00:00:00
Yazar
Admin User
03.02.2026 19:16 131 6 dəq oxuma
Sosial

"Sosial media jurnalistikanı təhlükə altına atır"

"Sosial media jurnalistikanı təhlükə altına atır"

"Sosial media insanların ünsiyyətini sürətləndirib, məlumat əldə etmə imkanlarını genişləndirərək cəmiyyətlər arasında əlaqəni gücləndirməyə xidmət edir. Eyni zamanda, düzgün istifadə olunmadıqda vaxt itkisinə, asılılığa və yanlış məlumatların yayılmasına səbəb ola bilər".

 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, sosial media insan psixologiyasına iki cür təsir edir. Bunlar müsbət və mənfi təsirlərdir:

 

“Müsbət təsirlərə gəldikdə, sosial media maariflənməyə və insanlarla ünsiyyət qurmağa kömək edir. Bu da uzaq məsafəli əlaqələrin yaranmasına səbəb olur. Bundan əlavə, özünüifadə və yaradıcılıq qabiliyyətini artırır. Yəni bir gənc sosial şəbəkələr vasitəsilə öz bacarıq və qabiliyyətlərini oturduğu yerdən belə cəmiyyətə aşılaya və sərgiləyə bilər".

 

Psixoloq sosial medianın mənfi təsirlərindən də bəhs edib:

 

"Sözsüz ki, sosial medianın mənfi təsirləri də var. Təbii ki, bunu danmaq olmaz. Bir çox hallarda sosial şəbəkələr zaman itkisinə səbəb olur. Saatlarla sosial mediada keçirdiyimiz vaxt bizi görəcəyimiz işlərdən və alacağımız faydalı məlumatlardan uzaqlaşdırır. Bundan başaa, sosial mediada bəyənilmə ehtiyacı yaranır. Paylaşdığımız şəkillərin və paylaşımların bəyənilməsini istəyirik. Bəyənilmədikdə isə özümüzü dəyərsiz hiss edir və başqalarının həyatı ilə öz həyatımızı müqayisə edirik. Lakin biz unuduruq ki, sosial mediada paylaşılanların çoxu real deyil. Öz həyatımızı sosial şəbəkələrdə gördüyümüz “ideal” həyatlarla müqayisə etdikdə həyata qarşı narazılıq, özünəinamsızlıq və dəyərsizlik hissi yarana bilər. Bu da öz növbəsində depressiyaya səbəb ola bilər. Çünki istər-istəməz real həyatla olan bağlantımız zəifləməyə başlayır".

 

Psixoloq sosial mediada təqdim edilən ideal həyat görüntülərinin gənclər üçün fəsadlarından da söz açıb:

 

"Hazırkı dövrdə gənclər arasında stress və narahatlığın artmasında sosial medianın rolu böyükdür. Bunun səbəblərindən biri sosial şəbəkələrdə təqdim olunan ideal həyat görüntüləridir. Bu görüntülər gənclərdə yetərsizlik hissi yaradır. Yəni "başqalarının həyatında var, mənim həyatımda yoxdur” düşüncəsi formalaşır. Bundan savayı, paylaşımların altında yazılan ağır və mənfi şərhlər də insanların daxili dünyasında stress, qəzəb və yorğunluq yarada bilir. Eyni zamanda, sosial mediada daim aktiv qalmaq məcburiyyəti, aktivliyi qorumaq üçün göstərilən mübarizə kimi səbəblər yaşanan yuxusuz gecələrdə stress və yorğunluğa səbəb olur. Sosial mediada gördüyümüz “dırnaq arası” mükəmməl həyatların paylaşılması insanlarda “mən də etməliyəm, mən də bacarmalıyam” düşüncəsini yaradır. Bacarmadıqları zaman isə özlərini başqaları ilə müqayisə edir və nəticədə, yetərsiz hiss etməyə başlayırlar. Bundan əlavə, sosial mediada paylaşılan “reels” və videolar adətən qısa və sürətlidir. Bu da beynimizi məlumatı tez və səthi qəbul etməyə öyrəşdirir. Son zamanlar videoları sürətləndirilmiş formada izləmək vərdişi yaranıb ki, bu da hövsələsizliyə və diqqətin yayılmasına səbəb olur. Dərin düşünmə və analitik qabiliyyət tədricən zəifləməyə başlayır. Qısa müddətdə sürətli məlumatların toplanması yaddaşın səthiləşməsinə gətirib- çıxarır. Artıq kitab oxumağa, uzun müddət kimisə dinləməyə hövsələmiz çatmır. Hər şeyi tez, rahat və sürətli şəkildə əldə etməyə çalışırıq. Sosial şəbəkələrdə göstərdiyimiz bu hövsələsizlik zamanla elmə, kitaba və ətrafımızdakı insanlara münasibətimizdə də özünü göstərir və bu da yaddaşa və ümumi düşüncə tərzinə ciddi təsir edir”,-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mövzu ilə bağlı digər müsahibimiz - media eksperti Nəmənd Rüstəmov “İnformator.az”a açıqlamasında qeyd edib ki, sosial media bir alət olaraq bu qədər sürətlə yayılmasını mobil telefonların funksionallığına borcludur:

 

“Elə bir alət düşünün ki, üzərində kamera var: həm foto çəkmək, həm video çəkmək, həm səs yazmaq, həm də montaj etmək mümkündür. Pandemiya dövrünü xatırlayaq. Həmin vaxtlar evdən çıxmaq qadağan olunduqda bir çox televiziya əməkdaşları canlı yayımlara evlərindən mobil telefon vasitəsilə qoşulurdular. Biz buna həm bir fürsət, həm də bir məhdudiyyət kimi baxa bilərik. Hesab edirəm ki, sosial mediada jurnalistika adı altında informasiya paylaşan şəxslərin əksəriyyəti jurnalistikanın etik və hüquqi prinsiplərini bilmirlər. Onlar peşəkar jurnalistin etmədiyi və etməməli olduğu addımları ata bilirlər. Bu isə dezinformasiya, etik pozuntular və hətta hüquqi problemlərə səbəb olur. Təbii ki, bunlar jurnalistikanın gələcəyinin təhlükə altında olduğunu sübut edir. Çünki informasiya əldə etmək və yaymaq ehtiyacı insanın yaranışı ilə birlikdə formalaşıb və insan var olduqca da qalacaq".

 

Ekspert jurnalistikanın müxtəlif növlərini mövzu ilə əlaqədar edərək məsələnin müxtəlif səblərindən də danışıb:

 

"İnsanlar hər zaman bilmək, paylaşmaq və dərdləşmək istəyiblər. Ona görə də, məsələyə bu qədər kritik yanaşmanın tərəfdarı deyiləm. Hesab edirəm ki, burada sadəcə adaptasiya prosesi gedir. Bəzi sosioloqlar yaxın gələcəkdə yox olma riski olan peşələr arasında jurnalistikanın adını çəksələr də, bu gün artıq “mojo”-mobil jurnalistika, ictimai jurnalistika və vətəndaş jurnalistikası anlayışları mövcuddur. Demək olar ki, hər bir insan müəyyən mənada jurnalistə çevrilir və bu da cəmiyyətin məlumatlandırılmasında yeni bir mərhələnin başlanğıcıdır. İkinci məsələ media savadlığının artırılmasında sosial medianın roludur. Hazırda biz informasiya çirkliliyi dövründə yaşayırıq. Müxtəlif mənbələrdən davamlı və sürətli informasiya axını var. Bilən də yazır, bilməyən də yazır; bilən də danışır, bilməyən də danışır. Bu isə nəticə etibarilə dezinformasiyalara səbəb olur, ailələrin dağılmasına, ictimai təlatümlərə və iğtişaşlara yol aça bilir. Bu, elmi-texniki tərəqqi ilə ortaya çıxan və qarşısı tam alınmayan bir prosesdir. Son illərdə dünyanın bir sıra ölkələrində baş verən hadisələr də bunu göstərir. Məsələn, bəzi Asiya ölkələrində sosial şəbəkələrə qoyulan qadağalar kütləvi etirazlara, iğtişaşlara və hətta insan itkilərinə səbəb olub. Burada əsas problem həm sosial şəbəkələrdən asılılıq, həm də bu asılılığa qarşı düzgün reaksiya verilməməsi idi. Məşhur bir deyim var: “Dəmiri dəmirlə döyərlər”. Yəni əgər dezinformasiya sosial mediada yayılırsa, ona qarşı mübarizə və maarifləndirmə də məhz sosial media üzərindən aparılmalıdır. Düzdür, hazırda bu işlər yetərli səviyyədə deyil. Sosial media platformalarında əsas diqqət daha çox məşhurlaşmağa və kommersiya maraqlarına yönəlib. Amma zamanla hesab edirəm ki, bu sahədə müəyyən tənzimləmələr aparılacaq. Üçüncü məsələ sosial medianın gələcəkdə təsirinin necə dəyişəcəyidir. Hazırda mobil telefon və internet insan həyatının ayrılmaz hissəsinə çevrilib. Demək olar ki, hər gün yeni tətbiqlər, yeni alətlər ortaya çıxır. Bunun üzərinə süni intellekt dəstəkli texnologiyaların sürətlə inkişafını da əlavə etsək, istifadəçilər üçün həm yeni imkanlar, həm də yeni problemlər yaranır. Məsələn, dünyanın ən böyük texnologiya şirkətlərindən birinin rəhbəri Elon Mask yaxın gələcəkdə yeni texnologiyaların təqdim olunacağını elan edir. Bu texnologiyalar vasitəsilə internetin daha əlçatan olacağı, mobil cihazların imkanlarının daha da genişlənəcəyi bildirilir. Bütün bunlar onu göstərir ki, smartfonlar və sosial şəbəkələr artıq cəmiyyətin ayrılmaz hissəsinə çevrilib".

 

Ekspertin fikirinə görə, Televiziya və radionun bütün özelliklərini özündə formalaşdıran smartfonların mövcudluğu internet və sosial media jurnalistikasını daha operativ edir:

 

"İnformasiya əldə etmək üçün hər zaman televizor və ya radio daşımaq mümkün deyil, amma bir mobil cihazın içində bunların hamısı mövcuddur. Artıq internet və mobil telefonla böyüyən nəsillər formalaşıb. Gənclərin həyatının böyük bir hissəsi sosial şəbəkələr üzərində qurulub. Buna görə də hesab edirəm ki, gələcəkdə bir çox proseslər məhz bu reallıq nəzərə alınaraq planlaşdırılacaq və biz buna uyğunlaşmağa məcburuq”,-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər