00:00:00
Yazar
Admin User
31.01.2026 07:37 86 3 dəq oxuma
Sosial

"Pul var, amma yetmir"

"Pul var, amma yetmir"

Son illərdə əhalinin nominal gəlirlərində müəyyən artım olsa da, bu artım real rifaha çevrilmir. İnsanlar əvvəlkindən çox qazansalar belə, gündəlik ehtiyaclarını qarşılamaq getdikcə çətinləşir. “Pul var, amma yetmir” ifadəsi artıq təkcə sosial şikayət deyil, iqtisadi reallığın göstəricisinə çevrilib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlama verib. O bildirib ki, cəmiyyətin gəliri rəsmi inflyasiya rəqəmlərinə uyğun, hətta ondan yüksək templə artsa belə, real həyatda bu kifayət etmir:

 

"Pulun yetməməsinin əsas səbəblərindən biri inflyasiyanın real səviyyəsinin gizlədilməsi və ya düzgün təqdim olunmamasıdır. Bəzi hallarda hökumətlər inflyasiya göstəricilərini olduğundan aşağı göstərir və cəmiyyətə reallığı əks etdirməyən məlumatlar ötürür. Belə vəziyyətlərdə insanlar həyatlarında fərqli halla üzləşirlər. Gəlirləri rəsmi inflyasiya rəqəmlərinə uyğun, hətta ondan yüksək templə artsa belə, real həyatda bunun kifayət etmədiyini görürlər. İl-ildən hiss edirlər ki, yoxsullaşır, əvvəlki kimi xərclərini qarşılaya bilmirlər. Məhz bu hiss “pul var, amma yetmir” sindromunu yaradır. Əslində, nominal gəlirlərin artımı real inflyasiyanı kompensasiya etmir. Maaş və pensiyalarda artım olsa da, bu artım qiymət bahalaşmasının tempinə çatmır. Rəqəmlər guya gəlirlərin inflyasiyaya uyğun artırıldığını göstərir, amma bu, insanlarda yanlış bir rifah illüziyası yaradır. Saxta və ya natamam inflyasiya göstəriciləri bu illüziyanın əsas səbəbidir".

 

Müsahib inflyasiyadan kimlərin daha çox zərər gördüyünü də vurğulayıb:

 

"Azərbaycanda son illər inflyasiyaya ən çox məruz qalan mallar ərzaq məhsullarıdır. Ərzağın qiymət artımı isə yoxsul təbəqə üçün daha ağır nəticələr doğurur. Çünki ərzaq məhsulları yoxsulların istehlak səbətində böyük paya malikdir, varlıların istehlakında isə bu pay nisbətən azdır. Buna görə də inflyasiyanın real yükünü ən çox aşağı gəlirli təbəqə hiss edir. Mövcud iqtisadi siyasətə cavabdeh olan əsas qurumlar - İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bank, eləcə də sektoral nazirliklər, iqtisadi artımı təmin edəcək optimal siyasət yürütməlidirlər. Mövcud vəziyyətdən çıxış yolu sistemli islahatlardadır. İlk növbədə, inflyasiya göstəriciləri real bazar şərtlərini əks etdirməlidir. İnsanların gündəlik istehlak etdiyi məhsullar, xüsusilə ərzaq, kommunal xidmətlər və nəqliyyat inflyasiya hesablamalarında əsas göstərici kimi götürülməlidir. Əks halda, rəsmi rəqəmlərlə real həyat arasındakı uçurum daha da dərinləşəcək. Eyni zamanda, maaş və pensiya artımları nominal deyil, real gəlir artımı prinsipinə əsaslanmalıdır. Yəni gəlirlərin artımı inflyasiyanı yalnız “kağız üzərində” yox, real alıcılıq qabiliyyəti baxımından üstələməlidir. Əks halda, artım sadəcə statistika üçün olacaq, vətəndaşın rifahına isə təsir etməyəcək".

 

Eyni zamanda, iqtisadçı ekspert dövlət xərcləri və nəzarət problemi barədə məlumat verib:

 

"Digər vacib məsələ dövlət xərclərinin səmərəliliyidir. Dövlət investisiyaları iqtisadi artımın mühərriyi olmalıdır, lakin hazırkı vəziyyətdə bu vəsaitlər çox vaxt düzgün istiqamətlənmir. Layihələr seçilərkən iqtisadi fayda, sosial effekt və uzunmüddətli nəticələr əsas götürülmür. Nəticədə, büdcə vəsaitləri xərclənir, amma nə istehsal artır, nə də yeni dayanıqlı iş yerləri yaranır. Bu baxımdan, həm İqtisadiyyat, həm də Maliyyə Nazirliyi dövlət proqramlarının qiymətləndirilməsi üçün obyektiv metodologiyalar tətbiq etməlidir. Hər bir proqramın real nəticəsi ölçülməli, səmərəsiz layihələr isə vaxtında dayandırılmalıdır".

 

Müsahib qeyd edib ki, inflyasiyanın əsas yükünü daşıyan aşağı gəlirli təbəqə üçün hədəfli sosial mexanizmlər də gücləndirilməlidir. Əks halda, cəmiyyət daxilində sosial bərabərsizlik daha da artacaq:

 

 

"Ərzaq inflyasiyası fonunda ünvanlı sosial yardımlar, sosial paketlər və vergidə güzəştlər daha effektiv və məqsədyönlü şəkildə tətbiq olunmalıdır. Əgər bu addımlar atılmazsa, “pul var, amma yetmir” ifadəsi sadəcə bir şikayət yox, geniş kütlənin sosial-psixoloji vəziyyətini əks etdirən davamlı reallığa çevriləcək. Problem insanların daha az işləməsində və ya daha çox xərcləməsində deyil. Problem real inflyasiyanın gizlədilməsində, səmərəsiz iqtisadi idarəetmədə və islahatların gecikdirilməsindədir. Bu yanaşma dəyişmədiyi müddətdə rəqəmlər nə qədər “müsbət” görünsə də, vətəndaşın cibindəki pulun dəyəri artmayacaq. Pul var kimi görünəcək, amma yenə də yetməyəcək".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər