00:00:00
Yazar
Admin User
17.11.2025 18:43 112 3 dəq oxuma
Sosial

Süni ət və qida sənayəsi inqilabı

Süni ət və qida sənayəsi inqilabı

Dünyada bu sahədə lider ölkələr artıq formalaşıb. Sinqapur 2020-ci ildə dünyada ilk süni toyuq ətinin satışına icazə verən ölkə oldu. ABŞ, “Upside Foods” və “Good Meat” şirkətləri ilə texnologiyada liderliyini davam etdirir. İsrail, “Aleph Farms” və “Future Meat” ilə laboratoriya bifteklərini təqdim edib, Niderland isə 2013-cü ildə ilk süni ət burgerini hazırlayıb. Yaponiya və Böyük Britaniya isə biotexnologiya və hüquqi çərçivələr sahəsində öncülük edir. Süni ətin istehsal texnologiyası belə işləyir: heyvandan götürülmüş mikroskopik hüceyrələr qida ilə zəngin mühitdə böyüdülür və toxuma halına gətirilir. Nəticədə dad, toxuma və qida dəyəri baxımından real ətə yaxın məhsul əldə edilir.

 

Bu mövzu qida eksperti Fərid Səfərov “İnformator.az”a bildirib ki,süni , yəni laboratoriyada yetişdirilmiş ət son illərdə həm qida sənayesinin, həm də ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib:

 

“Bu texnologiya heyvan kəsiminin azalması, ekoloji yükün yüngülləşməsi və daha nəzarətli istehsal şəraiti kimi üstünlüklərlə təqdim edilsə də, bir çox insan üçün hələ də açıq qalan suallar mövcuddur. Ən çox müzakirə olunan məsələlərdən biri onun allergiyaya təsiridir. Mütəxəssislər bildirirlər ki, klassik ət allergiyası olan insanlarda süni ət də eyni reaksiyanı yarada bilər. Çünki bu məhsulun əsasını yenə də mal, toyuq və ya qoyun əti hüceyrələri təşkil edir. Hüceyrə mənşəyi dəyişmədiyi üçün həmin allergik zülallar süni ətə də keçmiş olur və bu, allergiyası olan şəxslərdə təhlükə yarada bilər. Digər tərəfdən, süni ətin geniş istehlakçı kütləsi tərəfindən qəbul edilməsi üçün yalnız istehsal texnologiyasının mövcudluğu kifayət deyil. Bu sahədə uzunmüddətli, dövlət vasitəsilə təsdiqlənən, ictimaiyyətə açıq elmi tədqiqatlar aparılmalıdır. İstehlakçı inamının formalaşması şəffaf proseslərdən, qida təhlükəsizliyi üzrə müstəqil yoxlamaların nəticələrindən və bu nəticələrin tam şəkildə açıqlanmasından keçir. İnsanlar bilməlidirlər ki, bu məhsulun uzunmüddətli təsirləri, qida dəyəri və təhlükəsizlik göstəriciləri nə ilə ölçülür və necə qiymətləndirilir. Süni ətin sağlamlıq baxımından bəzi üstünlükləri də var. Məsələn, ənənəvi heyvandarlıqda geniş istifadə olunan antibiotiklər laboratoriya şəraitində yetişdirilən ət üçün keçərli deyil, ona görə də bu məhsulda antibiotik qalığına rast gəlinmir. Eyni zamanda patogen riskinin əhəmiyyətli dərəcədə aşağı olması xüsusilə diqqət çəkir. Salmonella, E.coli və Listeria kimi bakteriyalarla çirklənmə ehtimalı demək olar ki, minimuma enir, çünki bütün proses steril mühitdə baş verir. Digər bir üstünlük isə tərkibin idarəolunmasıdır- süni ətin yağ tərkibi laboratoriyada istəyə uyğun şəkildə tənzimlənə bilər, bu da onu bəzi insanlar üçün daha sağlam alternativ halına gətirə bilər. Amma bütün bunlara baxmayaraq, qeyd edilməlidir ki, süni ət real ətə çox bənzəsə də, bəzi mütəxəssislər onun qida dəyərinin hələ tam formalaşmadığını və təbii ətin biologiyasını tam əvəz etmədiyini bildirirlər. Nəticə olaraq, süni ət həm riskləri, həm faydaları, həm də hələ davam edən sualları olan yeni bir məhsuldur. Onun qida sənayesində hansı mövqeni tutacağı isə elmi araşdırmaların sürəti, dövlət nəzarətinin səviyyəsi və ən əsası, istehlakçıların formalaşacaq etimadı ilə müəyyənləşəcək”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər