00:00:00
Yazar
Zəhra Həsənova
02.06.2026 21:07 21 3 dəq oxuma
Sosial

Tez əsəbiləşmənin səbəbi nədir? - AÇIQLAMA

Tez əsəbiləşmənin səbəbi nədir? - AÇIQLAMA

İnsanların tez əsəbiləşməsi çox vaxt xarakter xüsusiyyəti kimi qiymətləndirilsə də, psixoloqlar bunun arxasında daha mürəkkəb səbəblərin dayandığını bildirirlər. Qəzəb əslində insanın özünü təhlükədə, təzyiq altında və ya narahat hiss etdiyi zaman ortaya çıxan təbii emosional reaksiyadır.

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, tez əsəbiləşən insanlar haqqında çox vaxt “xasiyyəti belədir” və ya “bu cür insandır, onu belə qəbul edin” deyilir:

 

“Halbuki əksər hallarda əsəbin arxasında başqa səbəblər dayanır: qəzəb, yorğunluq, məyusluq, dəyər verilmədiyini hiss etmək və ya müxtəlif emosional çətinliklər. Bunlar isə çox zaman yalnız qəzəb şəklində görünür. Qəzəb insanın əsas emosiyalarından biridir və müəyyən hallarda tamamilə normal reaksiyadır. Haqsızlıq gördükdə, sərhədlərimiz pozulduqda və ya özümüzü təhlükədə hiss etdikdə qəzəblənməyimiz, əsəbiləşməyimiz və gərginlik hiss etməyimiz təbii haldır. Lakin bir insan ən kiçik hadisəyə belə həddindən artıq güclü reaksiya verirsə, artıq həmin reaksiyanın altında hansı psixoloji və emosional səbəblərin dayandığını araşdırmaq lazımdır. Bəzən insanlar düşündüyümüz kimi çox əsəbi olmurlar. Onların əsəbiliyinin altında sadəcə böyük bir yorğunluq, uzunmüddətli gərginlik və emosional yük dayanır. Belə hallarda insanlar istəmədən ətrafındakı şəxslərə qarşı daha gərgin və ya əsəbi davranış nümayiş etdirə bilərlər. Bəli, çox ciddi təsir edə bilər. Əgər uşaq böyüdüyü ailədə problemlərin qışqırıq, aqressiya və ya təzyiq yolu ilə həll olunduğunu görürsə, zamanla bu davranış modelini mənimsəyir və böyüdükdə ətrafındakı insanlarla münasibətlərində də bunu təkrarlaya bilir. O, bu davranışı normal ünsiyyət forması kimi qəbul etməyə başlayır. Digər tərəfdən, əgər uşaq daim tənqid olunursa, hisslərini ifadə etməsinə imkan verilmirsə, sözünü tamamlamağa belə fürsət tapmırsa və ya sevgini yalnız müəyyən şərtlər qarşılığında alırsa, daxildə yığılan emosiyalar sonradan qəzəb formasında ortaya çıxa bilər. Tez-tez vurğulandığı kimi, qəzəbin kökündə hər zaman bu gün baş verən hadisə dayanmır. Bəzən onun arxasında aylarla, hətta illərlə yığılıb qalmış emosiyalar, yaşanmış təcrübələr və ifadə olunmamış hisslər dayanır. Əslində hər iki halın ifrat forması zərərlidir. Əgər qəzəbimizi daim içimizdə saxlayırıqsa, hisslərimizi ifadə etmiriksə və dəfələrlə hörmətsizlik, haqsızlıq və ya dəyərsizləşdirilmə ilə qarşılaşırıqsa, bu zaman daxildə yığılan gərginlik artmağa başlayır. Bu da zamanla narahatlıq, stress və hətta bəzi psixosomatik problemlərə səbəb ola bilər. Digər tərəfdən, qəzəbi nəzarətsiz şəkildə ifadə etmək də münasibətlərə və insanın psixoloji vəziyyətinə zərər verə bilər. Çünki qəzəbimizi ifadə etmə tərzimiz ətrafımızla olan ünsiyyətimizə birbaşa təsir göstərir”.

 

Psixoloqun sözlərinə görə, ən sağlam yanaşma qəzəbi nə boğmaq, nə də partlatmaqdır:

 

“Qəzəbi idarə etməyi öyrənmək lazımdır. Həmçinin “mən beləyəm” deyərək əsəbimizi və qəzəbimizi ifrat şəkildə nümayiş etdirmək də düzgün yanaşma deyil. Ən vacib məqam odur ki, keçirdiyimiz hisslərin fərqinə varaq. Niyə bu qədər qəzəbli olduğumuzu anlamağa çalışaq. Hisslərimizi tanıyaq, səbəblərini dərk edək və onları uyğun şəkildə ifadə etməyi öyrənək. Çünki qəzəb çox vaxt əsl hissi gizlədir. Bəzən onun altında yorğunluq, başa düşülməmək, özünü dəyərsiz hiss etmək, inciklik və ya uşaqlıqda yaşanmış hər hansı bir hadisəni xatırladan bir vəziyyət dayanır. Hər insanın qəzəbə yanaşması və onu ifadə etmə tərzi fərqlidir. Eyni zamanda qəzəbin yaranma səbəbləri də hər kəsdə müxtəlif ola bilər. Burada ən vacib məqam budur ki, insanı yoran qəzəbin özü deyil, uzun müddət ifadə olunmayan hisslərdir. Qarşımızdakı insanlara qəzəb, əsəb və ya aqressiya ilə yanaşmaq əvəzinə, anlayışlı şəkildə danışmağı, fikirlərimizi ifadə etməyi və qarşılıqlı anlaşmağa çalışmağı üstün tutmalıyıq. Çünki qəzəblənmək də asandır, əsəbiləşmək də asandır, dağıtmaq da asandır. Əsl dəyər isə yaratmağı bacarmaqdadır. Biz dağıtmağı deyil, yaratmağı seçməliyik”.

Selcan Xudiyeva

#baki #xəbər #yeni #gündəm #tez
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər