Qohum evliliyi və onun fəsadları
Qohum evliliyi əsrlər boyu cəmiyyətimizin müəyyən bölgələrində adi və qəbul olunan bir adət kimi yaşayıb. Lakin müasir dövrdə tibbi araşdırmalar, genetik risklər və sosial nəticələr bu mövzunu yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında uşaq və qadın haqlarının qorunması sədri Mehriban Zeynalova bildirib ki, qohum evliliyi təkcə tibbi fəsadlarla məhdudlaşmır, cəmiyyət daxilində uzunmüddətli sosial problemlərin də formalaşmasına səbəb olur:
“Belə evliliklər qapalı ailə strukturlarını gücləndirdiyi üçün sosial dairənin daralmasına, fərdlərin yeni sosial mühitlə tanış ola bilməməsinə, nəticədə isə sosial mobilliyin aşağı düşməsinə gətirir. Ailə daxilində özümüzünkülük prinsipinin həddindən artıq möhkəmlənməsi zamanla başqa ailə və icmalarla məsafə yaratmağa, qapalı düşüncə tərzinin güclənməsinə yol açır. Digər mühim tərəf, riskli münasibətlərin nəsildən nəslə ötürülməsidir. Qohum evliliyində ailədaxili nüfuz, güc balansı və ənənəvi rollar daha sərt qorunur. Bu isə məişət zorakılığı, gender stereotipləri və dominant münasibətlərin legitimləşməsi üçün münbit şərait yaradır. Belə ailələrdə “adət belədir” kimi arqumentlər daha güclü olduğuna görə zorakılığın qarşısını almaq çətinləşir. Digər tərəfdən, qohum evliliyi uşaqlarda yaranan tibbi və inkişaf problemlərinə görə dövlətin sosial xidmətlərinə düşən yükü artırır. Daha çox tibbi dəstək, xüsusi təhsil ehtiyacı, uzunmüddətli reabilitasiya, bütün bunlar sosial sistemin üzərinə əlavə məsuliyyət qoyur və uzun müddətdə dövlət üçün həm maliyyə, həm də insan resursu baxımından çətinlik yaradır. Bu evliliklər eyni zamanda sosial-mədəni müxtəlifliyi azaldır. Qapalı evlilik modeli fərqli mədəniyyət, düşüncə və təcrübələrlə təmas imkanını minimallaşdırdığı üçün cəmiyyətin modernləşmə impulsunu zəiflədir, yeniliklərin mənimsənilməsini ləngidir. Daha geniş sosial şəbəkələrin qurulmaması həm də iqtisadi imkanların azalmasına gətirib çıxarır”.
Həmçinin müsahibimiz bildirib ki, maarifləndirmə insanların davranışını dəyişdirən ən güclü sosial alətlərdən biridir. İnsanlar riskləri bildikcə, bu evlilik forması barədə qərarları daha şüurlu verir:
“Amma bunun təsirli olması üçün maarifləndirmə bir neçə strateji xətt üzrə aparılmalıdır. Birincisi, məlumat tibbi risklərlə məhdudlaşmamalıdır. İnsanlar yalnız xəstəlik ehtimalını eşidəndə bəzən bunu bizdə heç nə olmayıb kimi inkarla qarşılayır. Halbuki sosial fəsadlar, qapalı düşüncə, zorakılıq riski, nəsillərarası problemlər, iqtisadi yük-real yaşayış təcrübəsinə daha çox toxunur və insanlara daha inandırıcı gəlir. İkincisi, maarifləndirmə dini və mədəni stereotiplərlə toqquşmadan, onları hörmətsizləşdirmədən aparılmalıdır. Kənd və yarı-qapalı icmalarda ənənələr adətən böyüyün sözü səviyyəsində möhkəmlənir. Ona görə məlumat doğru dildə, yumşaq və nümunələrlə çatdırılanda, insanlar müdafiə mövqeyinə keçmir və daha asan qəbul edirlər. Üçüncüsü, alternativ sosial modellərin təbliği çox effektlidir. İnsanlara geniş sosial çevrənin faydaları, müxtəlif ailələr arasında qurulan münasibətlərin uşaqların təhsilinə, xarakterinə, gələcək imkanlarına necə təsir etdiyini göstərmək qərar davranışını dəyişir. İnsan öz ailəsinin gələcəyi üçün daha geniş perspektiv görmək istəyir. Dördüncüsü, dövlət qurumları, səhiyyə, QHT-lər və media bu mövzuda eyni xətt üzrə danışanda, insanlar bunu fərdi fikir deyil, ictimai məsuliyyət kimi qəbul edirlər. Cəmiyyətin norması dəyişəndə ənənə də avtomatik şəkildə zəifləyir. Bu aspektdə mədniyyətin rolu da danılmazdır. Cəmiyyətdə qohum evliliyi ilə bağlı ən yayılmış yanlış anlaşılma bizim nəslimizdə heç nə olmayıb, deməli problem yoxdur düşüncəsidir. Bu inam həm tibbi, həm sosial, həm də psixoloji riskləri inkar edən ən geniş yayılmış stereotipdir”.
“İnformator.az”a qohum evliliyi ilə ailə quran Cəmilə Əhmədova danışıb:
"Qohum evliliyi ilə bağlı son qəbul olunan qanundan illər əvvəl ailə həyatı qurmuşam. Məcburi şəkildə baş tutan bir proses deyildi. Yaxınlarımız bu halın dünyaya gələcək uşağa təsir edəcəyini bildirmişdi. Yaxşı ki, bu baş vermədi”.
Banuçiçək Məmmədova
