Səhiyyə Nazirliyindən mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış
Mövsümi xəstəliklərin artdığı dövrdə qrip, soyuqdəymə və digər yuxarı tənəffüs yolları infeksiyaları əhali arasında geniş yayılır. Bir çox hallarda insanlar bu xəstəlikləri bir-birindən fərqləndirməkdə çətinlik çəkir, həkimə müraciət etmədən müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Mütəxəssislər isə virus infeksiyalarının düzgün müalicə edilməməsinin və özbaşına dərman qəbulunun ciddi fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında həkim-ekspert Rasif Bağırov bildirib ki, mövsümi xəstəliklər zamanı ilk növbədə qrip virusu yayılır və xəstəliyin ilkin əlamətləri əsasən yuxarı tənəffüs yollarında özünü göstərir:
“Adətən mövsümi xəstəliklər zamanı ilk növbədə qrip virusu ön plana çıxır. Soyuqdəymə halları da müşahidə olunur. Azərbaycanda temperatur elə də aşağı düşmədiyindən birbaşa soyuğun təsiri ilə yaranan problemlərə nisbətən az rast gəlinir. Əsas fəsadlar isə qrip virusundan sonra başlayır.
Qrip hazırda ənənəvi gedişatını davam etdirir. Xəstələrdə burun axması, asqırma, göz yaşarması və baş ağrısı kimi əlamətlər meydana çıxır. Xəstəlik yeni başlayanda ilk növbədə boğazda qıcıqlanma və ağrı hiss olunur. Bu ağrı bir-iki gündən sonra azalsa da, xəstəlik sonradan aşağı tənəffüs yollarına yayıla bilər. Virus orqanizmdə asqırma, öskürək, burun tutulması və göz yaşarması kimi əlamətlər yaradır.
Belə hallarda antibiotiklərdən istifadə etmək olmaz. Çünki antibiotiklər viruslara təsir göstərmir. Bu zaman kifayət qədər maye qəbul etmək və ümumi sağlamlıq vəziyyətini dəstəkləyən tədbirlər görmək lazımdır”.
Rasif Bağırovun sözlərinə görə, qrip virusundan sonra orqanizmdə bakterial infeksiyalar aktivləşə və bu da müxtəlif ağırlaşmalara səbəb ola bilər:
“Virus insan orqanizmində fəaliyyətsiz vəziyyətdə olan bəzi mikrobları aktivləşdirə bilər. Həmin mikroorqanizmlər fəaliyyətə başladıqda virusun yaratdığı ilkin proses artıq zəifləyir. Bu zaman ağciyərlərdə pnevmoniya, yuxarı tənəffüs yollarında iltihabi xəstəliklər, traxeit, bronxit və digər xəstəliklər meydana çıxa bilər. Qulaq ağrısı kimi fəsadlar da müşahidə oluna bilər.
Orqanizmdə infeksion prosesin güclənməsi nəticəsində xəstədə yüksək hərarət, pnevmoniya, bronxopnevmoniya və müxtəlif ağciyər xəstəlikləri yarana bilər. Bu mərhələdə artıq antibiotiklərdən istifadə zərurəti yarana bilər. Çünki bakterial infeksiyaların müalicəsində antibiotiklər mühüm rol oynayır”.
Həkim-ekspert qeyd edib ki, son illərdə mövsümi xəstəliklərin gedişində müəyyən dəyişikliklər müşahidə olunur. Bəzi xəstələrdə ilkin əlamətlər azalsa da, bir müddət sonra bakterial infeksiya yenidən baş qaldıra bilir:
“Maraqlıdır ki, koronavirusdan əvvəl qripə yoluxan insanlar, demək olar ki, bir həftə ərzində tamamilə sağalırdılar. Koronavirus pandemiyasından sonra isə sanki müəyyən dəyişikliklər baş verib. Həm koronavirusun təsiri, həm də yeni virusların meydana çıxması nəticəsində hazırda mövsümi xəstəliklər, xüsusilə yuxarı tənəffüs yollarının infeksiyaları zamanı həkim nəzarəti olmadan müalicə aparmaqla xəstəliyi aradan qaldırmaq mümkün olmur.
Bəzən xəstələr üç-dörd gündən sonra vəziyyətlərinin yaxşılaşdığını hiss edir və problemin aradan qalxdığını düşünürlər. Ancaq müşahidələrimiz göstərir ki, beş-on gün sonra bakterial infeksiya yenidən başlaya bilər. Bu zaman artıq virus deyil, bakterial infeksiya ön plana çıxır. Burun axması və asqırma kimi ilkin əlamətlər müşahidə olunmur, əvəzində hərarət yüksəlməyə başlayır. Belə vəziyyətdə xəstəyə daha ciddi yanaşmaq və müalicəni düzgün təşkil etmək lazım gəlir.
Hazırda rast gəldiyimiz yuxarı tənəffüs yolları xəstəliklərində xəstə həkim nəzarətində müalicə almadıqda xəstəlik bir ay, bir ay yarım, hətta bəzi hallarda iki aya qədər davam edə bilər. Xəstəlik xroniki formaya keçənədək insanı aldada bilir. Ən təhlükəli məqam da budur. Xəstənin vəziyyəti gah pisləşir, gah da yaxşılaşır. Belə dəyişkən gedişat onda həkimə müraciət etməklə bağlı tərəddüd yaradır. İnsan düşünür ki, xəstəlik özü keçəcək. Nəticədə müalicə gecikir və bəzən iki ay sonra xəstəliyin müalicəsi daha da çətinləşir”.
Ekspert mövsümi xəstəliklər zamanı özbaşına müalicənin, xüsusilə də həkim göstərişi olmadan venadaxili sistemlərin köçürülməsinin təhlükəli olduğunu vurğulayıb:
“Ən böyük problemlərdən biri qrip virusu və ya yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri başlayanda ev-ev gəzərək insanlara sistem köçürən şəxslərlə bağlıdır. Koronavirus pandemiyası dövründə də belə müdaxilələr həyata keçirilirdi. Mən bunu tam məsuliyyətlə deyirəm və hər yerdə sübut edə bilərəm. Bu gün də həmin şəxslər insanların evlərinə gedərək sistem köçürürlər.
Belə müdaxilələrdən sonra xəstələrin vəziyyəti ağırlaşa bilər. Çünki ilkin mərhələdə hərarət bir qədər aşağı düşür və xəstələr özlərini yaxşı hiss edirlər. Lakin beş-altı, yaxud on gün sonra xəstəlik yenidən baş qaldırır. Bu dəfə xəstələr vəziyyətə dözə bilməyərək həkimə müraciət edirlər. Müayinələr zamanı isə analiz nəticələrinin ciddi şəkildə pisləşdiyini görürük.
Ona görə də ən vacib məqamlardan biri həkim göstərişi olmadan bu cür sistemlərin köçürülməsindən çəkinməkdir. Belə müdaxilələr orqanizmdəki immun proseslərə mənfi təsir göstərə və nəticədə xəstənin sağalması əvəzinə vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Bəlkə də adi halda dərman qəbul etmədən də xəstəlik ağırlaşmayacaq. Lakin əsassız müdaxilələr daha ciddi fəsadlara yol aça bilər”.
Rasif Bağırov antibiotiklərin yalnız bakterial infeksiya yarandıqda müalicəyə daxil edilməli olduğunu, virus infeksiyalarında isə bu dərmanlardan istifadənin fayda vermədiyini bildirib:
“Əsas məsələ bakterial infeksiya baş qaldırdıqda antibiotiklərdən istifadə zərurətinin yaranmasıdır. Virus infeksiyasını isə antibiotiklərlə müalicə etmək mümkün deyil. Müəyyən dəstəkləyici tədbirlər görməklə, təmiz havada olmaqla, uyğun temperatur şəraitində qalmaqla və kifayət qədər maye qəbul etməklə xəstəliyin gedişini yüngülləşdirmək mümkündür. Ancaq bütün bunlar da xəstəliyin gedişindən asılıdır. Bakterial infeksiya yarandıqda isə artıq onun müalicəsi vacibdir”.
Həkim-ekspert mövsümi xəstəliklər zamanı əhalini özbaşına müalicədən çəkinməyə, antibiotiklərdən və venadaxili sistemlərdən həkim göstərişi olmadan istifadə etməməyə çağırıb.
Gülnar Mustafayeva