Parlamentlərarası dialoq iqtisadi nəticə verirmi?
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyata ən çox investisiya yatıran ölkədir.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, parlamentlərarası əməkdaşlıq deputatlararası siyasi dialoq xarakteri daşıyır:
“Xarici siyasəti müəyyən edən bizdə əsas hökumətdir. Parlament daha çox qanunvericiliyi təsdiq edir, nəinki yaradır. Parlamentlərarası əməkdaşlığın real müsbət rolu yoxdur. Parlament bəzi məsələlər - insan hüquqları, şəffaflıq kimi sahələrə belə müdaxilə edə bilmir, hətta bundan çəkinir. Əgər parlament səviyyəsində bu qərarlar verilə bilsəydi, təbii ki, bu, müəyyən mənada müstəqil iqtisadi əməkdaşlığa da töhfə verə bilər. Neft və qaz ehtiyatları, enerji layihələri həm hasilat, həm də daşınma Azərbaycanı Avropa üçün əhəmiyyətli edir. Coğrafi baxımdan da məsafə yaxındır. Azərbaycanın müəyyən strateji mövqeyi var ki, bu, Birləşmiş Krallığı maraqlandırır. Təəssüf ki, Birləşmiş Krallıq hələlik çox praqmatik yanaşır, əsasən də, enerji sahəsinə sərmayə yatırır və gəlir götürür. Son vaxtlar yaşıl enerji məsələləri də aktuallaşıb. Amma məsələn, Almaniya, Skandinaviya ölkələri, hətta Polşa bəzi inkişaf layihələrinə qrant və dəstək verir, kiçik və orta biznesin, vətəndaş cəmiyyətinin formalaşmasında iştirak edir. Parlamentlərarası əlaqələrin iqtisadi əməkdaşlığa təsiri daha güclü ola bilərdi. Xüsusilə Avropa İttifaqı ilə qanunvericiliyin harmonizasiyası prosesində. Böyük Britaniya ilə də Avropa İttifaqına zidd olmayan sahələrdə qanunvericilik təcrübəsinin uyğunlaşdırılması iqtisadi əlaqələri asanlaşdıra bilər. Ölkədə investor hüquqları və mülkiyyət hüquqları ilə bağlı ciddi problemlər mövcuddur. Çox nadir insan tapılar ki, bu sahədə problemlə rastlaşmasın. Bu, həm ədalətə ziddir, həm də iqtisadiyyatın formalaşmasına ciddi maneədir. Britaniyanın bu sahədə ciddi təcrübəsi var. Lakin bizim parlament bu təcrübəni əldə etmək imkanında deyil. Hazırkı şəraitdə parlamentlərarası münasibətlər iqtisadi əməkdaşlığın real hərəkətverici qüvvəsi deyil, daha çox formal xarakter daşıyır. Bu isə büdcəyə və vergi ödəyicisinə əlavə yükdür. Əsas qərarlar hökumətlər və böyük şirkətlər tərəfindən verilir. Parlamentlərarası diplomatik ritorikanın arxasında isə ciddi iqtisadi əlavə dəyər görünmür”.
Günel Əlili