00:00:00
Yazar
Admin User
27.01.2026 15:37 54 2 dəq oxuma
Siyasət

Roma-Tehran xəttində dəyişiklik

Roma-Tehran xəttində dəyişiklik

Təhlükəsizlik riskləri və İran ətrafında artan regional gərginlik fonunda İtaliya hökuməti Tehrandakı diplomatik missiyasının bir hissəsini geri çağırmaq qərarı verib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, İtaliyanın addımına iki əsas prizmadan baxmaq olar:

 

“Qərar İran daxilində və ətrafında baş verən təhlükəsizlik prosesləri ilə bağlıdır. İranda baş verən etiraz aksiyalarından sonra ölkənin daxili təhlükəsizlik mühiti ciddi suallar doğurur. Rəsmi Tehran etirazların yatırıldığını bəyan etsə də, yenidən genişmiqyaslı narazılıqların baş qaldırması ehtimalı hələ də qalmaqdadır. İranın informasiya blokadasında olması, internetin məhdudlaşdırılması ölkə daxilində real vəziyyətin izlənməsini çətinləşdirir. Bu isə xarici diplomatik nümayəndəliklər üçün əlavə risk yaradır və təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə səbəb olur. İkinci mühüm amil İrana qarşı mümkün hərbi müdaxilə ssenariləridir. ABŞ administrasiyasının bu mövzunu daim gündəmdə saxlaması, hərbi hücumu müvəqqəti olaraq təxirə salmasına baxmayaraq, Yaxın Şərqdə ABŞ hərbi kontingentinin, xüsusilə, döyüş və zərbə təyyarələrinin cəmlənməsi riskləri artırır. İtaliyanın atdığı addım sadəcə texniki təhlükəsizlik tədbiri kimi qiymətləndirilməməlidir. Bu qərar Romanın Tehrana münasibətində baş verən dəyişikliklərin göstəricisi ola bilər”.

 

Müsahib qeyd edib ki, son etirazlar və insan haqlarının kobud şəkildə pozulması ilə bağlı beynəlxalq reaksiyalar fonunda İtaliyanın mövqeyində yumşaq, lakin nəzərəçarpan dönüş müşahidə olunur:

 

“Roma artıq Avropa İttifaqının İranla bağlı daha sərt siyasətinə əvvəlki dövrlərlə müqayisədə daha loyal yanaşır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması məsələsində də İtaliyanın mövqeyinin dəyişə biləcəyi istisna edilmir. Bu dəyişikliklərin arxasında İran hakimiyyətinin gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik dayanır. İtaliyanın Tehrandakı diplomatik heyətini qismən geri çağırması həm mövcud təhlükəsizlik risklərinin, həm də Romanın İran siyasətində baş verən strateji dəyişikliklərin məcmusudur. Prosesin inkişafı isə regiondakı ümumi geosiyasi dinamikanın gedişatından asılı olacaq”.

 

Ayşə Müzəfərli

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər