00:00:00
Yazar
Elmira Ağayeva
27.10.2026 22:49 50 5 dəq oxuma
Gündəm

“Prezidentin bəyanatı Azərbaycanın müstəqil siyasətinin göstəricisidir” - Zahid Oruc

“Prezidentin bəyanatı Azərbaycanın müstəqil siyasətinin göstəricisidir” - Zahid Oruc

 

Prezident İlham Əliyevin Azərbaycanın müstəqil siyasətinə müdaxilə cəhdlərinə qarşı qətiyyətli mövqeyi ölkənin beynəlxalq münasibətlər sistemindəki yeri, regional güc balansı və xarici təzyiqlər qarşısında tutduğu mövqe məsələlərini yenidən gündəmə gətirib. Azərbaycanın milli maraqlara əsaslanan siyasət yürütməsi, regional təhlükəsizlik arxitekturasının formalaşmasında iştirakı və xarici təsirlərdən qorunması baxımından dövlət başçısının bəyanatı xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın müstəqil dövlət olması, daxili və xarici siyasətinin kənar diktələrlə müəyyənləşdirilməməsi barədə mövqeyi xalqın iradəsinin və dövlət müstəqilliyinin ifadəsidir:

“Prezident İlham Əliyevin qətiyyətli bəyanatları, xüsusilə də Azərbaycanın müstəqil dövlət olması, daxili və xarici siyasətimizi diktələrlə deyil, öz milli maraqlarımıza uyğun qurmağımız barədə mövqeyi bizi qələbəyə gətirən milli iradənin ifadəsidir.

Düşünürəm ki, ilk növbədə, XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində baş verən inqilabi prosesləri bir daha xatırlamalıyıq. Həmin dövrdə Gürcüstandan Afrikanın müxtəlif ölkələrinə qədər bir sıra dövlətlərdə çevrilişlərin, toqquşmaların, bəzi hallarda isə silahlı və qanlı vətəndaş müharibələrinin şahidi olurduq. Ayrı-ayrı paytaxtlardan müxtəlif xalqlara hakimiyyətlərin necə müəyyənləşdirildiyini, konkret şəxslərin rəhbərliyə gətirildiyini görürdük. Bu cür hallar ötən əsrin 70–80-ci illəri üçün daha xarakterik idi.

Əfqanıstanda bir-birinə qarşı dayanan və toqquşan qüvvələri yaxşı xatırlayırıq. Onların bir qismi Sovet İttifaqının, digərləri isə Amerika Birləşmiş Ştatlarının nüfuz dairəsində olduğundan həmin torpaqlarda uzun illər ərzində əmin-amanlıq və sabitlik bərqərar olmadı. Lakin yeni dövrdə, yeni minillikdə qlobal toqquşmalar və münaqişələr azalmadı, əksinə, bəzi hallarda daha da artdı. Bu gün dünya müxtəlif regionlarda ciddi təhlükəsizlik böhranları ilə üz-üzədir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar və Qəzza ətrafında uzun müddətdir sürən münaqişə BMT və digər beynəlxalq qurumlar qarşısında ciddi çağırışlar yaradır. Qlobal təchizat dəhlizləri, dəniz və quru nəqliyyat yolları təhlükələrlə üzləşir. Eyni zamanda, genişmiqyaslı miqrasiya prosesləri baş verir və Avropa qitəsi də bu problemin təsirlərini ciddi şəkildə hiss edir.

Sadalanan məsələlər göstərir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı heç bir dövlətin forpostuna, satellitinə və ya uzantısına çevirmədən, kənar diktələrə tabe etmədən müstəqil siyasət hədəfləri müəyyənləşdirib. Atılan mühüm dövlət addımları ölkəmizi qələbəyə doğru aparıb.

Hesab edirik ki, 2020-ci ildə Ermənistanla baş verən müharibənin beynəlmiləl xarakter almamasının və daha çox dövlətin bu prosesə cəlb olunmamasının səbəblərindən biri də Azərbaycanın hərbi əməliyyatları öz qüvvələri hesabına aparması idi. Bizə siyasi və mənəvi dəstək göstərilsə də, silahlar satılsa da, səngərdə döyüşən bizim oğullarımız, ordumuz və silahlı qüvvələrimiz idi. Şəhidlərimiz də bizim qəhrəman övladlarımız idi.

Bu gün dövlətimizin siyasi quruluşuna, idarəçilik sisteminə və atdığı addımlara münasibətdə ayrı-ayrı paytaxtlardan ciddi, hökmverici yanaşmaların şahidi oluruq. Avropa Parlamenti və onun digər təsisatları davamlı olaraq ölkəmizin əleyhinə qətnamələr qəbul edirlər. Məqsəd Azərbaycanın xarici siyasətini məhdudlaşdırmaq, nəzarət altına almaq və öz iradələrini Bakıya qəbul etdirməkdir. Bu isə Qərb dairələrinin demokratiya və insan hüquqları məsələlərindən siyasi təsir vasitəsi kimi istifadə etməsi ilə bağlı suallar yaradır.

Rusiya da imperiya keçmişindən qaynaqlanan yanaşmalarla Azərbaycan üzərində diktə etməyə yönəlmiş siyasət yürütməyə çalışır. Eyni zamanda, İranla münasibətlərdə ortaq tarixi keçmişimizdən, din və dil yaxınlığımızdan təsir vasitəsi kimi istifadə etməyə yönələn yanaşmalar müşahidə olunur. Bütün bunlar göstərir ki, müxtəlif qüvvələr Azərbaycan üzərində təsir imkanlarını qorumağa və genişləndirməyə çalışırlar.

Təəssüf ki, Türkiyənin daxilində də bir sıra qüvvələr, o cümlədən xaricdən idarə olunan dairələr Azərbaycanla münasibətlərdə diktə üslubundan istifadə etməyə çalışırlar. Sanki imperiya dağılmayıb və həmin mərkəzdən bizə hələ də təlimatlar verilməlidir. Prezident bu cür davranışları Yeni Azərbaycan Partiyasının VIII qurultayında kəskin şəkildə pisləmişdi.

Heç kim bizə öz həyat tərzini diktə edə bilməz. Biz ideoloji məkanımızı təmizləməli və bu cür qüvvələrə qarşı qətiyyət nümayiş etdirməliyik. Qarabağ faciəsindən sonra xalqımızı birləşdirən yeni milli ideyanın formalaşdırılması və bu istiqamətdə konkret addımların atılması çox önəmlidir. Məqsəd odur ki, ayrı-ayrı qüvvələr keçmiş imperiya, dini kimlik və ya etnik mənsubiyyət üzərindən bizə yuxarıdan aşağı baxmasın, öz təsirlərini qəbul etdirməyə çalışmasınlar”.

Millət vəkili Azərbaycanın müstəqil siyasətinin xarici təzyiqlər qarşısında ölkənin regional mövqeyini gücləndirdiyini vurğulayıb:

“Əminəm ki, ölkə rəhbərinin yürütdüyü müstəqil siyasət xarici təzyiqlər qarşısında Azərbaycanı regional gücə çevirir və qələbədən sonra yeni arxitekturanın qurulmasına şərait yaradır. 1990-cı illərdə formalaşan sistem, yəni məğlubiyyət üzərində qurulan Minsk qrupu monopoliyası iflasa uğrayıb. İndi isə Azərbaycan lideri qalib dövlətin rəhbəri kimi ABŞ və Çinlə fəal əməkdaşlıq strategiyaları həyata keçirir.

Belə bir şəraitdə Ermənistan məsələsi artıq regionun hüdudlarından kənara çıxıb. Ermənistan Azərbaycanın dövlətçiliyini sarsıtmaq üçün xarici siyasətin alətinə çevrilə bilmir. Nikol Paşinyan da dəfələrlə Ermənistanın ayrı-ayrı paytaxtların maraqlarına xidmət etmək üçün yaradılmış dövlət kimi təqdim olunmasının yanlışlığına işarə edən mövqe sərgiləyib.

Hesab edirik ki, Bakı İrəvan üzərində güclü təsir imkanları əldə edib. Ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə idarə olunur və siyasi qərarlar Bakıda qəbul edilir. Müasir Ukraynanın vəziyyəti, bir zamanlar Gürcüstan üzərində aparılan eksperimentlər, eləcə də Yaxın Şərqdə ayrı-ayrı dövlətlərin güclü himayədarların təsiri altına düşməsi göstərir ki, həmin himayədarlar bir gün öz tərəfdaşlarını tərk edə bilərlər. Beynəlxalq münasibətlər sistemi belə bir mərhələyə gəlib çatıb.

Azərbaycanın qurmağa çalışdığı yeni arxitektura təhlükəsizlik sisteminə əsaslanır, Qafqazda sülhü hədəfləyir və bütün xalqların mənafelərinə cavab verir. Düşünürəm ki, Azərbaycanın yürütdüyü siyasətin çoxsaylı tərəfdarları var. Müttəfiqlərimizlə ikitərəfli və çoxtərəfli formatlarda imzaladığımız sazişlər və müqavilələr də bunu təsdiqləyir. Bununla yanaşı, qələbəmiz bir sıra dairələrdə narahatlıq yaradır. Ona görə də ölkəmizə qarşı hibrid müharibə səngimir, əksinə, bəzi hallarda daha da intensivləşir.

Qarabağ qələbəsindən sonra bu zəfəri yaşayan xalqın iradəsi sayəsində gələcəkdə daha da güclənəcəyik. Xarici təsirlər ölkəmizə qarşı istənilən nəticəni əldə edə bilməyəcək. Çünki artıq ərazilərimizin hərbi yolla işğalı qeyri-mümkün görünür. Bununla belə, informasiya, diplomatiya və siyasət müstəvilərində daim fəal olmalıyıq”.

Zahid Orucun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə etdiyi siyasi və hərbi üstünlükləri qorumaqla yanaşı, beynəlxalq münasibətlər sistemində fəal mövqeyini davam etdirməkdir. Xarici təzyiqlərə qarşı dayanıqlı siyasət yürütmək, milli maraqları qorumaq və diplomatik fəaliyyəti gücləndirmək ölkənin regional güc mərkəzi kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynaya bilər.

Gülnar Mustafayeva

#“prezidentin #oruc #bəyanatı #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər