Sənin arzuların ya övladının xoşbəxtliyi?
Valideynlərin övladları üçün qurduğu gələcək arzuları bəzən uşaqların şəxsi istəkləri və xoşbəxtliyi ilə üst-üstə düşmür. Bu mövzu ailə münasibətlərində önəmli psixoloji və sosial təsirlərə səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, xoşbəxtlik isə məcburiyyətlə deyil, seçim azadlığı, anlayış və sevgi ilə formalaşır:
"Burada əsas prinsip uşağın şəxsiyyət kimi qəbul olunması və onun daxili ehtiyaclarının tanınmasıdır. Valideynlərin yaxşı niyyətlə qurduğu planlar bəzən fərqində olmadan uşağın psixoloji sağlamlığına zərər verə bilər. Övladın istəklərinə davamlı şəkildə qarşı çıxılması uşaqda özünə inamsızlıq, dəyərsiz hiss etmə və qorxu yarada bilər. Uşaq zamanla “mənim fikrim önəmli deyil” düşüncəsini formalaşdırır və bu da ya həddindən artıq itaətkar, ya da aqressiv, üsyankar davranışlara səbəb olur. Uzunmüddətli perspektivdə isə depressiya, təşviş pozuntuları, qərar verməkdə çətinlik və şəxsiyyətin formalaşmasında problemlər ortaya çıxa bilər. Uşaq öz arzularını boğmağa öyrəşdikcə, yetkinlik dövründə kim olduğunu və nə istədiyini anlamaqda çətinlik çəkir. Valideynin arzusu ilə övladın istəyi arasında balans qurmaq üçün açıq ünsiyyət əsas şərtdir".
Psixoloq bildirib ki, valideyn öz istəklərini diktə etmək əvəzinə, səbəblərini izah etməli, eyni zamanda uşağın fikirlərini diqqətlə dinləməlidir:
" Burada məqsəd qalib gəlmək yox, qarşılıqlı anlayış yaratmaqdır. Uşağın maraqları, bacarıqları və temperament xüsusiyyətləri nəzərə alınaraq alternativ yollar tapmaq mümkündür. Bəzən valideynin qorxusu təcrübədən, uşağın istəyi isə maraqdan qaynaqlanır. Bu iki nöqtəni birləşdirmək psixoloji sağlam münasibətin təməlidir. Uşaqlıqdan azad seçim imkanı verilən uşaqlar gələcəkdə daha məsuliyyətli, özünə güvənən və qərarlarının nəticələrini qəbul edə bilən fərdlər olurlar".
Eyni zamanda, müsahib bildirib ki, seçim azadlığı uşağa səhv etmək haqqı da verir və məhz bu səhvlərdən öyrənmə prosesi sağlam inkişafın əsas hissəsidir:
" Belə uşaqlar valideynlərinə daha çox güvənir, çünki özlərini nəzarət altında deyil, dəstək altında hiss edirlər. Bu isə daxili motivasiyanı gücləndirir və həyatda daha xoşbəxt olma ehtimalını artırır. Valideyn–övlad arzuları arasındakı ziddiyyətlər düzgün idarə olunmadıqda ailədaxili münasibətlərdə gərginlik, soyuqluq və emosional məsafə yaradır. Uşaq özünü anlaşılmamış hiss etdikdə valideyndən uzaqlaşa, hisslərini paylaşmaqdan çəkinə bilər. Əksinə, bu ziddiyyətlər empatiya və anlayışla həll edildikdə ailə bağları daha da möhkəmlənir. Uşaq valideyni təkcə qərar verən deyil, yol göstərən və yanında olan bir şəxs kimi görür. Nəticə olaraq, valideynin ən böyük arzusu övladının xoşbəxtliyi olmalıdır. Xoşbəxtlik isə məcburiyyətlə deyil, seçim azadlığı, anlayış və sevgi ilə formalaşır. Valideyn övladının həyatını idarə edən yox, onun öz yolunu tapmasına kömək edən bir bələdçi olduqda psixoloji olaraq sağlam, balanslı və özünü dəyərli hiss edən bir insan yetişir".
Səmayə Səftərova
