00:00:00
Yazar
Nərmin Həşimova
26.05.2026 22:49 21 4 dəq oxuma
Sosial

Süni intellekt insanların yaradıcılığını əlindən alır?

Süni intellekt insanların yaradıcılığını əlindən alır?

Süni intellekt artıq təkcə texniki sahələrdə deyil, yaradıcı sənayelərdə də sürətlə yayılır. Bu gün süni intellekt vasitəsilə musiqi bəstələmək, mahnı sözləri yazmaq, loqo hazırlamaq, poster və hətta rəsm yaratmaq mümkündür. Bir neçə saniyə ərzində hazırlanan bu işlər həm sürəti, həm də ucuzluğu ilə diqqət çəkir. Bu vəziyyət isə musiqiçilər, dizaynerlər və digər yaradıcı şəxslər arasında ciddi müzakirələr yaradıb. Bəziləri hesab edir ki, süni intellekt insan yaradıcılığını kölgədə qoyacaq, digərləri isə süni intellekti sadəcə köməkçi alət kimi görür.


Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, süni intellektin yaradıcılıq sahəsində geniş yayılması insanlarda həm maraq, həm təəccüb və heyranlıq, həm də müəyyən qədər qorxu hissi yaradır:


“Çünki ilk dəfədir ki, insanlar yaradıcı tərəflərinin də əvəz oluna biləcəyi fikri ilə qarşılaşırlar. Fiziki işlərin texnologiya və müxtəlif alətlərlə əvəz olunmasına insanlar artıq öyrəşiblər. Ancaq yaradıcılığın da texnologiya vasitəsilə həyata keçirilə bilməsi insanlarda fərqli duyğular formalaşdırır. Burada vacib məqam ondan ibarətdir ki, süni intellekt yaradıcılığı tam şəkildə əvəz etmir, sadəcə onun formasını dəyişdirir. Eyni zamanda, bəzi insanlar üçün özünüifadə imkanlarını genişləndirir. Məsələn, rəsm çəkməyi bacarmayan biri ideyasını süni intellekt vasitəsilə vizuallaşdıra bilir. Musiqi biliyi olmayan insan müəyyən melodiyalar yarada bilir. Bu baxımdan süni intellekt bəzi insanların özünü inkişaf etdirməsinə, maraq dairəsini genişləndirməsinə və ideyalarını daha rahat ifadə etməsinə kömək edir. Digər tərəfdən isə hər şeyin saniyələr içində hazırlanması insan əməyinin və zəhmətinin dəyərini hiss etməyi çətinləşdirə bilər. Çünki yaradıcılıq yalnız nəticədən ibarət deyil. Yaradıcılıq həm də prosesdir, təcrübədir, daxili dünyada yaşanan hisslərdir. İnsan bir əsər yaradarkən yalnız məhsul ortaya qoymur, eyni zamanda öz hisslərini, düşüncələrini və yaşadıqlarını həmin işə ötürür. Süni intellekt isə məlumatı sürətli şəkildə təqdim edir, lakin o duyğunu yaşatmır. Ən böyük risklərdən biri insanın öz yaradıcılığına olan inamını itirməsidir. İnsanlar süni intellektlə müqayisə apardıqca “Mənim yaratdığım nə üçün dəyərlidir?” sualı yaranır. Əmək, mübarizə və uzun proses olmadıqda motivasiya zəifləyə bilər. Xüsusilə, illərlə sənətlə məşğul olub özünü inkişaf etdirən insanlar bir neçə saniyədə hazırlanan məhsullarla müqayisə olunanda dəyərsizlik hissi, emosional yorğunluq və ruh düşkünlüyü yaşaya bilərlər. Unutmamaq lazımdır ki, bir musiqini və ya rəsmi dəyərli edən yalnız onun görüntüsü və ya melodiyası deyil. Onun arxasında duran hekayə, hisslər, yaşanan təcrübələr və insan baxışıdır. Süni intellekt məlumatları birləşdirə bilir, amma insan kimi yaşamır, hiss etmir və təcrübə qazanmır. İnsan yaradıcılığının əsas gücü də məhz buradadır - hiss etmək, yaşamaq və bunu mənaya çevirmək. Gələcəkdə süni intellekt bir çox texniki və yaradıcı prosesləri sürətləndirə bilər, bəzi peşələrin forması dəyişə bilər. Amma insanın duyğularını, həyata baxışını, yaşadığı hekayələri və hisslərini tam şəkildə əvəz etmək çox çətindir. Çünki insan yalnız yaratmır - o həm hiss edir, anlayır, dərk edir və yaratdığı işə öz emosiyalarını qatır. Yaradıcılığı dəyərli edən əsas məqam da məhz budur”.


İT mütəxəssisi Elvin Həsənov isə qeyd edib ki, süni intellektin yaradıcı sahələrdə bu qədər sürətlə yayılmasının əsas səbəbi onun böyük həcmdə məlumatı çox qısa müddətdə emal edə bilməsidir:


“Əgər əvvəllər bir loqonun hazırlanması, musiqi ideyasının qurulması və ya dizayn konseptinin yaradılması saatlar və ya günlər tələb edirdisə, indi süni intellekt bu prosesləri saniyələr ərzində həyata keçirə bilir. Bu da sürət və əlçatanlıq baxımından ciddi üstünlük yaradır. Ancaq burada vacib bir məqam var: süni intellekt yaradıcı görünə bilər, lakin onun işləmə prinsipi insan yaradıcılığı ilə eyni deyil. İnsan yaradıcılığı hisslərə, şəxsi təcrübəyə və fərqli düşüncə tərzinə əsaslanır. Süni intellekt isə mövcud məlumatlardan öyrənərək həmin məlumatlar əsasında yeni kombinasiyalar yaradır. Yəni o, tamamilə sıfırdan hiss və ya ilham yaratmır, daha çox gördüyü nümunələri fərqli formada birləşdirir. Bu səbəbdən süni intellektin insan yaradıcılığını tamamilə əvəz edəcəyini demək hələ doğru olmaz. Çünki sünu intellekt bir rəssamın duyğusunu, musiqiçinin yaşadığı hissləri və ya yazıçının həyat təcrübəsini olduğu kimi təkrarlaya bilmir. Bununla yanaşı, texnoloji bir alət olaraq yaradıcı prosesləri sürətləndirə və insanlara əlavə imkanlar təqdim edə bilir. Risk məsələsinə gəldikdə isə, daha çox təkrarlanan və standartlaşdırılan yaradıcı işlərin təsirlənəcəyi ehtimal olunur. Məsələn, sadə loqo dizaynları, standart reklam vizualları və ilkin kontent hazırlığı kimi işlər süni intellekt vasitəsilə daha sürətli şəkildə yerinə yetirilə bilər. Lakin orijinal ideya, strateji düşüncə və emosional yanaşma tələb edən yaradıcı sahələrdə insan faktoru hələ də əsas rol oynamağa davam edəcək”.


Cavahir Əsgərbəyli

#süni intellekt #təsir #yaradıcılıq #insan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər