Teleradio Akademiyasında gənc jurnalistlərin hazırlığı - Südabə Cahangirli vacib məqamları açıqladı
Dünyamızla bərabər jurnalistikanın tələbləri də sürətlə dəyişir. Əgər əvvəllər daha çox dəqiqlik və məsuliyyət öndə olurdusa, indi gənc jurnalistlər operativliyə üstünlük verirlər. AzTV-nin Teleradio Akademiyasının müəllimi Südabə Cahangirlinin hər il müdavimlərin media düşüncəsində müşahidə etdiyi əsas dəyişiklik gənclərin jurnalistikaya “xəbəri ilk çatdıran mən olum” prinsipi ilə yanaşmasıdır. Bundan əlavə, AzTV-nin İnformasiya Proqramları Studiyasının redaktoru düşünür ki, il-ildən gənclər daha çox süni intellekt və yeni texnologiyalardan faydalanmağa çalışırlar ki, bu da təbiidir.
“Bilirsiz, müasir media mühitində oprerativlik çox vacibdir. Amma operativ olmaq faktı yoxlamamaq və ya dil normalarına riayət etməmək demək deyil. Təlim prosesi irəlilədikcə AzTV-nin Teleradio Akademiyasının müdavimlərinə xəbərin mənbəyini, etibarlılığını, auditoriyaya təsiri və təqdimat formasının əhəmiyyətini izah edirik. Yəni operativliklə yanaşı jurnalist məsuliyyəti, balansı qorunmalıdır. Zaman keçdikcə onlar da razılaşırlar ki, peşəkar jurnalistin əsas üstünlüyü yalnız informasiyanı tez çatdırmaq deyil, onu dəqiq, aydın, obyektiv və məsuliyyətli şəkildə təqdim etməkdir”.
AzTV-nin İnformasiya Proqramları Studiyasının redaktoru canlı efirdə dil xətaları ilə operativ işləmək bacarığını formalaşdırmaq üçün müdavimlərlə ilk növbədə praktik məşqlərə üstünlük verdiyini deyir.
“Müdavimləri maksimum real efir şəraiti vəziyyətinə salmağa çalışırıq. Onlara əvvəlcədən hazırlanmış və ya gözlənilməz suallar verilir, məhdud vaxt ərzində cavab hazırlamaq və fikri düzgün ifadə etməyi tapşırırıq. Müdavim aparıcı, müxbir və ya spiker rolunda çıxış edir. Müşahidə zamanı onun nitqində yaranan səhvləri və ya problemli məqamları birlikdə müzakirə edirik. Məqsəd sadəcə səhvi göstərmək deyil, müdavimə həmin anda fikrini necə daha düzgün və təbii şəkildə ifadə edə biləcəyini öyrətməkdir. Biz həmçinin özünüredaktə vərdişinin formalaşdırılmasına xüsusi əhəmiyyət veririk. Çünki canlı efirdə aparıcının və ya jurnalistin hər cümləsini kimsə redaktə edə bilməz. O, səhvi özü hiss etməli, fikri itirmədən və auditoriyanın diqqətini yayındırmadan nitqini operativ şəkildə düzəltməyi bacarmalıdır”.

Dərslərdə rəqəmsal platformaların təsiri ilə televiziya dilində müşahidə olunan dəyişikliklərin təhlilinə gəlincə, Südabə Cahangirlinin fikrincə, rəqəmsal platformaların televiziya dilinə təsiri artıq açıq şəkildə hiss olunur və bu dəyişiklikləri tədris prosesindən kənarda saxlamaq mümkün deyil.
“Sosial media və rəqəmsal platformalar informasiyanın daha dinamik formada təqdim edilməsinə səbəb olub. Bu isə, televiziya dilinə, xüsusilə xəbər mətnlərinin quruluşuna və təqdimatına təsir göstərir. Akademiyada bu tendensiyaları həm üstünlükləri, həm də riskləri baxımından təhlil edirik. Məsələn, qısa və aydın ifadə, informasiyanın əsas məğzini tez çatdırmaq, auditoriyanın diqqətini cəlb etmək müsbət tendensiyalardır. Amma sosial şəbəkələrdən gələn danışıq dili və ya tərzi, lazımsız qısaltmalar, yad sözlərdən çox istifadə olunması, emosional və qeyri-dəqiq ifadələr televiziya dilinə mexaniki daşınmamalıdır. Xarici dildə olan bir kəlmənin, sözün dilimizdə qarşılığı, tərcüməsi varsa, onu beynəlxalq termindir, deyə efirə gətirmək düzgün deyil”.
AzTV-nin Teleradio Akademiyasının müəllimi Südabə Cahangirli deyir ki, dilimizdə “tərəqqi”, “inkişaf” kəlmələri olduğu halda, biz niyə “proqress” ifadəsini işlətməliyik. Tədris prosesində müdavimlərə müasir media dilini tanımaqla yanaşı, ədəbi dil normalarını qorumağın vacibliyi də izah edilir. Məqsəd ənənəvi televiziya dili ilə rəqəmsal media dilini qarşı-qarşıya qoymaq deyil, onların imkanlarını düzgün şəkildə birləşdirməkdir. AzTV-nin İnformasiya Proqramları Studiyasının redaktoru müdavimlərin hazırladığı xəbər süjetlərini qiymətləndirərkən məzmunu, faktlarla işləmə bacarığını, təqdimat və dil keyfiyyətini bir-birindən ayırmır.
“Peşəkar xəbər süjetində məzmun, faktlarla işləmə bacarığı, təqdimat və dil bir-birini tamamlamalıdır. Amma seçim etmək lazım gəlsə, məzmun və faktların düzgünlüyü bir sıra öndə dayanır. Çünki jurnalistikanın əsas prinsiplərindən biri dəqiq və etibarlı informasiya təqdim etməkdir. Dil baxımından mükəmməl hazırlanan, lakin dəqiq faktlara əsaslanmayan süjet peşəkar jurnalistika nümunəsi sayıla bilməz. Amma bununla yanaşı, doğru faktlara əsaslanan xəbər dil baxımından da düzgün və anlaşıqlı formada təqdim olunmalıdır. Xüsusilə də televiziya jurnalistikasında mətn, səs, nitq bir-biri ilə vəhdət təşkil edir. Yəni, bütün bunlar bir-birini tamamladıqda təqdim edilən material qənaətbəxş hesab olunur. Ona görə də müdavimlərə də başa salırıq ki, yaxşı material hazırlamaq üçün bütün tələblərə əməl olunmalı, başlıcası isə jurnalist məsuliyyəti yaddan çıxarılmamalıdır”.
AzTV-nin Teleradio Akademiyasının müəllimi Südabə Cahangirlinin jurnalistikanı, xüsusilə də televiziyanı seçən gənclərdən istəyi bu peşəni sevmələridir.
“Çünki jurnalistika yalnız xəbər yazmaq və informasiya çatdırmaq deyil, cəmiyyətin səsini, həqiqəti eşitdirmək, insanların problemlərini gündəmə gətirməkdir. Bu da olduqca məsuliyyətlidir və buna qatlaşmaq üçün peşəyə böyük sevgi tələb olunur. Jurnalistikanı seçənlər bilməlidir ki, o, cəmiyyətlə insanlar arasında mühüm bir körpüdür. Sosial şəbəkələrin və müxtəlif informasiya platformalarının geniş yayılması xəbərə çıxışı asanlaşdırsa da, doğru və etibarlı məlumatın əhəmiyyətini daha da artırıb. Məhz buna görə peşəkar, savadlı, araşdırmağı və düzgün sual verməyi bacaran jurnalistlərə böyük ehtiyac var. Gənclər jurnalistikaya yalnız bir peşə kimi deyil, həm də cəmiyyətə xidmət vasitəsi kimi yanaşmalıdırlar. Onlar daim oxumalı, dünyagörüşlərini genişləndirməli, yeni texnologiyaları öyrənməli, hadisələrə müxtəlif tərəflərdən baxmağı bacarmalıdırlar”.
