Robotlar xəbər yazır, bəs həqiqəti kim yoxlayacaq?
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə jurnalistika ən çox dəyişən sahələrdən biridir. Xüsusilə süni intellekt - ChatGPT kimi sistemlər - xəbərin yazılmasına, redaktəsinə, hətta analizinə təsir göstərir. Bu da bir sualı aktuallaşdırır: Jurnalist lazımdırmı? Yoxsa AI hər şeyi əvəz edəcək? Mütəxəssislər hesab edir ki, AI jurnalisti əvəz etmir, sadəcə onun iş üsulunu yeniləyir. Jurnalist daha əvvəl vaxtını fakt toplamağa sərf edirdisə, indi daha çox araşdırma, analiz və insan hekayələrinə fokuslana bilir. AI informasiyanı sıralayır, jurnalist isə mənanı yaradır.
Bu mövzu ilə bağlı olaraq marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev “İnformator.az”a bildirib ki,AI jurnalistikaya böyük sürətlə daxil olsa da, onun tam inteqrasiyasını ləngidən bir neçə əsas faktor var:
“Etibarlılıq problemi - AI məlumatı çox sürətli emal edir, lakin mənbənin doğruluğunu jurnalist qədər dərin qiymətləndirmir. Xüsusilə region xəbərlərində, lokal kontekstdə və siyasi həssas mövzularda səhv etmə ehtimalı hələ də yüksəkdir.
Şəffaflıq və cavabdehlik boşluğu. Jurnalist səhv etdikdə məsuliyyət daşıyır. AI isə “nəyə əsaslanıb bu nəticəni çıxarıb” sualına tam cavab vermir. Alqoritmlər qapalı olduqda redaksiyanın etik kodeksi pozulur. Bəs səhv etdikdə kompyuter necə cavabdeh ola bilər?
Müəlliflik və plagiat riski.
AI çox vaxt mövcud məlumatları kombinə edir. Orijinal hekayənin kimə aid olduğu, müəllif hüququnun kimə məxsus olduğu hələ də hüquqi mübahisə yaradır. AI qlobal məlumatlara əsaslanır, yerli dinamika, sosial psixologiya, mental dəyərləri yetəri qədər yaxşı anlamaya bilər. Gələcəyin mediası AI ilə rəqabət aparmaqdan daha çox onunla əməkdaşlıq etməyi öyrənəcək. Süni intellekt məlumat yaradır, amma onu hiss etmir. Gələcəyin mediasında da insanların rəyinin vacib olduğunu düşünürəm. Yaxın gələcəkdə hər hansı xəbəri oxumaq üçün dil bariyerinin süni intellekt dəstəyi ilə tam olaraq aradan qalxacağını düşünürəm. Yəni başqa dildə olan video, yazı və səs fayllarını bilidyimiz dildə rahatlıqla qəbul edə biləcik”.
Cavahir Əsgərbəyli
