Qılman İlkin-Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, pedaqoq və redaktor Qılman İlkinin anım günüdür. Onun yaradıcılığı və ziyalı mövqeyi milli mədəniyyət tarixində dərin iz buraxıb.
Qılman İsabala oğlu Musayev 28 aprel 1914-cü ildə Bakının Mərdəkan kəndində dünyaya göz açıb. Elmə, maarifə və ədəbiyyata bağlılığı onu Azərbaycan Pedaqoji İnstitutuna gətirib. 1936-cı ildə buranı bitirərək müəllimlik, sonralar isə yazıçılıq yolu ilə fəaliyyətini genişləndirib.
Qılman İlkin 1926-1929-cu illərdə Bakı şəhərindəki 18 nömrəli pedaqoji texnikumda tahsil alıb. Xaçmazın Əhmədoba kəndində müəllim kimi fəaliyyət göstərib.
1931-ci ildə doğma kəndindən Bakıya dönən gənc Qılman Musayev ilk addımlarını mətbuat mühitində atıb. O, “Gənc işçi” qəzetində ədəbi əməkdaş kimi fəaliyyətə başlayaraq gələcək yazıçı kimliyinin bünövrəsini qoyub. Ardınca gənc istedad özünü elmə həsr edib və Nəsimi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1936-cı ildə dil və ədəbiyyat fakültəsini bitirərək pedaqoji-maarifçilik missiyasına qədəm qoyub.
Müharibəyə qədərki illər Qılman İlkin üçün gərgin yaradıcılıq və təşkilatçılıq dövrü olub. O, Uşaqgəncnəşr sistemində məsləhətçi, baş redaktor və hətta müvəqqəti direktor kimi geniş səlahiyyətli və məsuliyyətli vəzifələrdə çalışıb. Müharibə başlayanda isə Qılman İlkinin yolu İran cəbhəsindən keçib. Hərbi müxbir kimi fəaliyyət göstərən Qılman İlkin Təbrizdə çıxan “Vətən yolunda” qəzetinə materiallar hazırlayıb.
1953-1963-cü illər yazıçı üçün yeni mərhələ idi. Bu müddətdə o, Nizami Gəncəvi yubiley komitəsinin elmi katibi olub, Bakı Dövlət Universitetində tələbələrə dərs deyib, Azərnəşrdə isə baş redaktor kimi milli nəşriyyat işinin inkişafına töhfə verib. Sonrakı illərdə “Azərbaycan” jurnalına rəhbərlik etməsi və yenidən Azərnəşrə direktor təyin olunması onun fikir insanı kimi nüfuzunu daha da möhkəmləndirib.
Qılman İlkin ədəbiyyata “Yaralı şahin” hekayəsi ilə daxil olub. 1947-ci ildə çap olunan ilk kitabı “Həyat yollarında” onun yaradıcılığının başlanğıc nöqtəsi idi. Bu əsərdə o, böyük dramaturq Nəcəf bəy Vəzirovun uşaqlıq illərindən bəhs edərək tarixi şəxsiyyətlərin formalaşma yolunu incə illüstrasiyalarla təqdim edib. Ardınca bir-birindən maraqlı kitablar oxuculara təqdim olunub: “Üçtape uşaqları”, “Sahil küçəsində”, “Yazılı daş”, “Qalada üsyan”. “Qalada üsyan” əsəri isə təkcə ədəbiyyat yox, kino üçün də dəyər qazandırıb və sonradan məşhur “Yenilməz batalyon” filmi bu motivlər əsasında yaradılıb.
"Şah və qarışqa”, “Şimal küləyi”, “Tapşırıq”, “Sərvinazım mənim”, “Ömrün oğlan çağları”, “Dağlı məhəlləsi”, “Tayqa nağılı”, “Dəniz qapısı” və digər əsərləri onun çoxşaxəli yaradıcılıq dünyasının ifadəsidir. Qılman İlkin yalnız orijinal yaradıcılığı ilə deyil, həm də tərcümə sahəsindəki fəaliyyəti ilə ədəbiyyatımıza xidmət edib.
Qılman İlkinin yaradıcılığında gənclik mövzusu xüsusi yer tutur. “Üçtəpə uşaqları” və “Ömrün oğlan çağı” povestləri yazıçının bu sahədəki ən parlaq nümunələrindəndir. Bu əsərlərdə yeniyetmələrin böyümə prosesində keçdikləri mənəvi sınaqlar, arzuları, ilk düşüncə aydınlıqları və həyatın çətinlikləri ilə formalaşan iradələri böyük həssaslıqla təsvir olunur. Qılman İlkin gənclərin saf mənəviyyatını, həyat eşqini və mübariz ruhunu bədii sözün gücü ilə oxucuya ötürür, onların şəxsiyyət kimi yetişməsinə diqqət yönəldir.
Yazıçının hekayə janrında yaratdıqları xüsusi yer tutur. Bu əsərlərdə o, qəhrəmanlarının daxili dünyasını geniş roman dərinliyində təqdim etməyi bacarır. Bir neçə səhifəlik mətndə insanın taleyini, onun vicdan yükünü və mənəvi mübarizəsini açmaq Qılman İlkin qələminin gücünü göstərir.
Dramaturgiya sahəsində də o, öz sözünü demişdir. “Cərrahlar”, “Tayqa nağılı”, “Əsgər müharibədən qayıdırdı”, “Geriyə yol yoxdur”, “Baba və nəvə” kimi televiziya pyesləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, “Təzə şagird” pyesi və “Kölgələr sürünür” filminin ssenarisi də müəllifin dramaturgiyada uğurlu axtarışlarının bəhrəsidir.
Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunub.
Gövhər Mehyəddinova
