00:00:00
Yazar
Admin User
09.12.2025 17:32 90 3 dəq oxuma
Sosial

Şagird–müəllim münasibətləri hansı istiqamətdə dəyişir?

Şagird–müəllim münasibətləri hansı istiqamətdə dəyişir?

Son illərdə təhsil sistemi yalnız proqram və dərsliklərlə deyil, həm də insan münasibətləri ilə dəyişir. Ən çox dəyişiklik hiss edilən sahələrdən biri isə şagird–müəllim münasibətləridir. Zaman keçdikcə müəllimlərlə şagirdlər arasında olan münasibət tərzi, ünsiyyət forması və qarşılıqlı gözləntilər tamamilə yeni istiqamətlər alır. Bu dəyişiklik həm texnologiya, həm sosial dəyərlər, həm də təhsil yanaşmalarının yenilənməsi ilə bağlıdır

 

 Bu mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a bildirib ki, əvvəllər müəllimlər daha avtoritar, sərt idarəçi mövqeyində dayanır, şagirdlər isə əsasən itaət edən, sorğu-sual etməyən tərəf kimi qəbul olunub:

 

“Bu münasibət daha çox tək tərəfli olub: müəllim danışar, şagird dinləyib. Lakin bu gün artıq bu münasibətlər dəyişib. Müasir dövrdə şagird və müəllim arasında dialoq əsas rol oynayır. Müəllimlər artıq yalnız bilik verən şəxs yox, bələdçi, dəstəkçi, motivator, psixoloji dayaq və sosial yönləndirici kimi çıxış edirlər. Şagirdlər isə fikir bildirən, sual verən, düşünən və öz fikirlərini sərbəst ifadə edən tərəfə çevriliblər. Uşaqların emosional ehtiyacları görülmək, anlaşılmaq, dəyərli hiss etmək, müəllimlə münasibətdə əsas rol oynayır. Əgər bir şagird müəllimin onu gördüyünü, dəstəklədiyini, emosiyalarını anladığını hiss edirsə, bu onun özünə güvənini və dəyər hissini artırır. Əks halda, yəni bu ehtiyaclar qarşılanmadıqda, şagird özünü tənha, dəyərsiz, özgüvənsiz hiss edə bilər. Bu da onun psixoloji vəziyyətinə, təhsil motivasiyasına və sosial inkişafına mənfi təsir göstərə bilər. Bəli, müasir dövrdə müəllimlər yalnız fənn öyrədən şəxslər deyil. Onlar eyni zamanda psixoloji dayaq, emosional lider və sosial inkişafın dəstəkçisi olmalıdırlar.

Müəllim:

• Öz emosiyalarını idarə etməyi bacarmalı,  

• Şagirdlərin duyğu və düşüncələrini anlaya bilməli,  

• Onlara motivasiya verməyi, dinləməyi, düzgün yönləndirməyi bacarmalıdır.

Bundan əlavə, şagirdin psixoloji vəziyyətinə uyğun dərs tempini seçmək, onun gələcək planlarında istiqamətləndirmək, kim olmaq istədiyi sualına cavab tapmaqda ona bələdçilik etmək müəllimin üzərinə düşür. Çünki bu gün müəllim təkcə dərs deyən deyil - o, şəxsiyyətin formalaşmasında iştirak edən əsas fiqurdur. Əgər bu dəstək göstərilməzsə, şagirdin özünə inamı, dəyər hissi və sosial bacarıqları inkişaf etməyə bilər.Eyni zamanda, şagirdin psixoloji durumuna uyğun dərs tempini seçməli, onu gələcəyə motivasiya etməli və “Mən gələcəkdə kim olmaq istəyirəm?” sualına cavab tapmaqda bələdçilik etməlidir. Yəni müəllim bu gün artıq sadəcə dərs demir - şəxsiyyətin inkişafında, özgüvən və sosial bacarıqların formalaşmasında əsas rol oynayır. Əgər bu psixoloji dəstək göstərilməzsə, şagirdin gələcəkdə inamı və potensialı kölgədə qala bilər”.

 

Bu mövzu ilə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimi Qaraxanova Ülviyyə “İnformator.az”a bildirib ki, mən inanıram ki, “yaxşı müəllim" və "pis şagird" anlayışları yoxdur:

 

“Sadəcə olaraq, ünsiyyət qurmağı bacarmayan müəllim və ya anlaşılmaqda çətinlik çəkən şagird var. Məsələ, qarşılıqlı münasibətlərin düzgün qurulmasındadır. 19 illik pedaqoji fəaliyyətimdə dəfələrlə şahidi oluram ki, bir müəllim sinfə daxil olduqda ilk növbədə şagirdlərin baxışlarından, halından onların daxili dünyasını oxuya bilməlidir. Biz müəllimlər öz şagirdliyimizi unutmamalıyıq. Biz də bir vaxtlar müəllimimizdən sevgi və anlayış gözləyirdik. Mən illərdir çalışıram ki, hər bir şagirdimin yerinə özümü qoyum. Onlara sadəcə şagird kimi deyil, gələcəyin həkimi, hüquqşünası, jurnalisti, mühəndisi kimi yanaşıram. Bu yanaşma mənə həm şagirdlərimin sevgisini qazandırıb, həm də onların şəxsiyyət kimi inkişafına töhfə verməyə imkan yaradıb. Sonda isə bir fikri vurğulamaq istəyirəm: müəllimin uğuru- şagirdin sevgisidir. Əgər bir müəllim bu sevgini qazana bilirsə, demək ki, o həm tədrisdə, həm də insani münasibətlərdə qalibdir. Bu sual ətrafında düşünərkən qeyd etməliyəm ki, məktəb təkcə təhsil müəssisəsi deyil, həm də sosial münasibətlərin formalaşdığı məkandır. Bu münasibətlər, müəllim- şagird, şagird-şagird və məktəb - cəmiyyət münasibətləri tədris prosesinin keyfiyyətinə, həmçinin şagirdlərin akademik və şəxsi inkişafına birbaşa təsir edir. Xüsusilə müəllim-şagird münasibətləri bu sistemin əsas dayağıdır. Çünki müəllim yalnız təlim verən deyil, həm də şəxsiyyət formalaşdıran, nümunə olan və yönləndirən şəxsdir. Bu münasibətdə empatiya ən vacib elementlərdən biridir.

Empatiya sahibi olan müəllim:

- Şagirdin hisslərini anlayır,

- Onun duyğularına hörmət edir,

- Özünü şagirdin yerinə qoyur”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər