“Sağlam qida” adı altında satılan məhsullar doğrudanmı sağlamdır?
Son illərdə “sağlam qidalanma” anlayışı həyatımızın ayrılmaz hissəsinə çevrilib. Market rəflərində “dietik”, “şəkərsiz”, “fit”, “bio” kimi etiketlərlə təqdim olunan məhsulların sayı sürətlə artır. İlk baxışdan bu məhsullar daha faydalı seçim kimi görünür. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, hər “sağlam” adı altında satılan məhsul əslində gözlənildiyi qədər faydalı olmaya bilər. Bəs bu məhsulların tərkibi nə qədər şəffafdır? Marketinq strategiyaları istehlakçıları aldatmağa nə dərəcədə təsir edir?
Mövzu ilə bağlı “İnformator.az” vətəndaşların rəyini alıb.
Alıcı Nərmin Qulizadə fikirlərini bizimlə bölüşüb:
“Əvvəllər “fit” və “şəkərsiz” məhsullara inanırdım, amma tərkibində çox qatqı olduğunu gördüm. İndi daha çox təbii qidalara üstünlük verirəm”.
Digər alıcı Famil Məmmədov da rəy bildirib:
““Dietik” adı hər zaman sağlam demək deyil. Marketinq insanları aldada bilir, ən doğrusu məhsulun tərkibini oxumaqdır”.
“İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, market rəflərində müşahidə etdiyimiz fit, bio, dietik etiketləri çox vaxt marketinq taktikası olur:
“Uzun illərdir bu sahədə araşdırma aparan biri olaraq deyə bilərəm ki, məhsulun üzərindəki rəngli və cəlbedici vədlər çox vaxt arxa tərəfdəki kiçik hərflərlə yazılanlarla üst-üstə düşmür. Marketlərdə dietik adı ilə satılan məhsulların böyük bir hissəsi əslində, aşağı yağlılıq dərəcəsinə malikdir. Qida texnologiyasında yağın miqdarını azaltdıqda məhsulun dadı və teksturası itir. İstehsalçılar bu boşluğu doldurmaq üçün məhsula daha çox şəkər, nişasta, ya dadlandırıcılar əlavə edirlər. Nəticədə, biz yağsız qatıq, peçenye yeyərkən, əslində qan şəkərinizi sürətlə yüksəldən yüksək qlisemik indeksli bir qida qəbul etmiş oluruq. Fit barlar isə çox vaxt qlükoza siropu ilə birləşdirilən yulaf yığınından başqa bir şey deyil. Şəkərsiz etiketi bizdə çox vaxt “bu məhsuldan istədiyim qədər yeyə bilərəm” fikrini yaradır. Amma burada iki mühüm məqam var. Birincisi, şəkər əvəzinə istifadə olunan süni dadlandırıclar olan aspartam, asesulfam K, sukraloza və başqaları kalorisiz olsa da, maddələr mübadiləsinə təsirsiz qalmır. Bu maddələr bağırsaq mikrobiotasını poza və beynin aclıq siqnallarını qarışdıraraq daha çox yemək istəyinə səbəb ola bilər. Digəri isə fruktoza məsələsidir. Fruktoza siropu qaraciyər yağlanmasının əsas səbəbkarlarından biridir. Təbii adı altında satılan bir çox içkinin tərkibində var. Təcrübəmdə ən çox rast gəldiyim bəzi yanlışlıqları diqqətinizə çatdırmaq istəyərdim. Hazır səhər yeməkləri çox vaxt tam taxıllı reklam olunsa da, tərkibindəki şəkər miqdarı bəzən bir şokolad batonundan daha çoxdur. Meyvə şirələri 100% təbii olsa da meyvənin lifindən məhrum edilən şirə birbaşa şəkərli sudur. Lif olmadıqda şəkər dərhal qana keçir. Qlüten həssaslığı olmayan biri üçün qlütensiz peçenye sağlamlıq demək deyil. Əksinə qlütenin teksturaverici xüsusiyyətini əvəzləmək üçün bu məhsullara daha çox qatılaşdırıcı və doymuş yağ əlavə olunur.
Hər zaman olduğu kimi qızıl qayda etiket oxumaq vərdişini qazanmaqdır. Ön tərəfdən yazılan fit yazısı bizi aldatmasın. Tərkib hissəsinə baxmalıyıq. Tərkib siyahısı nə qədər qısadırsa, məhsul o qədər təbiidir. Tərkib hissələri miqdara görə sıralanır. Əgər ilk üçlükdə şəkər, fruktoza siropu, bitki yağları varsa, o məhsul sağlam deyil. Gizli şəkərləri tanımalıyıq. Maltodekstrin, dekstroza, bəhməz, düyü siropu kimi adlar şəkərin fərqli adlarıdır. Həmçinin bir qida istehsal müəssisəsində nə qədər çox emal mərhələsindən keçirsə, faydalı maddələrini bir o qədər itir. Hər hansı bir məhsulun dietik olması onu limitsiz yeyə bilərik demək deyil. Xüsusilə diabet, böyrək çatışmazlığı, allergiyası olanlar “E” kodlu qatqı maddələrinə daha diqqətli olmalıdırlar”.
Banuçiçək Məmmədova