Onlayn bilet alan müştəri avtobusa buraxılmayıb
Xaçmaz şəhərində baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, vətəndaşın onlayn qaydada aldığı avtobus bileti olmasına baxmayaraq, sürücü və ya nəzarətçi onun nəqliyyat vasitəsinə minməsinə icazə verilmədiyi iddia olunur. Hadisə sərnişin hüquqlarının qorunması, onlayn bilet sistemlərinin etibarlılığı və daşıyıcı şirkətlərin məsuliyyəti ilə bağlı ciddi suallar doğurur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu gün Azərbaycanda avtobusla hərəkət etmək olduqca sərfəlidir və onlayn bilet alma platforması da mövcuddur:
“Bu da sərnişinlərin işini olduqca asanlaşdırıb. Onlayn alınan bilet hüquq baxımından kağız biletlə eyni qüvvəyə malikdir.
Sadəcə sosial şəbəkədə paylaşılan videonu bir nəfər çəkib və bir tərəfli şəkildə təqdim olunub, qarşı tərəfin mövqeyi yoxdur. Biz vəziyyəti tam bilmirik, orada nə baş verdiyi məlum deyil. Halbuki hər gün minlərlə insan onlayn bilet alır və çox rahatlıqla səyahət edir - Bakıdan digər şəhərlərə, digər şəhərlərdən də Bakıya.
Mən özüm də istifadə etmişəm, çox rahat platformadır. Belə hallarda həm avtobuslarda, həm də avtobus vağzallarında qaynar xətlərin nömrələri paylaşılıb və şikayət etmək imkanları var. Bu kimi vəziyyətlərdə sərnişinlər həmin qaynar xətlərə zəng edə bilərlər”.
“İnformator.az” AYNA-dan da müsahibə alıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin katibi Tural Orucov isə bildirib ki, məsələ ilə bağlı vətəndaşla əlaqə saxlanılıb:
“İlkin mərhələdə müəyyən anlaşılmazlıq yaranıb, lakin məsələ operativ şəkildə həllini tapıb.
Videoda əks olunan avtobus vətəndaşın bilet əldə etdiyi nəqliyyat vasitəsi deyil. Belə ki, vətəndaş növbəti avtobusa bilet əldə edib və həmin avtobus vasitəsilə də təyinat nöqtəsinə çatdırılıb”.
Səadət Əlizadə