Pakistan və Ermənistan diplomatik münasibətləri nəzərdən keçirəcək
Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb. Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.
Bu məsələ ilə bağlı politiloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki,Pakistan Azərbaycanı müstəqilliyini ilk tanıyan ölkələrdən biridir:
"Pakistan Azərbaycanın strateji müttəfiqi olub və hər zaman Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Pakistan Azərbaycanı müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və Ermənistanla heç bir diplomatik və siyasi əlaqəsi olmayan nadir ölkələrdəndir.
Hazırkı şəraitdə Pakistan və Ermənistan xarici işlər nazirlərinin telefon danışıqları və diplomatik münasibətlərin qurulması məsələsi normal qarşılanmalıdır. Pakistan bu addımı Azərbaycanla məsləhətləşmədən atmaz. 8 avqustda Azərbaycan və Ermənistan arasında Vaşinqtonda razılaşma imzalanıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial anlaşma əldə olunub və Azərbaycan prezidenti bu barədə Pakistanla da məlumat mübadiləsi aparıb.
Pakistan bu prosesi Türkiyə kimi Azərbaycanla əlaqələndirir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra Pakistanın Ermənistanla normal münasibətlər qurması təbii qarşılanmalıdır. Eyni zamanda, Pakistan bu addımı Hindistanın Ermənistandan öz maraqları üçün istifadə etməsinin qarşısını almaq üçün atır.
Beləliklə, hazırkı mərhələdə Pakistan və Ermənistan arasında aparılan müzakirələr normal hesab olunmalıdır".
Xədicə Məhərrəmli