Şəhər-kənd fərqi təhsildə nəyi dəyişir?
Təhsildə bərabərsizlik məsələsi uzun illər cəmiyyətdə ciddi problem olaraq qalır. Xüsusilə şəhər və kənd məktəbləri arasında mövcud fərqlər uşaqların təhsil imkanlarına birbaşa təsir göstərir. Şəhər məktəblərində texnologiya və resursların bolluğu, müəllim heyətinin təcrübəsi və əlavə dərs imkanları kənd məktəblərində nadir hallarda mövcuddur. Bu isə kənd uşaqlarının gələcək imkanlarını məhdudlaşdıra və sosial ədalət məsələlərini gündəmə gətirə bilər.
Mövzu ilə bağlı “İnformator.az” saytı şagirdin, müəllimənin və təhsil ekspertinin fikirlərini öyrənib.
Şəraitlərinin şəhər məktəbləri qədər mükəmməl olmadığını vurğulayan Lalə Bağırova amma dərsə maraqla yanaşdığını bildirib:
“Bütün bunlara baxmayaraq, şəhər məktəbləri bəzi üstünlüklərə malikdir. Yenə də kənddə oxumaq bizim üçün dəyərlidir. Həm də şəraitimiz getdikcə yaxşılaşır. Müasir avadanlıqlarımız da get-gedə artır. Gələcəkdə kəndimizin məktəbinin daha da müasir və keyfiyyətli olacağına əminəm”.
Azərbaycan dili müəllimi Pərvanə Səmədovanın sözlərinə görə, kənd məktəblərində təhsilin səviyyəsini qaldırmaq üçün ən praktik yol resursları uşaqlara çatdırmaqdır:
“Məsələn, kompüter, internet, kitablar, laboratoriya avadanlığı olsa, şagirdlər də şəhərdəki kimi öyrənə bilərlər. Amma tək texnologiya kifayət etmir. Müəllimlərin təcrübəsi də çox önəmlidir. Ona görə, kənd müəllimlərini peşəkar inkişaf kurslarına göndərmək, onlara distant seminarlar təşkil etmək yaxşı addımdır. Şagirdlər arasında bərabər imkan yaratmaq üçün isə dərslərdə fərdi yanaşma göstərmək lazımdır. Ən vacibi isə motivasiyadır. Kənd uşaqlarına göstərmək lazımdır ki, onlar da şəhər uşaqları kimi böyük uğurlara imza ata bilərlər”.
Təhsil eksperti Cahid İmanlı mövcud reallığı nəzərə alanda hazırda kənd məktəblərinə böyük təhsil investisiyalarının qoyulması mümkün görünmədiyini qeyd edib:
“Dövlət ucqar kənd təsərrüfatı və ya dağlıq rayon mərkəzlərində və ya əhali sayı çox olan bir neçə qəsəbə və kəndində müasir tələblərə cavab verən məktəb yarada və onu maddi və pedaqoji baxımdan təmin edə bilər. Lakin bu da həmin rayonların şagirdlərinin maksimum 20-30 faizindən çoxunu əhatə etməyəcək. Hazırda isə əhalinin əksər hissəsinin Bakı və ətraf ərazilərə köçü nəticəsində şagird sayı müəllim sayından az olan onlarla kənd məktəbləri formalaşıb. Bu məktəblərə çəkilən xərcləri daha çox kənd müəllimlərinin və texniki işçilərin sosial rifahına yönəlmiş xərclər kimi qiymətləndirmək olar. Buna görə də ən optimal yol kimi hazırda ən optimal yol rəqəmsal, onlayn dərslərin təşkil edilməsidir. Hazırda onlarla kənddə yaşayan şagird hazırlıq məqsədilə “Bakı müəllimləri”nin onlayn dərslərinə qoşulur. Elm və Təhsil Nazirliyi bu sahədə təcrübəsi olan müəllimlərlə fərdi müqavilələr bağlayıb onları müəyyən platforma üzərindən dərs aparmağa cəlb edə bilər. Dərslərə qoşulacaq şagirdlərsə lazım olan texniki avadanlıq və resurslarla təmin edilə bilər. Qeyd edim ki, bu zaman dərsə nəzarət mexanizmi düzgün təşkil olunsa, keyfiyyət və səmərəlilik hətta şəhər məktəblərindən belə qat-qat artıq ola bilər”.
Cavahir Əsgərbəyli
