00:00:00
Yazar
Admin User
27.01.2026 16:28 69 3 dəq oxuma
Siyasət

Qlobal idarəetmədə yeni mexanizm

Qlobal idarəetmədə yeni mexanizm

Beynəlxalq sistemdə güc balanslarının dəyişməsi və artan geosiyasi gərginlik fonunda qlobal idarəetmədə yeni təşəbbüslər gündəmə gəlir. Bu kontekstdə Sülh Şurası ideyası beynəlxalq münasibətlərdə mümkün dəyişikliklərin istiqamətini müəyyən edə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Şura ABŞ-nin qlobal gücünü qorumaq məqsədi daşıyır, lakin effektivliyi hələ bəlli deyil:

 

“Şuranın yaradılması, bildiyiniz kimi, son zamanlarda baş verib və bu, Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürülən bir təşəbbüsdür. Trampın bir il əvvəl seçilməsindən sonrakı idarəetmə fonunda, belə desək, bu Şura yaradılıb. Halbuki bu gün də müharibələr davam edir. Trampın bir çox müharibələri dayandırdığına dair açıqlamalarına baxmayaraq, əsas münaqişələrdən biri olan Qəzza-İsrail müharibəsi, yəni Filistin münaqişəsi hələ də davam edir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi də geniş miqyasda davam edən əsas müharibələrdəndir.

 

Digər məsələlərə gəldikdə, Azərbaycan-Ermənistan münaqişəsi Trampın seçkiöncəsi dövründən də əvvəl, Bayden administrasiyası zamanı həll olunub. Burada əsas məsələ sülh müqaviləsinin imzalanması ilə bağlı idi ki, bu da Azərbaycanla Ermənistan arasında münasibətlərin irəliləməsinə səbəb olub. Avqust ayında imzalanan sənəd, əslində, prezidentlərin vasitəçiliyi ilə və Trampın təşəbbüsləri fonunda formalaşan bir layihə idi. Bu, sülh müqaviləsinin paraflanması mərhələsində həyata keçirilən bir proses idi.

 

Ümumilikdə götürdükdə, bu gün Trampın gördüyü işlərin böyük bir hissəsini sülh siyasəti kimi qiymətləndirmək çətindir. Əksinə, hazırda onun müharibələr yaratmaq və güc nümayiş etdirmək xətti üstünlük təşkil edir. Görürük ki, müəyyən ərazilərin işğalı ilə bağlı siyasət aparılır. Bu da onu göstərir ki, Tramp ABŞ-ni həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan üstün mövqedə saxlamağa çalışır və digər ölkələr üzərində güc balansını qorumaq niyyətindədir.

 

Bu vəziyyət Avropa Birliyi ilə münasibətlərdə də özünü göstərir. Avropa Birliyinin hüquqi mexanizmləri və ali qanunları hazırkı mərhələdə effektiv şəkildə işləmir. Bunu artıq dəfələrlə müşahidə etdik. Beynəlxalq təhlükəsizlik və beynəlxalq qərarlar uzun müddətdir ki, real təsir gücünə malik deyil. Tramp Avropanı zəifləyən hesab edir və İkinci Dünya müharibəsindən sonra yaradılmış bir çox beynəlxalq qurumu ABŞ üçün əhəmiyyətsiz və funksiyasını itirən strukturlar kimi dəyərləndirir. Bu səbəbdən də Amerika bir sıra qurumlardan çıxıb, maliyyə dəstəyini azaldıb və bəzi hallarda tamamilə dayandırıb. Məhz bu fonda BMT-nin yanında yeni bir Şuranın yaradılması qərarı verilib. ABŞ bu Şuraya Rusiya və Çini dəvət etməklə onları müəyyən mənada nəzarət altında saxlamaq niyyətindədir. Lakin bu qurumun BMT qədər effektiv olub-olmayacağı və uzunmüddətli fəaliyyət göstərəcəyi hələ ki, bəlli deyil. Bu sahədə fəaliyyət mexanizmləri mövcud olsa da, onların real təsirini yalnız zaman göstərəcək. Son 30 ilə nəzər salsaq, xüsusilə Azərbaycanla bağlı ciddi və effektiv beynəlxalq mexanizmlərin formalaşmadığını görərik. Buna görə də Sülh Şurasının nə dərəcədə uğurlu olacağını yalnız Trampın gələcək addımlarına, qəbul ediləcək qərarlara və keçiriləcək toplantıların nəticələrinə əsasən qiymətləndirmək mümkün olacaq”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər