Səssiz qalanlar: Körfəz ölkələri İsrail-İran gərginliyində niyə geri çəkilir?
Yaxın Şərqdə İsrail–İran gərginliyi artdıqca regionun əsas oyunçuları sayılan Körfəz ölkələrinin səssizliyi diqqət çəkir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hava məkanlarının mümkün hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməyəcəklərini açıqlayaraq açıq qarşıdurmadan uzaq durduqlarını nümayiş etdiriblər. Bu “geri çəkilmə” ehtiyatlı diplomatiyanın nəticəsidir, yoxsa regionda dəyişən güc balansının göstəricisi? Körfəz ölkələri bu gərginlikdə niyə susmağı.
Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, ilk növbədə ABŞ-nin yeni siyasətində Körfəz ölkələrinin maraqları xüsusi yer tutur:
“Xüsusilə Səudiyyə Ərəbistanı ABŞ-nin İsrailə limitsiz dəstəyindən, Fələstinin faktiki olaraq ləğvindən, Qəzzada baş verən qətliamlardan və Qərb Sahilinin İsrail istiqamətində ilhaqından ciddi şəkildə narahatdır. Buna görə də ABŞ ilə münasibətlərdə müəyyən gərginlik mövcuddur. Eyni zamanda Səudiyyə Ərəbistanı Amerikaya anlatmağa çalışır ki, Çin, Rusiya və digər ölkələrlə də əməkdaşlıq edir. İran ilə Səudiyyə Ərəbistan arasında ortaq masanın qurulmasında bunu açıq şəkildə gördük. Səudiyyə Ərəbistanı çalışır ki, bölgədə böyük qlobal problem yaranmasın. İkinci məsələ isə odur ki, bölgədə münaqişə başlayacağı təqdirdə İran cavab olaraq çox ağır zərbələr endirə, genişmiqyaslı təxribatlar törədə bilər. Bu şəraitdə Körfəz ölkələri özlərini qoruma ehtiyacı hiss edirlər. Əlbəttə ki, ABŞ etiraz edəcək və onlardan ciddi şəkildə mövqe tələb edəcək. Amma istənilən halda Trampın mövcud xarici siyasəti yalnız Amerikanın maraqlarına fokuslanır və avropalı müttəfiqləri də nəzərə almamaq ehtimalı var. Əgər ciddi münaqişə baş verərsə, ABŞ məcbur qala bilər ki, tərəf seçsin. Bu halda hər ölkənin mövqeyi fərqli ola bilər. Məsələn, Səudiyyə Ərəbistanı sülh tərəfdarı kimi ABŞ ilə müəyyən məsafə qoya bilər. Eyni zamanda Rusiya və Çin bölgədəki gərginliyin qarşısını almağa çalışacaqlar. Nə dərəcədə müvəffəq ola biləcəklərini demək çətindir. Burada əsas aparıcı mövqe ABŞ-nin mövqeyidir və Vaşinqtonun bu ölkələr üzərində çox ciddi təzyiq imkanları var. Kritik məqamda ABŞ Körfəz ölkələrini istəməsələr belə öz qərarlarını yerinə yetirməyə məcbur edə, hətta onları hədəfə çevirə bilər”.
Cavahir Əsgərbəyli
