00:00:00
Yazar
Admin User
10.12.2025 10:44 118 2 dəq oxuma
Sosial

Plastik tullantılar böhranı: "Təbiət nə qədər daha dözə bilər?"

Plastik tullantılar böhranı: "Təbiət nə qədər daha dözə bilər?"

Plastik tullantılar bu gün dünyanın ən ciddi ekoloji problemlərindən birinə çevrilib. Artıq təkcə şəhərlərdə deyil, dənizlərdə, çaylarda və torpaqda da plastik yığıntılar sürətlə artır. Bir dəfə istifadə olunan qablar, butulkalar, paketlər və digər plastik məmulatlar yüz illərlə parçalanmadığı üçün həm heyvanlara, həm də insan sağlamlığına ciddi zərər vurur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, plastik tullantılar bəşəriyyətin ən təhlükəli ekoloji problemlərindən biridir:

 

“Avropa ölkələrində plastik məmulatların əksərinin istifadəsinə qadağa qoyulub. Plastikin əsas tərkibi polimerlərdir. Polimerlərin özü toksik olmasa da, onların tətbiq sahəsinə uyğun olaraq əlavə olunan inqrediyentlər maddənin zərərlilik dərəcəsini artırır. Plastik torpaqda təxminən 400 ilə qədər qalır və bu müddətdə torpağın suyunu, kimyəvi balansını və canlılığı zəhərləyir. Dənizlərə atılan plastiklər də su hövzələrinin flora və faunasını məhv edir, canlıların yaşamasına mane olur. İnternetdə tez-tez rast gəldiyimiz, boğazına plastik və balıq torları dolaşmış balinaların görüntüləri bunun ən ağır nümunələridir. Təəssüf ki, bu problem Azərbaycanda daha kəskin hiss olunur”.

 

Ekoloqun sözlərinə görə, plastik tullantılar günəş şüalarının təsiri altında qaldıqda daha təhlükəli kimyəvi birləşmələrə çevrilir:

 

“Plastik günəş altında uzun müddət qaldıqda dioksin tipli xlorlu birləşmələr əmələ gətirir. İnsan bu məmulatlardan istifadə etdikdə və ya onların ətrafında nəfəs aldıqda həmin maddələr orqanizmə daxil olur. Bu da öz növbəsində xərçəng də daxil olmaqla bir çox ağır xəstəliklərə səbəb ola bilər. Ona görə də, birdəfəlik plastik qablar əvəzinə karton, kağız, şüşə və digər təbii mənşəli materiallardan istifadə edilməlidir”.

 

Rəhilə Əhmədova hesab edir ki, ekoloji məsuliyyətin artırılması üçün maarifləndirmə işləri ailədən başlamalıdır:

 

“Uşaqlarda ekoloji şüurun formalaşması üçün bağçalardan başlayaraq məktəb və universitetlərdə ayrıca fənn tədris olunmalıdır. Dərsliklərimizdə ekoloji maarifləndirməyə dair materiallar çox azdır. Bu sahədə ciddi boşluqlar mövcuddur”.

 

Ekoloq Avropa ölkələrində tullantıların çeşidlənməsinin ibtidai sinifdən öyrədildiyini də qeyd edib:

 

“Avropada birinci sinifdən şagirdlərə plastik, şüşə və digər tullantıların hansı konteynerə atılmalı olduğu öyrədilir və bu mövzular dərsliklərdə illüstrasiyalarla təqdim olunur. Təəssüf ki, bizim tədris materiallarında belə sistemli yanaşma yoxdur. Biz ekoloqlar çalışsaq da, daha geniş maarifləndirməyə ehtiyac var”,-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər