00:00:00
Yazar
Səadət Əlizadə
06.11.2026 19:53 31 2 dəq oxuma
Sosial

Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilər?

Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilər?

Sosial şəbəkələrdə və internet platformalarında böhtan və təhqirlə üzləşən şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanları mövcuddur. Lakin şikayətin düzgün məhkəməyə təqdim edilməsi və sübutların qanunvericiliyin tələblərinə uyğun toplanması mühüm əhəmiyyət daşıyır.


 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən hüquqşünas Asim Abbasov bildirib ki, böhtan və təhqirə məruz qalan şəxslər hüquqlarını həm cinayət, həm də mülki qaydada müdafiə edə bilərlər:

 

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, zərərçəkən şəxs birbaşa birinci instansiya məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edə bilər. Eyni zamanda, Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, şərəf və ləyaqətin müdafiəsi, həqiqətə uyğun olmayan məlumatların təkzib olunması, silinməsi və mənəvi zərərin ödənilməsi tələbi ilə mülki iddia da qaldırıla bilər".

 

Onun fikrincə, sübut kimi ekran görüntüləri, paylaşımın internet linkləri, notarial qaydada təsdiqlənən elektron məlumatlar və zərurət olduqda məhkəmə-linqvistik ekspertizasının rəyi təqdim edilə bilər:

 

"Məhkəməyə müraciət zamanı təhqir və ya böhtan xarakterli paylaşımın, şərhlərin və mesajların aydın göründüyü ekran görüntüləri, həmin məlumatların dəqiq internet ünvanları və linkləri təqdim edilməlidir. Paylaşımların sonradan silinməsi ehtimalını nəzərə alaraq, elektron məlumatların notarial qaydada təsdiqlənməsi də məqsədəuyğundur. Bundan əlavə, ifadələrin həqiqətən təhqir və ya böhtan xarakteri daşıdığını müəyyən etmək üçün dilçilik və ya psixoloji ekspertiza rəylərindən, o cümlədən məhkəmə-linqvistik ekspertizasının nəticələrindən istifadə oluna bilər".

 

Sonda o bildirib ki, anonim və saxta hesablar vasitəsilə təhqir və böhtan yayan şəxslərin məsuliyyətə cəlb edilməsi mümkündür:

 

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi məhz saxta istifadəçi adları, profillər və ya hesablardan istifadə etməklə böhtan atma və təhqir etməyə görə məsuliyyət nəzərdə tutur. Belə hallarda istintaq və məhkəmə prosesində hüquq-mühafizə orqanları müvafiq platformalara və internet provayderlərinə sorğular göndərməklə hesabı idarə edən şəxsin IP ünvanını və digər texniki məlumatlarını müəyyənləşdirmək istiqamətində tədbirlər görə bilərlər".

 

Fatimə İbrahimova

#sosial #təhqirə #böhtan #necə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər