00:00:00
Yazar
Admin User
25.12.2025 15:31 244 2 dəq oxuma
Dünya

Səfir: Çin-Azərbaycan strateji tərəfdaşlığının 2026-cı ildə böyük perspektivləri var

Səfir: Çin-Azərbaycan strateji tərəfdaşlığının 2026-cı ildə böyük perspektivləri var

Çinin Azərbaycandakı səfiri Lu Mey 2026-cı ildə Çin-Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın geniş perspektivlərə malik olduğunu bildirib. O qeyd edib ki, tərəflər liderlər səviyyəsində əldə olunan razılaşmaların icrasını və “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı davam etdirəcəklər

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın geniş perspektivlərə malik olması və bu əməkdaşlığın “Bir kəmər və Bir yol” təşəbbüsü çərçivəsində davam etdiriləcəyi barədə səfir Lu Meyin açıqlamaları, özündə Azərbaycanın regional və qlobal geosiyasi mövqeyinə dair mühüm göstəriciləri ehtiva edir:

 

“ Bu tərəfdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi və strateji aspektləri ilə diqqət çəkir və regiondakı balansın formalaşmasına bu və ya digər şəkildə təsir göstərir. İlk növbədə Azərbaycan-Çin tərəfdaşlığı regionda iqtisadi və nəqliyyat sahələrində yeni imkanlar yaradır. Çin investisiyaları və “Bir kəmər və Bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən infrastruktur layihələri Azərbaycanı regional nəqliyyat və enerji mərkəzinə çevirir. Bu isə digər regional aktorların – xüsusilə də Rusiya, Türkiyə və İran kimi ölkələrin strateji planlarına dolayı təsir göstərir. Eyni zamanda, Çinlə əməkdaşlıq Azərbaycanın beynəlxalq səhnədə nüfuzunu artırır və ona daha geniş diplomatik manevr imkanları yaradır.  Qərb ölkələri ilə münasibətlər baxımından Çinlə strateji tərəfdaşlığın güclənməsi müxtəlif nəticələr doğura bilər. Bir tərəfdən, Azərbaycan üçün balanslı siyasət aparmaq imkanı yaranır; ölkə həm Qərb, həm də Asiya aktorları ilə əməkdaşlıq edə bilir. ABŞ və Avropa ölkələri bəzi layihələrdə ehtiyatlı davranmağa meylli ola bilərlər. Bu baxımdan Azərbaycan diplomatik manevr imkanlarını daha diqqətlə istifadə etməli və tərəfdaşlıqdan maksimum fayda götürməyi hədəfləməlidir. Rusiya ilə münasibətlər baxımından da müəyyən təsirlər müşahidə oluna bilər. Rusiya hər nə qədər Çinlə müttəfiq olsa da, Çinin regionda artan fəaliyyəti Rusiya üçün strateji rəqabət elementi kimi qəbul olunur. Xüsusilə enerji və nəqliyyat sahələrində mövcud olan və ya planlaşdırılan Çin layihələri Moskvanın planları ilə paralel olmayanda maraqların koordinasiyası tələb olunur. Azərbaycan və Türkiyə münasibətləri o həddədir ki, hər hansı yeni oyunçunun ikitərəfli münasibətlərdə ciddi ziddiyyətlər yarada bilmə ehtimalı yoxdur.  Odur ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı regionda çoxvektorlu təsir mexanizmi yaratmaqla, Azərbaycan üçün iqtisadi, siyasi və diplomatik imkanları genişləndirir, eyni zamanda Azərbaycanın strateji mövqeyinin güclənməsinə xidmət edir deyə bilərik”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər