OKB ilə yaşayanlar üçün görünməyən təhlükə: gündəlik həyatda nəzarət itkisi
Obsessiv-Kompulsiv Pozuntu (OKB) təkcə təkrarlanan davranışlar və düşüncələrlə məhdudlaşmır, eyni zamanda insanın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir. Son dövrlər OKB-nin stress, qeyri-müəyyənlik və sosial təzyiqlər fonunda daha da kəskinləşdiyi müşahidə olunur ki, bu da həm emosional gərginlik, həm də sosial münasibətlərdə çətinliklər yaradır.
OKB-dən əziyyət çəkən, pisixoloqla öhdəsindən gələn Türkan Hüseyinova öz düşüncələrini saytımızla bölüşüb:
“Bir vaxtlar beynimdə nəsə vardı. Adını bilmirdim, sadəcə hiss edirdim. Hər şeyin qaydasında olması üçün müəyyən şeyləri təkrar etməliydim, yoxsa nəsə pis baş verəcəkmiş kimi gəlirdi. Bəzən özümü eyni kitabın səhifələrini əlli dəfə çevirərkən tapırdım. “Bir dəfə də çevir, yoxsa başına bir iş gələr”, “bir də çevir, yoxsa valideyninə nəsə olar”. Bu səslər mənim fikrim kimi gəlirdi. Onların mənə aid olduğunu düşünürdüm.
Sonra psixoloqa getdim. Adını öyrəndim: OKB. Onun öhdəsindən gəlməyi də öyrəndim. İndi bilirəm ki, qərar verən o deyil, mənəm. Amma etiraf edim, bəzən hələ də beynimi qarışdırır. Sanki məni bir oyuncaq kimi idarə etməyə çalışır, hərəkətlərimə qarışır. Fərq ondadır ki, indi onu tanıyıram. Hər dediyini yerinə yetirmirəm. Tam susmasa da, artıq mənim həyatımı idarə edən o deyil “.
OKB-dən uzun müddət əziyyət çəkən digər həmsöhbətimiz Gülşən Qurbanova vurğulayıb ki, altı dəfə seansa getsə də, bir möcüzə baş verməyib:
“Gərək insan bəzi duyğularını, bəzi düşüncələrini özü idarə edə bilsin. Çünki bu, nə psixoloqun səni “düzəltməsi”, nə də sənin “nasaz” olmağın məsələsidir. Əvvəl elə sanmışdım, qərar verən mənəm. Halbuki qərar verən sadəcə qorxularım idi. İndi bilirəm ki, hər şey mənim əlimdədir ”.
Bəs pisixoloqlar məsələyə necə yanaşır?
"İnformator.az"a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru, Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin təsisçisi, direktoru, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə heyyətinin üzvü Ramidə Oktayqızı bildirib ki, ailə üzvlərinin və yaxınlarının dəstək olması iki gündə öz təsirini göstərə bilər:
“Birinci, onlara qarşı soyuqqanlı münasibət olmalıdır. Çünki onlara nə qədər çox diqqət göstərilirsə, bir o qədər narahat olurlar və insanların, xüsusən də yaxınlarının, ailə üzvlərinin onlara yazığı gəldiyini düşünürlər. Bu isə onlarda bir çox konfliktlərə, münaqişələrə və münasibətlərin pozulmasına gətirib çıxarır. Özlərinə qarşı soyuqqanlı münasibət gördükdə isə problem yaratmağa başlayırlar ki, guya diqqət mərkəzində deyillər, halları heç kimi maraqlandırmır, çox əziyyət çəkirlər və hətta “özümü öldürəcəyəm” kimi ifadələr işlədirlər. Diqqət mərkəzində olmaq üçün istənilən sözlərdən manipulyasiya vasitəsi və xarakterik xüsusiyyət kimi istifadə edə bilirlər. Ona görə də OKB-dən əziyyət çəkənin kişi və ya qadın olması, eləcə də hansı statusa malik olması çox önəmlidir. Onları tanıyaraq və bunu nəzərə alaraq fərqli davranış göstərmək ən doğru üslublardan biridir”.
Reyhan Quliyeva
