Pedaqoji Universitet Bakıdan köçürülür
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə prezidentinin tapşırığına əsasən artıq Xocasən qəsəbəsi ərazisində müasir kampus tipli Pedaqoji Universitetin tikilməsi üçün Təhsil Nazirliyi tərəfindən hazırlıq işləri aparılıb: “Artıq ərazinin master planı hazırdır. Bu plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də bu universitetdə gələcəyin müəllimləri yetişir. Ona görə məhz bu universitetdən başladıq”.
Mikayıl Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakıdakı 20 saylı məktəbin ərazisində park salınması ilə bağlı təklif verməsi haqda məlumatlara da münasibət bildirib. Nazir deyib ki, 20 saylı məktəbin eskizi Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq təsdiqlənib. İşlər qrafikə uyğun aparılsa, məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır: “Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. Məktəbin tikintisinin 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”.
