Sudanda torpaq sürüşməsi
Sudanın qərbində, uzaq Marra Dağlarında baş verən torpaq sürüşməsi nəticəsində ən azı 1,000 nəfər həyatını itirib. Bu barədə məlumatı bölgəni nəzarətdə saxlayan Sudan Azadlıq Hərəkatı/Ordusu (SLM-A) yayıb.
Silahlı qrupun açıqlamasına görə, bir neçə gün davam edən güclü yağışlar bazar günü sürüşməyə səbəb olub. Hadisə Tarasin kəndinin böyük hissəsini tamamilə məhv edib, yalnız bir nəfər sağ qalıb. SLM-A BMT-yə və beynəlxalq humanitar təşkilatlara təcili yardım müraciəti edib. Qeyd olunur ki, Şimali Darfurun çoxsaylı sakinləri Sudan ordusu ilə paramilitar Sürətli Dəstək Qüvvələri (RSF) arasındakı müharibə səbəbindən evlərini tərk edərək Marra Dağlarına sığınıblar. Darfurun orduya yaxın qubernatoru Minni Minnavi hadisəni “insani faciə” adlandırıb. O, AFP-yə verdiyi açıqlamada belə deyib:
“Biz beynəlxalq humanitar təşkilatları bu kritik anda dərhal müdaxiləyə və yardım göstərməyə çağırırıq, çünki bu faciənin yükünü xalqımız təkbaşına daşıya bilməz". Hadisə yerindən yayımlanan şəkillərdə dağın yamacında iki dərin yarğanın birləşərək Tarasin kəndinin yerləşdiyi aşağı hissəyə axdığı görünür. Sudanda 2023-cü ilin aprelindən bəri davam edən vətəndaş müharibəsi ölkəni aclığa sürükləyib və xüsusən Qərbi Darfur bölgəsində soyqırım iddialarına yol açıb. Müharibədə həlak olanların sayı barədə rəqəmlər fərqlidir, lakin ABŞ rəsmilərindən biri ötən il 150,000 nəfərin öldüyünü, təxminən 12 milyon insanın evlərini tərk etdiyini açıqlamışdı.
Torpaq sürüşməsinin baş verdiyi ərazini nəzarətdə saxlayan Sudan Azadlıq Hərəkatı/Ordusunun bəzi fraksiyaları, Sudan ordusunun tərəfində RSF-ə qarşı vuruşacaqlarını bəyan ediblər. Bir çox Darfurlu isə RSF və ona bağlı milislərin bölgəni etnik baxımdan qarışıq olan ərazilərdən təmizləyərək ərəb hökmranlığı altında formalaşdırmağa çalışdıqlarına inanır.
BBC NEWS
Ayşə Müzəfərli
