Rənglərin ruhla dialoqu – Emin Qəhrəmanovun “Color at Anima” sərgisi
Aprelin 1-də Bakının məşhur sənət ocaqlarından biri olan "Q Qalereya"da tanınmış rəssam Emin Qəhrəmanovun "Color at Anima" (Rəng və Ruh) adlı fərdi sərgisi öz qapılarını sənətsevərlərin üzünə açdı. Sərgi milli naxışlarımızın müasir "Mix Media" üslubu ilə sintezindən yaranan bənzərsiz əsərləri ilə diqqət mərkəzindədir.
"İnformator.az"a özəl müsahibə verən rəssam Emin Qəhrəmanov yaradıcılığının gizli qatları, xalça naxışlarının genetik kodu və rənglərin insan ruhuna təsiri barədə səmimi fikirlərini bölüşüb.
Bu sərginin əsas ideyası nədir və niyə məhz "Color at Anima" (Rəng və Ruh) adını seçdiniz?
Bilirsiniz, hər bir rəssam işə başlayanda bir təməl ideya olur ki, hər şey onun ətrafında fırlanır. Mən bu dəfə Azərbaycanın ən böyük milli sərvətlərindən birinə - xalçalarımıza üz tutdum. Ana tərəfim Şuşadan olduğu üçün Qarabağ xalçalarını, onların yanar qırmızı rənglərini və naxışlarını şüuraltı olaraq çox yaxşı tanıyıram.
Ad seçiminə gəldikdə isə latın dilindən istifadə edərək "Color at Anima" qoyduq. "Anima" ruh deməkdir. Mənim üçün hər bir rəng sanki bir insandır, bir canlı aləmdir. Rəngləri qəbul edərkən onları sadəcə boya kimi görmürəm, hər rəngin öz aurası var. Danışarkən belə insanların ətrafında bəzən qızılı, bəzən göy, bəzən isə boz auralar hiss edirəm. Bu sərgi ilə rənglərin o gizli ruhunu naxışlarla sintez edib tamaşaçıya ötürmək istədim. İnsanlar boz rəngdən, o cansıxıcı ruh halından çıxıb rənglərin gücü ilə yenilənməlidirlər".
Tablolardakı bu qədər çox rəng qatı və fərqli detalları necə izah edə bilərsiniz?
Burada mən Azərbaycan xalça naxışlarını bir “genetik kod” kimi təqdim etdim. Mən 76-cı ildənəm, uşaqlığım internetin olmadığı, divarlardan xalçaların asıldığı bir dövrə düşüb. Yatmazdan əvvəl o xalçalardakı naxışlara baxıb özüm üçün hekayələr qururdum: bir gün at qaçırdı, o biri gün hansısa ovçu peyda olurdu. O simvollar bizim beynimizə mesaj kimi həkk olunur. Simvollar sözlərdən daha dərindir; bir simvol bir kitab qədər məlumat daşıya bilər.
Mən bu sərgidə xalçanı sadəcə realistik şəkildə çəkmədim, çünki bu, heç kimi təəccübləndirməzdi. Mən "Mix Media" üslubundan istifadə etdim. Naxışları keyfiyyətli çap üsulu ilə kətan üzərinə köçürüb, sonra üzərində yağlı boya ilə işlədim. Bu yanaşma əsərlərə həm yüngüllük, həm də inanılmaz bir dərinlik verdi.
Yaradıcılıq prosesi isə bir portaldır. Molbertin önündə günlərlə işləyirsən, alınmır. Amma elə bir an gəlir ki, sanki yuxarıdan bir nur enir, bir portal açılır və cəmi 5-10 dəqiqənin içində o alınmayan iş möcüzəvi şəkildə tamamlanır. Hər əsər bir insan kimidir. Eləsi var onunla alınmır, eləsi var onunla dil tapmaq asandır, bəzisi isə səni yorur.
Sərgini ziyarət edənlərdən aldığınız ən maraqlı rəy hansı oldu və əsərlər insanlarda necə bir təəssürat yaradır?
Ziyarətçilərdən aldığım emosiyalar mənim üçün sözlərdən qat-qat vacibdir. Sərginin açılışında "Q Qalereya"nın rəhbəri Emin Məmmədovun reaksiyası məni çox sevindirdi. O, bu qədər fərqli və gözlənilməz bir yanaşma ilə qarşılaşdığına görə təəccübünü gizlətmədi. Azərbaycan Respublikasının xalq artisti, dirijor Yalçın Adıgözəlov da bildirdi ki, dünyanın çox muzeylərində olsa da, belə bir fərqli texnika görməyib.
Məni ən çox təsirləndirən isə gənclərin və tələbələrimin rəyi oldu. Çoxları deyirdi ki: "Emin bəy, biz baxdıq, amma sabah bir də gəlib baxmalıyıq". Bəzi insanlar bir əsərin qarşısında dəqiqələrlə dayanıb o rənglərlə "danışırdılar". Bu, o deməkdir ki, mən hədəfə çatmışam. Mən istəyirəm ki, bizim milli irsimizi gənclər məhz belə - müasir, dinamik və rəngarəng şəkildə sevsinlər.
Bu sərginin ərsəyə gəlməsində kuratorum Aksana Gül xanımın rolu böyükdür. Rəssamın daxili dünyası o qədər dolu olur ki, bəzən mövzudan yayına bilər. Aksana xanım mənə imkan vermədi ki, başqa seriyalara keçid edim, məni bu konseptdə saxladı. Bu, bir komanda işidir.
Qeyd edək ki, sərgi 8 aprelə qədər davam edəcək.

Lalə Əhməd