Plastik tapıntılar: təbiətin səssiz düşməni
Plastik tullantılar müasir dünyanın ən ciddi ekoloji problemlərindən biridir. Onlar torpağa, suya və atmosferə yayıldıqca ətraf mühit üçün böyük təhlükə yaradır. Plastik materiallar təbiətdə yüz illərlə parçalanmadan qala bilir və bu müddət ərzində canlı aləmə zərər verir.
Mövzu ilə bağlı “İnformator.az” ekoloq Qorxmaz İbrahimli bildirib ki, plastikin kəşfi, texnologiyanın tətbiqi və sənayedə istifadəsi bir çox irəliləyişlərə səbəb olub:
"Burada söhbət yalnız plastik torbalardan və ya qablaşdırmadan getmir. Bir çox sahədə neylon və plastik materialların yaradılmasının böyük təsiri olub. Hətta xatırlayıram ki, əvvəllər plastik torbalar Azərbaycanda çox baha satılıb. Xaricdən Azərbaycana oxumağa gələn tələbələr belə, ölkəyə qayıdarkən özləri ilə plastik torbalar gətirirdilər və onlardan istifadə ediblər. Lakin zaman keçdikcə plastik ucuzlaşdı və ucuzlaşdıqca da geniş yayılıb. Yayılması isə həyatımız üçün ciddi problemə çevrilib. Plastiklərin bəzi növləri onillərlə çürümür. Çürümədiyi üçün torpağa zərər verir, kimyəvi tərkibinə görə kanserogen və sağlamlıq üçün təhlükəli təsirlər yaradır. Eyni zamanda plastik tullantılar torpağa, dənizə və çaylara atıldıqda həm ekosistemə, həm də oradakı canlılara və faunaya ciddi təsir edir. Bu tullantılar toplandıqca böyük bir maneəyə və ekoloji təhlükəyə çevrilir. Bəzi canlılar plastiklə qidalandığı üçün bu onların ölümünə səbəb olur.
Bəs plastiksiz yaşamaq mümkündürmü? Bəlkə də mümkündür, amma artıq çox gecdir. Plastik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hər hansı bir şəkildə ondan istifadə etmək zərurəti yaranır. Amma burada əsas məsələ odur ki, insanlar plastiki küçəyə və ya təbiətə atmamağın vacibliyini anlamalıdırlar. Plastik tullantılar təkrar emala göndərilməlidir, təbiətə buraxılmamalıdır. Təəssüf ki, könüllülük fəaliyyəti və ətraf mühitin təmizlənməsi istiqamətində kifayət qədər təşəbbüs yoxdur. Könüllü ekoloqlarımız demək olar ki, çox azdır. Bu problem təkcə bizdə deyil, dünyanın bir çox ölkəsində mövcuddur. Bu baxımdan ilk növbədə maarifləndirmə məsələsi həll edilməlidir. Plastik tullantıların təkrar emalı mümkündür və iqtisadi baxımdan daha sərfəli olduğu üçün sənayedə də geniş istifadə olunur. Azərbaycanda, xüsusilə, Bakıda tullantıların emalı üçün fabriklər tikilib. Orada tullantılar çeşidlənir, təkrar emal edilir və plastikdən müxtəlif məhsullar hazırlanır. Yenə də plastikin torpağa atılıb illərlə qalmasındansa, sənaye üsulu ilə başqa sahələrdə istifadə olunması daha faydalıdır.
Bu problemin əsas həlli mədəniyyət və təhsil məsələsidir. Biz ətraf mühiti çirkləndirməməliyik. Hər hansı bir tullantı atırıqsa, onu götürüb lazımi yerə atmağı bacarmalıyıq. Avropada artıq parça torbalardan geniş istifadə olunur. Azərbaycanda da bu istiqamətdə keçid başlayıb. Amma yalnız plastik torbaları qadağan etməklə problem həll olunmur. Plastik torbaları parça və kağız torbalarla əvəz etmək mümkündür, lakin əsas məsələ insanların ekoloji məsuliyyət hissinin formalaşdırılmasıdır".
Səadət Əlizadə