Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan
Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də NATO ilə əlaqələrin dərinləşdirilməsidir:
“Dünyada baş verən sürətli dəyişikliklər və qeyri-stabil vəziyyət təhlükəsizlik məsələlərini daha qabarıq şəkildə üzə çıxarır. Xüsusilə, regional oyunçuların artan ambissiyaları və aqressiv davranışları diqqət çəkir. Azərbaycan bu gün dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında fəal diplomatik iş aparır. Regionun güc mərkəzinə çevrilməklə yanaşı, Qərbin enerji və nəqliyyat şaxələndirilməsində də önəmli rol oynayır. Cənubi Qafqaz uğrunda gedən rəqabət, beynəlxalq hüququn deqradasiyaya uğraması və gücün üstünlük qazanması Azərbaycanın daha çevik və dinamik siyasi kurs yeritməsini şərtləndirir. Azərbaycan ordusu da NATO standartlarına uyğun qurulur ki, bu da inteqrasiyanın tempinə müsbət təsir göstərir. Cari ildə NATO ilə bir sıra layihə və proqramların gerçəkləşdirilməsi, həmçinin birgə təlimlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycanlı hərbçilər müxtəlif sahələr üzrə kurslara cəlb olunublar. Bütün bunlar NATO ilə tərəfdaşlıq üçün geniş imkanlar açır”.
Cavahir Əsgərbəyli
