Ərdoğan İsrail hökümətinin "erməni soyqırımı"nı tanımaq qərarını şərh edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin "erməni soyqırımı"nı tanımaq qərarını ilk dəfə şərh edib.
“İnformator.az” xəbər verir ki, Ərdoğan bildirib ki, Ankaranın Qəzzada minlərlə insanın qanına batanların Türkiyə barədə səsləndirdiyi ittihamlara əhəmiyyət vermək niyyəti yoxdur.
"Əllərində əksəriyyəti qadın və uşaq olmaqla 73 min günahsız Qəzzə sakininin qanı olan cinayətkar şəbəkənin ölkəmizlə bağlı iftiralarını zərrə qədər ciddiyə almırıq. Bizim tariximizdə nə soyqırımı, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik var. Minillik tariximizdə yalnız ədalət və mərhəmət var", – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə tarix boyu dini, etnik mənsubiyyəti və kimliyindən asılı olmayaraq məzlum insanlara sahib çıxıb.
Onun sözlərinə görə, inkvizisiyadan və nasist zülmündən qaçanlara sığınacaq verən də məhz Türkiyə olub.