Qara dəniz region ölkələri üçün hansı imkanlar yaradır?
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Cənubi Qafqazda sülhün təmin olunmasının Qara dəniz regionunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, regionda sabitlik iqtisadi əməkdaşlığın və nəqliyyat əlaqələrinin genişlənməsi üçün əsas şərtlərdən biridir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Qara dənizin imkanlarından səmərəli istifadə region ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən və birgə iqtisadi fəaliyyətin genişləndirilməsindən asılıdır:
"Qara dəniz təkbaşına böyük inkişaf mənbəyi deyil. Onun su ehtiyatlarından, flora və faunasından əsasən sahilyanı ölkələr faydalana bilər. Lakin Qara dənizin imkanlarını ətraf ölkələrin potensialı və əməkdaşlığı ilə birləşdirsək, böyük inkişaf imkanları yaranar.
Məlumdur ki, Qara dənizin ətrafında Türkiyə, Gürcüstan və Rusiya yerləşir. Bu ölkələrlə yanaşı, yaxın bölgədə yerləşən Azərbaycanı və Mərkəzi Asiya dövlətlərini də nəzərə alsaq, böyük iqtisadi potensiala malik bir region ortaya çıxır. Gürcüstanın imkanları təkbaşına böyük inkişaf üçün kifayət etməyə bilər. Lakin Gürcüstanın yaxın bölgədəki ölkələr üçün Avropa və dünya bazarlarına çıxış məntəqəsi olduğunu nəzərə alsaq, Azərbaycanın tranzit, enerji və logistika imkanları ilə birlikdə daha geniş perspektivlər yaranır. Azərbaycan və Mərkəzi Asiya ölkələri Orta Dəhliz üzərində yerləşən mühüm bölgələrdir. Bu ölkələrin imkanlarının Qara dənizin potensialı ilə birləşdirilməsi böyük iqtisadi nəticələr verə bilər. Hazırda Azərbaycan, Mərkəzi Asiya dövlətləri və Gürcüstan arasında əməkdaşlıq Qara dənizin imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Qara dəniz böyük dəniz nəqliyyatı, ticarət və logistika imkanlarına malikdir. Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq Qara dənizin imkanlarından səmərəli istifadə üçün vacibdir".
Ayan Məmmədzadə