Tehranın dözümlülük nümayişi: SEPAH-ın raket strategiyasının pərdəarxası
SEPAH rəsmisi general Əli Balali "Əl-Cəzirə"yə bildirib ki, İran ballistik raket və hərbi texnika istehsal etmək gücünü tam qoruyub saxlayır.
Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Amerika və İran arasında savaşın başlanmasının səbəblərindən biri İranın malik olduğu raket potensialı və onların uçuş məsafəsi ilə bağlı olan narahatlıqlar idi:
"Amerika və İsrailin İran qarşısında irəli sürdüyü 4 əsas tələbdən biri də raket istehsalının məhdudlaşdırılması, onların uçuş məsafəsinin 300 km-in üzərində olmaması tələbləri idi. Bunu da İran tərəfi qəbul etmirdi və savaş başlananda Amerika-İsrail koalisiyası İranın nüvə mərkəzləri ilə bərabər, həm də onun PUA və raket istehsal edən müəssisələrini, istehsal sahələrini, anbarlarını, təchizat sistemlərini hədəfə aldılar. İranın öz potensialını qoruyub saxlamasında və bugünkü müqavimətin davamında Rusiya və Çin faktoru önəmlidir. Hələ savaş başlamamışdan əvvəlki müddətdə, yanvar və fevral aylarında yayılan məlumatlardan da görünüb ki, həm Rusiya, həm də Çin İrana müdafiə qabiliyyətini artırmaq üçün müəyyən sistemlər, xüsusilə hava hücumundan müdafiə və dron sistemləri verirdilər”.
Politoloqun sözlərinə görə, hər iki ölkə İranı kəşfiyyat məlumatları ilə də təmin edirdi ki, bu da İranın müqavimətinin və dözümlülüyünün davam etməsində kifayət qədər ciddi faktor olub:
“Təbii ki, İranın özünün də müəyyən potensialı var idi, amma Çin və Rusiyanın dəstəyi hesab edirəm ki, burada kifayət qədər ciddi rol oynayıb. İranın özünün potensialını və istehsal sahələrini qoruyub saxlamasının əsas səbəblərindən biri həmin müəssisələrin əhəmiyyətli hissəsinin gizlilik şəraitində fəaliyyət göstərməsidir. İstehsal müəssisələrinin dağlıq ərazilərdə, xüsusi yeraltı müəssisələrdə istehsal olunması ilə bağlıdır ki, həm onların yerini müəyyənləşdirmək çətin olub, həm də onlara endirilən raket zərbələri təbii mühafizə sistemləri vasitəsilə, yəni dağlıq ərazilər, qayalıqlar və s. kimi qorunmaqla İran bu potensialını qoruya bilib”.
Xədicə İsmayılova