Rusiya ilk dəfə atəşkəsə razılıq verib
Rusiya ilk dəfə olaraq yekun sülh sazişi imzalanmadan əvvəl atəşkəsə razılıq verib. Moskva bu addımı Ukraynadakı münaqişənin siyasi yolla nizamlanması üçün zəruri mərhələ kimi qiymətləndirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, əgər Rusiya yekun sülh sazişi imzalanmazdan əvvəl atəşkəs razılaşmasına xeyir-dua veribsə, bu, münaqişənin həllində çox önəmli bir mərhələ sayıla bilər:
"Ümumiyyətlə, bütün münaqişələrdə yekun həll mərhələsindən əvvəl atəşkəs razılaşmasının imzalanması klassik yanaşmadır. Məsələn, Azərbaycanın da Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə başlaması ilk növbədə, atəşkəs razılaşması ilə mümkün olub.
O baxımdan, Ukrayna üçün də qeyd-şərtsiz atəşkəs razılaşmasının imzalanması, daha sonra digər məsələlərin həllinə keçid üçün mühüm imkanlar aça bilər. Çünki, heç bir münaqişə tarixində belə hallar olmayıb ki, bir tərəfdə sülh danışıqları aparılsın, digər tərəfdə isə hərbi əməliyyatlar intensiv şəkildə davam etdirilsin. Bu, absurd və qeyri-real bir vəziyyətdir. Belə şəraitdə konkret sülh sazişindən danışmaq faktiki olaraq mümkünsüzdür. Onsuz da Ukrayna və Avropa dövlətləri ilk gündən bu mövqedə olub ki, qeyd-şərtsiz atəşkəs təmin edilməli, ondan sonra ərazi məsələləri və Ukraynanın xarici siyasət istiqamətləri üzrə müzakirələr aparılmalıdır. Atəşkəsdən sonra Ukraynanın işğal olunmuş ərazilərinin statusu, konstitusiyadakı bəzi müddəalar və xarici siyasət prioritetləri ilə bağlı dialoqlar mümkün ola bilər. Bu prosesin nə qədər davam edəcəyi bəlli olmasa da, ən real və praktik həll yolu budur: əvvəl atəşkəs, sonra isə mərhələli şəkildə sülh sazişi. Ərazi güzəşti və ya hansısa bölgələrdə xüsusi iqtisadi zonaların yaradılması məsələləri isə yalnız Ukraynanın suveren qərarından asılı olacaq. Əgər belə bir ideya gündəmə gələrsə, onunla bağlı referenduma gedilməsi məsələsini Ukrayna hökuməti və xalqı müəyyən etməlidir. Beynəlxalq hüquqi baxımdan da bu cür məsələlərin legitimliyi həmin dövlətin iradəsinə bağlıdır.
Zelenski-Tramp görüşünə gəlincə, bu, olduqca vacibdir. Tramp hazırda Ukrayna münaqişəsinin həlli prosesində əsas oyunçulardan biri ola bilər. Onun iştirakı olmadan real irəliləyiş gözləmək çətindir. Bu görüş baş tutarsa, Ukraynanın təhlükəsizlik zəmanətləri üzrə mexanizmlərin daha tez hazırlanmasına təkan verə bilər. Çünki Ukrayna haqlı olaraq hesab edir ki, sülh sazişi yalnız möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri ilə mənalı ola bilər. Əks halda, belə bir sənədin real nəticə doğurması çətin olacaq".
Aişə Mustafayeva
