Putin oyun oynamağa davam edəcək
“Müharibə tezliklə bitməyəcək. Rusiya lideri Vladimir Putin öz oyununu oynamağa davam edəcək”,- Ali Radanın deputatı Roman Kostenko deyib.
"Hər şey mümkündür, amma hələ ki, yaxın gələcəkdə bunu görmürəm. Putin danışıqlarla oynayacaq",- deyə o qeyd edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, müharibənin davam edəcəyi gözlənilir:
“Hər şeydən öncə onu qəbul etməliyik ki, Rusiya və Ukrayna arasında müharibə vaxtsız başlayıb və bu, ikincinin bütün ehtimallara qarşı müttəfiqləri ilə hazırlıqsız olduğunu üzə çıxarıb. Rusiya ona görə danışıqlara, razılığa, atəşkəsə, sülhə o qədər də əhəmiyyət vermir ki, üstünlük ondadır. Müharibənin davamiyyəti Ukraynanın zərərinə, Rusiyanın isə strateji maraqlarına xidmət edir. Putinin oyun oynadığını ifadə edən Ukraynanın Ali Radasının deputatı, əslində, reallığı etiraf edib. Ukrayna elə durumdadır ki, Rusiya onunla oyun oynayır. Rusiya lideri müharibəni tezliklə bitirmək istəmir. Çünki mümkün qədər daha çox torpaq işğal etmək üçün münbit zəmin yaranıb. Çin, Hindistan, İran kimi müttəfiqlərinin dəstəyi Rusiyanın işğal strategiyasını daha da genişləndirməyə imkan yaradır. Odur ki, ABŞ Venesueladan sonra İrana üz tutmaqla Rusiyanın qol-budağını budayır. Donald Trampın da gözləntiləri var. Ancaq cəhdlərə baxmayaraq Moskva arzuedilən razılaşmalardan yayınmağa çalışır, oyun oynayır. Ələlxüsus da hazırda ABŞ-nin İrana müdaxiləsi gözlənilir. Rusiya bu proseslərin gedişindən yararlanmaq və vaxt qazanmağı umur. Ümumiyyətlə, Ukrayna müharibəsində Avropanın rolu və lazımi dəstəyi problemin həll edilməsi üçün qənaətbəxş olmayıb. ABŞ-nin Avropa ilə gərgin münasibətlərinin çoxsaylı səbəblərindən biri də məhz budur. Odur ki, müharibə hələ davam edəcək. Hələ ki, Qərb Putinin sülhə məcbur edilməsinə nail ola bilmir. İran rejimini çökürtmək mümkün olsa, bu həm də Rusiyaya ciddi mesaj və təsir vasitəsidir. Müttəfiqlərinin bir-bir sıradan çıxması Rusiyanın sülhə gəlməsinə vəsilə ola bilər. Nə vaxt Putin real təhlükə hiss etsə, o zaman sülhə və danışığa gedə bilər”.
Lalə Qurbanlı
