Tehranın geri çəkilməsi neft qiymətlərini aşağı salacaqmı?
Keçən ilin iyunundan bəri İran uranın zənginləşdirilməsi imkanlarını bərpa etməyib.
Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Senatda dinləmələr zamanı bildirib. O qeyd edib ki, ötən ilin iyununda baş verən 12 günlük müharibə zamanı İranın nüvə zənginləşdirmə təsisatları məhv edilib və bu günə qədər bu istiqamətdə hər hansı bərpa səyləri müşahidə olunmayıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, İranın nüvə proqramı ətrafında risklərin azalması geosiyasi gərginliyin müəyyən qədər səngiməsinə səbəb olur:
“Bu isə enerji bazarlarında risk premiumunun, yəni müharibə və ya sanksiya qorxusu ilə bağlı əlavə qiymət artımı amilinin zəifləməsi ilə nəticələnə bilər. Belə şəraitdə neft və qaz bazarlarında kəskin qiymət sıçrayışlarının ehtimalı azalır. Bu prosesin birbaşa və dərhal qiymət enişi yaradacağını demək düzgün olmaz. Çünki qlobal enerji qiymətləri yalnız geosiyasi faktorlarla deyil, eyni zamanda təklif-tələb balansı, OPEC və onun tərəfdaşlarının qərarları, eləcə də böyük istehlakçı ölkələrin iqtisadi aktivliyi ilə müəyyən olunur. Lakin ümumi mənzərədə risklərin azalması qiymətlərdə nisbi sabitliyə töhfə verə bilər. Region baxımından isə gərginliyin azalması Azərbaycanın enerji ixracı üçün müsbət fon yaradır. Daha stabil mühit ixrac marşrutlarının təhlükəsizliyini artırır, uzunmüddətli müqavilələrə marağı gücləndirir və investorların risk iştahasını yüksəldir. Bu baxımdan Azərbaycan qazının Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizi kimi strateji layihələrin əhəmiyyəti daha da artır. Ölkənin etibarlı enerji tərəfdaşı kimi mövqeyi güclənir. Qısacası, İran ətrafında nüvə risklərinin azalması qlobal enerji bazarında sabitliyə dəstək verən amil kimi çıxış edə bilər. Bu tendensiya Azərbaycanın enerji ixrac perspektivləri üçün ümumilikdə müsbət qiymətləndirilir”.
Nuray Əliyeva