TikTok və Reels qısa diqqət problemini artırır?
Son illərdə sosial media platformalarında qısa videoların populyarlığı sürətlə artıb. Xüsusilə TikTok və Instagram platformasındakı “Reels” formatı milyonlarla insanın gündəlik vərdişinə çevrilib. Bir neçə saniyəlik sürətli və dinamik videolar istifadəçilərə əyləncəli görünsə də, mütəxəssislər bunun diqqət müddətinə təsiri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Araşdırmalara görə, davamlı olaraq qısa və sürətli məzmun izləmək insanların uzunmüddətli diqqət toplamaq bacarığını zəiflədə, dərs və iş zamanı fokus problemini artıra bilər. Bəs həqiqətənmi TikTok və Reels insan beynini “sürətli məzmun”a öyrəşdirir?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, TikTok və Reels kimi qısa video formatları son illərdə insanların informasiya qəbul etmə tərzini ciddi şəkildə dəyişib:
“Bu platformalar insan beyninin sürətli stimul və ani mükafat sisteminə uyğun işlədiyi üçün çox cəlbedici görünür. Qısa müddətdə davamlı yeni görüntü, musiqi, emosional keçid və maraqlı informasiya almaq beyində dopamin ifrazını artırır. Bu səbəbdən insan bir videodan digərinə keçdikcə beynində “yenə maraqlı nəsə çıxacaq” gözləntisi yaranır və bu da platformanı daha uzun istifadə etməyə səbəb olur. TikTok və Reels-in asılılıq yaratmasının əsas səbəblərindən biri də məzmunun qeyri-müəyyən mükafat prinsipi ilə işləməsidir. İnsan hər videoda nə görəcəyini bilmədiyi üçün beyin davamlı “növbəti daha maraqlı ola bilər” düşüncəsi ilə platformada qalır. Bu mexanizm qumar və digər davranış asılılıqlarında işləyən psixoloji sistemə bənzəyir. Qısa videolar diqqət müddətinə də təsir göstərə bilir. İnsan beyni davamlı sürətli və qısa məzmuna alışdıqda uzunmüddətli fokus tələb edən fəaliyyətlər kitab oxumaq, dərs çalışmaq, uzun videoya baxmaq və ya dərin düşünmək daha yorucu görünməyə başlayır. Çünki beyin artıq tez-tez dəyişən stimul və sürətli mükafat ritminə öyrəşir. Bu, xüsusilə yeniyetmə və gənclərdə daha qabarıq hiss oluna bilər. Çünki inkişaf dövründə olan beyin diqqət və impuls idarəetmə bacarıqlarını hələ formalaşdırır. Davamlı sürətli kontent istehlakı isə səbr və diqqət davamlılığını zəiflədə bilər. Sosial media alqoritmlərinin psixologiyaya təsiri də böyükdür. Alqoritmlər insanın nəyi daha çox izlədiyini analiz edərək ona uyğun məzmun göstərir. Bu da insanın platformada daha uzun qalmasına səbəb olur. Problem ondadır ki, alqoritm insanın psixoloji vəziyyətinə yox, diqqətini platformada saxlamağa fokuslanır. Nəticədə insan fərqinə varmadan saatlarla eyni tip məzmun istehlak edə bilir. Digər tərəfdən, davamlı müqayisə hissi, sürətli həyat görüntüləri və “hamı nəsə edir” təəssüratı da insanlarda narahatlıq, diqqət dağınıqlığı və emosional yorğunluq yarada bilər”.
Banuçiçək Məmmədova