Rəqəmsal tükənmə sindromu
Gündəlik həyatımızın çoxu ekran qarşısında keçir. Sosial şəbəkələr, onlayn dərslər və davamlı məlumat axını insan beynini yükləyir. Nəticədə yaranan “rəqəmsal tükənmə sindromu” insanı səssizcə yorur və daxili rahatlığını azaldır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq İlahə Nəbiyeva bildirib ki,Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə rəqəmsal həyata maraq da gündən-günə artır:
"Rəqəmsal marağın artması prosesləri sürətləndirərək insanların həyatını asanlaşdırsa da, bəzi mənfi tərəfləri də özü ilə gətirir. İnformasiya axınının güclənməsi və proseslərin intensivləşməsi psixologiya elmi qarşısında yeni problemlərin həllini zəruri edir. Bu problemlərdən biri də rəqəmsal tükənmə sindromudur. Rəqəmsal tükənmə sindromu xüsusilə gənclər arasında daha çox müşahidə olunur və əslində görünməz bir yorğunluq formasıdır. Bu sindrom ilk mərhələlərdə sakit, fərq edilməz və tədricən inkişaf edir. İnsan özündəki dəyişiklikləri yalnız ciddi yorğunluq mərhələsinə çatdıqda dərk edir. Onun əsas ilkin əlamətləri diqqətin azalması, yaddaşın zəifləməsi, yuxu pozuntuları, emosional gərginlik və motivasiyanın itməsi ilə özünü göstərir. Bu vəziyyəti yaşayan şəxslər real sosial əlaqələrdən uzaqlaşmağa meyilli olurlar. Bütün bunlar rəqəmsal mühitdə sərhədlərin olmaması, sosial müqayisələrin çoxluğu, informasiya bolluğu və zehni fasilələrin çatışmazlığı nəticəsində yaranır. Bunun fərqinə varmaq üçün insanın daim özü ilə ünsiyyətdə olması və özünü dərk etməsi vacibdir. Əgər rəqəmsal vasitələrdən istifadə sonrası səbəbsiz əsəbilik, gərginlik, səs və işığa qarşı dözümsüzlük yaranırsa, mütləq fasilə vermək lazımdır. Bu halda baş, boyun və çiyin ağrıları da müşahidə oluna bilər. Rəqəmsal tükənmə zamanı gecə yuxuya getmək çətinləşir, insan səhər oyandıqda isə sanki dincəlməmiş kimi hiss edir. Bunun qarşısını almaq və vəziyyəti dərk etmək üçün bəzən özümüzə “Bu gün özümü sakit və aydın hiss edirəm, yoxsa gərgin və dağınıq?”, “Sosial mediadan istifadə enerjimə necə təsir edir?”, “Telefonu kənara qoyanda özümü necə hiss edirəm?” kimi suallar verməliyik".
Həmçinin psixoloq rəqəmsal tükənmə sindromundan qorunmağın son dərəcə vacib olduğunu qeyd edib:
"Ondan qorunmaq üçün bir neçə sadə, amma təsirli üsullar mövcuddur. İlk növbədə, ekransız fasilələr yaratmaq lazımdır. Gün ərzində müəyyən saatlarda telefon, planşet və kompüterdən uzaq qalmaq beynin dincəlməsinə kömək edir. Xüsusilə yatmazdan əvvəl ən azı 30 dəqiqəlik “ekransız vaxt” yuxunun keyfiyyətini artırır. Digər mühüm addım rəqəmsal sərhədlər müəyyənləşdirməkdir. İş və şəxsi həyat arasında sərhədi qorumaq vacibdir. İşlə bağlı mesajları iş saatlarından kənarda cavablandırmamaq və onlayn fəaliyyət üçün konkret vaxt planı hazırlamaq məqsədəuyğundur. Fiziki aktivliyə üstünlük vermək də çox önəmlidir. Gündəlik hərəkət, yüngül idman və açıq havada gəzintilər beyni oksigenlə təmin edir və stressi azaldır. Zehinlilik və nəfəs məşqləri isə insanı “indi və burada” vəziyyətinə gətirərək informasiya yükündən yaranan gərginliyi azaldır. Real sosial əlaqələri gücləndirmək də unudulmamalıdır. Ailə və dostlarla üzbəüz ünsiyyət emosional yaxınlığı artırır və virtual dünyanın yaratdığı tənhalıq hissini azaldır. Məlumat axınını məhdudlaşdırmaq da beynin yüklənməsinin qarşısını alır. Hər xəbəri və paylaşımı izləmək yerinə, məlumatı məqsədyönlü və etibarlı mənbələrdən almaq daha sağlam yanaşmadır. Kiçik rəqəmsal detokslar keçirmək – yəni həftədə bir gün və ya günün bir hissəsini tamamilə onlayn aləmdən uzaq keçirmək – beyni yeniləyir və daxili rahatlığı artırır. Bu sadə addımlar gündəlik həyata tətbiq edildikdə insanın diqqəti, emosional sabitliyi və ümumi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşır. Rəqəmsal tükənmə sindromunu müasir dünyanın “səssiz epidemiyası” adlandırmaq olar. Onun təhlükəsi tədricən və hiss olunmadan həyatımıza daxil olmasındadır. Texnologiya insan həyatını asanlaşdırsa da, onunla balanslı münasibət saxlamaq psixoloji sağlamlığın əsas şərtidir. Beynin istirahətə, duyğuların isə real təmasa ehtiyacı var. Həyatı ekrandan deyil, gerçək anlardan yaşamaq insanın enerjisini bərpa etməsinin və ruhsal gücünü qorumağın ən sağlam yoludur".
Qəmər Kazımzadə
