00:00:00
Yazar
Nərmin Həşimova
14.05.2026 20:05 21 3 dəq oxuma
Sosial

Şəhərdə piyadalar üçün yeni mərhələ: Yerüstü və yeraltı keçidlərdə yeniliklər

Şəhərdə piyadalar üçün yeni mərhələ: Yerüstü və yeraltı keçidlərdə yeniliklər

Son illərdə şəhər infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində yerüstü və yeraltı piyada keçidlərində mühüm yeniliklər tətbiq olunur. Bu dəyişikliklər həm piyadaların təhlükəsizliyini artırmaq, həm də onların hərəkətini daha rahat və əlçatan etmək məqsədi daşıyır. Xüsusilə, eskalatorların yenilənməsi, travolatorların quraşdırılması və keçidlərin müasir standartlara uyğunlaşdırılması şəhər sakinlərinin gündəlik həyatına müsbət təsir göstərir. Aparılan işlərin mərhələli şəkildə həyata keçirilməsi isə həm davamlılığı, həm də keyfiyyətin qorunmasını təmin edir.


Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev “İnformator.az”a açıqlamasında bildirib ki, son dövrlər Bakı şəhərində həyata keçirilən dəyişikliklər göstərir ki, şəhərin insan yönümlü modelə keçidi artıq prioritet istiqamətə çevrilib:


“Dünya təcrübəsi də sübut edir ki, nəqliyyat sıxlığı və tıxac problemini azaltmağın ən effektiv yolu məhz bu yanaşmadan keçir. İctimai nəqliyyatın optimallaşdırılması, piyada keçidlərinin düzgün təşkili və vətəndaşlar üçün rahat şəhər mühitinin yaradılması bu istiqamətdə əsas addımlar hesab olunur. Xüsusilə, şəhər planlaşdırılmasında insanların rahat hərəkəti ön plana çəkilməlidir. Bu baxımdan, müxtəlif səviyyəli piyada keçidlərinin geniş tətbiqi arzuolunan sayılmır. İnsanlar hərəkət edərkən əlavə maneələrlə, pilləkənlərlə qalxıb-enməməli, mümkün qədər eyni səviyyədə, rahat və təhlükəsiz şəkildə yol keçə bilməlidirlər. Bu yanaşma dünyanın aparıcı şəhərlərində qəbul olunan əsas prinsiplərdən biridir. Bununla yanaşı, artıq mövcud olan yeraltı və ya yerüstü keçidlərdə eskalatorların təmiri və saxlanılması da vacibdir. Lakin strateji məqsəd şəhərin daha çox insan yönümlü, əlçatan və komfortlu mühitə çevrilməsidir”.


Urbanist Anar Əliyev qeyd edib ki, müasir şəhər planlaşdırmasından danışırıqsa, artıq qəbul olunan yanaşma ondan ibarətdir ki, şəhər daxilində piyada keçidləri yeraltı və ya yerüstü formada təşkil edilməməlidir:


“Bu tip keçidlər əsasən yalnız yüksək sürətli magistral yollarda - nəqliyyatın sürətinin 90 km/saat və daha yuxarı olduğu ərazilərdə tətbiq olunur. Belə hallarda alternativ demək olar ki, yoxdur. Lakin həmin keçidlər də mütləq əlçatan olmalı, liftlər və normativ bucaqlara uyğun panduslarla təchiz edilməlidir. Şəhər daxilində isə bu yanaşma artıq köhnələn hesab olunur və effektiv deyil. Bunun əsas səbəbi şəhər əhalisinin təxminən 25 faizinin azmobilli qruplara aid olmasıdır. Bu qrupa əlil arabasından istifadə edənlər, uşaq arabası ilə hərəkət edən valideynlər, yaşlı insanlar və hərəkət imkanları məhdud olan şəxslər daxildir. Belə insanlar üçün pilləkənlərlə enib-qalxmaq ciddi çətinlik yaradır, eskalatorlar isə hər zaman uyğun həll sayılmır. Məhz bu səbəbdən müasir dövrdə bir çox ölkələrdə bu cür keçidlər ya layihələndirilmir, ya da mərhələli şəkildə eyni səviyyəli piyada keçidləri ilə əvəz olunur. Məsələn, Avropanın bir sıra şəhərlərində 50-60 il əvvəl tikilən yeraltı keçidlər saxlanılsa da, paralel olaraq işıqfor tənzimlənən zebra keçidləri təşkil edilir. Bu yanaşma həm daha təhlükəsizdir, həm də bütün istifadəçi qrupları üçün əlçatandır. Xüsusilə, çoxzolaqlı yollarda piyada keçidləri mütləq şəkildə işıqforla tənzimlənməlidir. Bu həm nəqliyyatın hərəkətini idarə edir, həm də piyadaların təhlükəsizliyini artırır. Üstəlik, bu cür keçidlərdə panduslar vasitəsilə hərəkət daha rahat olur və əlavə fiziki maneələr aradan qalxır”.


Urbanist qeyd edib ki, Bakıda bu yanaşma hələ geniş tətbiq olunmur:


“Yeraltı piyada keçidlərinin yanında eyni səviyyəli zebra keçidlərinin təşkili çox nadir hallarda müşahidə edilir. Cəmiyyətdə də bəzən bu dəyişikliklər düzgün qarşılanmır və “keçid artıq tikilibsə, ona ehtiyac var” kimi yanaşmalar üstünlük təşkil edir. Halbuki şəhər planlaşdırması dinamik prosesdir və keçmiş təcrübələrə bağlı qalmaq inkişafın qarşısını ala bilər. Müqayisə üçün yaxın regiona baxmaq kifayətdir. Məsələn, Tbilisi şəhərində son illər yenilənən küçə və prospektlərdə yeraltı keçidlər saxlanılsa belə, paralel olaraq eyni səviyyəli piyada keçidləri də təşkil olunur. Bu isə şəhərin daha əlçatan və insan yönümlü olmasına xidmət edir. Bakı da bu dəyişikliklərə hazır olmalı, müasir şəhərsalma prinsiplərini qəbul etməli və bu cür islahatları dəstəkləməlidir”.


Cavahir Əsgərbəyli

#infrastruktur #dəyişikliklər #Bakı #yeni mərhələ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər