00:00:00
Yazar
Zəhra Həsənova
03.11.2026 17:28 44 2 dəq oxuma
Media

"Səhər bir yerdə olduğunuz adamı iki yerə parçalanmış görə bilərdiniz" - Vətən müharibəsi iştirakçısı

"Səhər bir yerdə olduğunuz adamı iki yerə parçalanmış görə bilərdiniz" - Vətən müharibəsi iştirakçısı

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Billurə Aslanqızının tədris etdiyi “Beynəlxalq humanitar hüquq və jurnalistika” fənni çərçivəsində Qarabağ müharibəsinin iştirakçısı olmuş jurnalistlər - Rasim Bayramov və Bəxtiyar Məcidli tələbələrlə görüşdü. Görüş zamanı qonaqlar müharibə dövründə yaşadıqları hadisələrdən, döyüşlərdə iştiraklarından, müharibənin insan psixologiyasına təsirindən danışdılar.

 

BDU-nun 2000-ci il məzunu olan Rasim Bayramov Cəbrayıl, Qubadlı və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirdi. Hərbi hazırlıq prosesinin özünəməxsus xüsusiyyətlərindən danışan jurnalist təlimlərin keçirilməsini xüsusi məktəb kimi xarakterizə etdi. Rasim Bayramov döyüş şəraitində insanın psixoloji vəziyyətinin qısa müddətdə dəyişdiyini vurğuladı. Onun sözlərinə görə, döyüşçü müharibə şəraitinə maksimum üç gün ərzində uyğunlaşır və bu müddətdən sonra ölüm, yaralanma kimi hadisələr müəyyən mənada adiləşir.

 

 

Jurnalist qeyd etdi ki, döyüşlərdə iştirak edən zaman hadisələrə jurnalist gözü ilə yanaşmaq mümkün olmur. Çünki həmin an insanın əsas düşüncəsi peşə fəaliyyəti deyil, döyüş və Vətənin müdafiəsi olur. Onun fikrincə, söhbət Vətəndən gedirsə, ölüm belə ikinci plana keçir. Bayramov, həmçinin hərbi texnikaların hədəflərin müəyyənləşdirilməsində mühüm nəticələr göstərdiyini bildirdi.

 

Müharibənin insanın həyatında dərin iz buraxdığını vurğulayan jurnalist insanın müharibədən əvvəlki, müharibə zamanı və müharibədən sonrakı vəziyyətinin fərqli olduğunu diqqətə çatdırdı. O, müharibə dövründə yaşananların insanın əvvəlki və sonrakı şəxsiyyətindən fərqləndiyini qeyd etdi.

 

Görüşdə çıxış edən digər qonaq, BDU-nun 2014-cü il məzunu Bəxtiyar Məcidli də müharibə təcrübəsini tələbələrlə bölüşdü. Məcidli müharibəyə könüllü şəkildə qatıldığını və sentyabrın 28-də döyüşlərə qoşulduğunu söylədi. Onun sözlərinə görə, həmin vaxt müharibəyə getməmək onun üçün müzakirə mövzusu belə deyildi. Döyüş bölgəsində gördüyü mənzərələrdən danışan jurnalist işğaldan azad olunan ərazilərdə dağıntıların miqyasının böyük olduğunu, insanların yaşadığına dair izləri belə tapmağın çətin olduğunu bildirdi.

 

Bəxtiyar Məcidli müharibənin yalnız döyüş meydanında olanlara deyil, onların ailələrinə də ağır təsir göstərdiyini vurğuladı. O, müharibə şəraitində qorxunun insanı həyatda saxlayan əsas amillərdən biri olduğunu söylədi. Onun sözlərinə görə, burada söhbət sadəcə təhlükədən çəkinməkdən deyil, hansısa rayonun azad olunmasında iştirak etmədən həlak olmaq qorxusundan gedirdi.

 

Jurnalist döyüş günlərində hər gecə səhər oyanmamaq ehtimalını nəzərə alaraq yaxınları ilə sağollaşdıqlarını da diqqətə çatdırdı. Onun sözlərinə görə, yatmazdan əvvəl hər kəslə vidalaşır, səhər oyanmamaq riskinin yüksək olduğunu anlayırdılar.

 

Görüş tələbələrə Qarabağ müharibəsinin iştirakçılarının şəxsi təcrübələrini birbaşa dinləmək, müharibə şəraitində jurnalist fəaliyyətinin xüsusiyyətlərini və beynəlxalq humanitar hüququn əhəmiyyətini daha yaxından anlamaq imkanı yaratdı.

 

Zəhra Həsənova

#Qarabağ #müharibə #Azərbaycan #döyüş #Vətən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər