Qumar asılılığı: Əyləncədən ciddi psixoloji problemə
Qumar asılılığı son illərdə cəmiyyətdə ciddi narahatlıq doğuran problemlərdən birinə çevrilib. Xüsusilə, onlayn mərc və qumar platformalarının əlçatan olması bu asılılığın yayılmasını asanlaşdırır.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, ilk olaraq, qumar asılılığının əsas əlaməti insanın bu davranış üzərində öz nəzarətini itirməsidir. Yəni insanın vaxtilə əyləncə kimi istifadə etdiyi, müxtəlif çeşid və növləri olan oyunlar artıq əyləncə deyil, qarşısıalınmaz bir ehtiyac kimi yaşanmağa başlanılır:
“Əgər insan qumar haqqında tez-tez düşünürsə, növbəti oyunu və mərcini planlaşdırırsa, əvvəlkindən daha çox pul qoyaraq eyni həyəcanı yaşamağa çalışırsa, əvvəlki həyəcanı yenidən hiss etmək üçün mübarizə aparırsa, qumar oynamağı azaltmaq və ya dayandırmaq istəsə də, buna nail olmaqda çətinlik çəkirsə, itirdiyi pulu geri qaytarmaq üçün yenidən oynamağa çalışırsa, bu, itkilərin arxasınca getmək adlanır. Yəni insan oyun oynayır, çünki itirdiyi pulları geri qaytarmağa çalışır. Ətrafındakı insanlardan bunu gizlətməyə çalışmaq, ailəsindən və yaxınlarından oynadığı məbləği, itkiləri gizlətmək və yalan danışmaq da bu əlamətlərə daxildir. Borc almaq, kredit götürmək və ailənin gündəlik ehtiyacları üçün ayrılmış pulu qumara sərf etmək, işə, təhsilə, ailə münasibətlərinə və sosial həyata marağın, diqqətin azalması, bütün diqqətin yalnız qumara yönəlməsi də əsas göstəricilərdir. Burada bir məqama diqqət etməliyik ki, insanın qumarda pul itirməsi təkbaşına asılılıq demək deyil. Əsas göstərici davranışın təkrarlanması, nəzarətin itirilməsi və mənfi nəticələrə baxmayaraq davam etməsidir. Çünki bəzən insan özünə “Mən istəsəm, istənilən vaxt dayana bilərəm” deyir. Lakin dəfələrlə dayandırmağa cəhd etsə də, bunu bacarmadığının fərqinə varır”.
Psixoloqun sözləribə görə, qumar asılılığı klinik baxımdan da ciddi psixoloji problem hesab olunur:
“Dünya Səhiyyə Təşkilatında da qumar pozuntusu asılılıq davranışı ilə əlaqəli pozuntu kimi tanınır. Bəzən insanlar düşünürlər ki, qumar asılılığı narkotik və alkoqol asılılığı qədər təhlükəli deyil. Çünki insan hər hansı bir maddə qəbul etmir və həmin maddə orqanizmə daxil olmur. Ancaq asılılığın ciddiliyi təkcə orqanizmə daxil olan maddə ilə deyil, insan həyatına vurduğu zərərlərlə də qiymətləndirilir. Qumar asılılığı insanın maddi vəziyyətini, ailə münasibətlərini, psixoloji sağlamlığını və sosial həyatını ciddi şəkildə poza bilər. İnsan borclar içində qala, ailəsini itirmək təhlükəsi ilə üzləşə, depressiya və güclü narahatlıq yaşaya bilər. Ağır hallarda özünə zərər vermə və intihar riski də yüksələ bilər. Psixoloji baxımdan qumarın təhlükəli tərəflərindən biri də insana yanlış ümidlər verməsidir. İnsan hər oynadıqca itirdiyi pulları geri qaytaracağı düşüncəsinə qapılır. Halbuki bu düşüncə onu daha böyük maliyyə və emosional problemlərə sürükləyə bilər.Müalicə və dəstək mümkündür. Psixoterapiya, xüsusilə, koqnitiv-davranışçı terapiya vasitəsilə asılılıqla əlaqəli düşüncə və davranışların dəyişdirilməsi faydalı ola bilər. Zərurət olduqda psixiatrik qiymətləndirmə də aparılır və əlavə dəstək nəzərdən keçirilir. Sonda qumar asılılığı insanın xarakter zəifliyi və sadəcə iradəsizliyi kimi qiymətləndirilməməlidir. Bu, peşəkar dəstək tələb edən ciddi problemdir. İnsan itirdiyi pulu geri qaytarmağa çalışmaqdan əvvəl öz həyatını, sağlamlığını və münasibətlərini qorumağı öyrənməli və bunun vacibliyini anlamalıdır”.
Mələk Hüseynova