00:00:00
Yazar
Zəhra Həsənova
26.11.2026 23:01 218 2 dəq oxuma
Siyasət

Paşinyanın Moskva səfəri: Ermənistan-Rusiya münasibətlərində yeni mərhələ?

Paşinyanın Moskva səfəri: Ermənistan-Rusiya münasibətlərində yeni mərhələ?

Kremlin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıq gördüyünü açıqlaması iki ölkə arasında münasibətlərin gələcək perspektivlərini yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı deputat Zahid Oruc “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan-Rusiya münasibətləri xüsusilə 44 günlük Vətən müharibəsindən sonra ciddi şəkildə pisləşib. Onun sözlərinə görə, müharibədən sonra Ermənistan ənənəvi təhlükəsizlik və xarici siyasət yanaşmalarına yenidən baxmağa başlayıb və Moskvanın təhlükəsizlik təminatçısı roluna əvvəlki kimi yanaşmır.

 

Müsahib qeyd edib ki, hazırda İrəvan Azərbaycanla münasibətləri birbaşa, vasitəçilərsiz qurmağa çalışır. Bu yanaşma isə regionda ənənəvi təsir mexanizmlərini qorumağa çalışan qüvvələrin maraqlarına uyğun deyil.

 

Onun fikrincə, Ermənistanın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanla sülh müqaviləsinin imzalanması, regional kommunikasiyaların açılması, eləcə də diplomatik, siyasi və iqtisadi əlaqələrin bərpasıdır. Bununla yanaşı, Paşinyan hökuməti ölkə daxilində müxtəlif siyasi qüvvələrin təzyiqi ilə də üzləşir.

 

O vurğulayıb ki, Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından uzaqlaşmasının qarşısını almağa çalışır. Çünki Moskva üçün Ermənistanın da öz təsir dairəsindən çıxması Cənubi Qafqazdakı mövqelərinin daha da zəifləməsi deməkdir.

 

Zahid Oruc bildirib ki, Paşinyanın qarşıdakı Moskva səfəri iki ölkə arasında münasibətlərin hansı prinsiplər əsasında davam etdiriləcəyini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Ekspertin qənaətinə görə, Moskva səfər zamanı İrəvana müəyyən şərtlər irəli sürə və bununla Ermənistanı öz siyasi orbitində saxlamağa çalışa bilər. Lakin iqtisadi və siyasi təzyiq mexanizmlərinin genişləndirilməsi gözlənilən nəticəni verməyə bilər.

 

O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətlərində yaranmış gərginliyə baxmayaraq, tərəflər arasında iqtisadi və infrastruktur asılılığı hələ də qalmaqdadır. Xüsusilə dəmir yolları şəbəkəsinin Rusiyanın idarəçiliyində olması bu asılılığın mühüm göstəricilərindən biridir.

 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının regional sülh və təhlükəsizlik baxımından əhəmiyyətini yaxşı anlayır. Bu baxımdan, Moskva ilə İrəvan arasında keçiriləcək görüşlərin regiondakı proseslərə təsiri də diqqət mərkəzində olacaq.

 

Müsahib hesab edir ki, Vətən müharibəsindən sonra Azərbaycanın regionda qazandığı yeni geosiyasi mövqe Cənubi Qafqazda qüvvələr nisbətini dəyişib. Regional kommunikasiyaların açılması ilə bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyacağını bildirən deputat vurğulayıb ki, Ermənistan-Rusiya münasibətlərinin gələcək istiqaməti müəyyənləşdirilərkən Azərbaycanın regional maraqlarını nəzərə almadan hər hansı planın reallaşdırılması real görünmür.

Ada Hacızadə

#gündəm #paşinyanın #xəbər #münasibətlərində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər