bazarda düşür, qiymətlər yüksəldikdə isə yaşıl enerjinin bazarı qalxır. Qiymətin qalxması yaşıl enerjiyə təsir edir ki, bu da oraya investisiyaları artırır. Qiymət yüksək olanda bəzi ölkələrin rezerv ehtiyatları var, məsələn ABŞ-nin belə bir ehtiyatı var ki, o, həmin ehtiyatı artıq işə buraxır yüksək qiymətlərdə, ondan istifadə eləyir.Eyni zamanda, bəzi ölkələr enerji təchizatını diversifikasiya etməyə çalışır. Hörmüz boğazından keçən neftin əvəzinə başqa yerdən nefti diversifikasiya etməyə çalışır və Yaxın Şərqdən asılılığı azaltmağa yönəlir. Digər mühüm dəyişiklik isə enerji əməkdaşlıqlarında özünü göstərir. Məsələn, Rusiya ilə Çin və ya Hindistan. Çin ilə Rusiyanın enerji, neft və qaz münasibətləri daha da güclənə bilər”.

Zəri Bayramlı