Tələffüz və dil səhvləri
Gündəlik danışıqda tələffüzün düzgünlüyü və dilin səlisliyi ünsiyyətin əsas şərtlərindən biridir. Bəzən insanlar fərqinə varmadan bəzi sözləri səhv işlədir, səsləri düzgün tələffüz etmir və ya vurğunu yanlış qoyurlar. Bu kimi dil qüsurları danışığın axıcılığını zəiflədir və fikrin tam anlaşılırlığını çətinləşdirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova bildirib ki, bu gün informasiya məkanının sərhədləri demək olar ki, yoxdur və dünya dilləri bir-birinə qarşılıqlı təsir göstərir:
“Xüsusilə də ingilis dilinin sürətlə yayılması nəticəsində həm gündəlik ünsiyyətdə, həm mediada, həm də texniki sahələrdə yad sözlərin çoxalması müşahidə olunur. Bəzən bu proses təbii axarı ilə davam etsə də əsas problem həmin sözlərin yersiz, məna yükünə uyğun olmayan şəkildə dilə daşınması ilə bağlıdır. Ana dilinin saflığını qorumaq təkcə dil məsələsi deyil-bu, milli kimliyin, mədəni yaddaşın, tarixi varisliyin və düşüncə tərzinin qorunması deməkdir. Dilin strukturu pozulduqda təfəkkürün ifadə imkanları da zəifləyir. İnsan dil vasitəsilə düşünür, ona görə də, fikrimcə, ana dilindəki orijinal söz və ifadələrin itməsi xalqın özünəməxsus düşüncə tərzinə zərbə vurur.
Bundan başqa, dilin saflığının pozulması zamanla ədəbi dil normalarının qarışmasına, nitq mədəniyyətinin xüsusilə gənclər arasında zəifləməsinə səbəb ola bilər. Bu isə informasiya cəmiyyətində həm sosial, həm mədəni, həm də təhsil baxımından ciddi fəsadlara gətirib çıxarır. Beləliklə, ana dilinin saflığını qorumaq həm milli özünüdərkin davamlılığı, həm də cəmiyyətin intellektual inkişafı üçün strateji əhəmiyyət daşıyır”.
Müsahibimiz həmçinin bildirib ki, ana dilinin qorunması kompleks və çoxsahəli fəaliyyət tələb edir:
“Burada həm ictimai şüur, həm media siyasəti, həm də təhsil sisteminin rolu böyükdür. Birincisi, mediada dilə nəzarətin gücləndirilməsi zəruridir. Televiziya və radio aparıcıları, sayt redaktorları, bir sözlə, jurnalistlər dil normalarını pozmamalı, yad sözləri kor-koranə deyil, yalnız zərurət olduqda, ana dilimizdə qarşılığı olmadıqda istifadə etməlidirlər. Media orfoqrafiya və üslub qaydalarına ciddi riayət etməli, vaxtaşırı daxili monitorinqlər aparılmalı, redaktor məktəbi inkişaf etdirilməli, dil mütəxəssisləri ilə əməkdaşlıq sistemli şəkildə qurulmalıdır.
İkincisi, məktəblərdə və universitetlərdə ana dilinin tədrisi yalnız nəzəriyyə ilə məhdudlaşmamalıdır. Şagirdlərə praktik nitq bacarığı-səlis danışıq, düzgün ifadə seçimi, ədəbi dil normalarının tətbiqi-öyrədilməlidir. Fikrimcə, dövlət məktəblərində ibtidai təhsil mütləq Azərbaycan dilində olmalıdır. Təbii ki, xarici dillərin də tədrisi önəmlidir. Xüsusilə ibtidai siniflərdən başlamaqla müəllimlərin nitq mədəniyyəti üzrə peşəkarlığı, dil bilgiləri artırılmalıdır. Ailə mühiti dilin saflığının qorunmasında əsas faktordur. Uşaqların ana dilində düzgün danışığa alışması üçün valideynlər özləri nümunə olmalıdırlar, məsələn, evdə kiçik də olsa kitabxana yaratmaq, yeniyetməri mütaliəyə həvəsləndirmək vacibdir. Nəhayət, sosial şəbəkə istifadəçiləri arasında dil mədəniyyəti ilə bağlı maarifləndirici kampaniyalar aparıla bilər. İnternet mühiti dilin ən çox pozulduğu sahədir, buna görə yeni nəsil üçün rəqəmsal savadlılıqla yanaşı “dil savadlılığı” da təşviq olunmalıdır. Son olaraq, onu da vurğulayım ki, orfoqrafiya və terminologiya sahəsində görülən işlərin intensivləşdirilməsi, dilin daxili imkanları hesabına yeni sözlərin istifadəsi faydalı addımlardan ola bilər. Nəticə etibarilə, ana dilinin saflığının qorunması yalnız bir qurumun və ya bir şəxsin işi deyil-bu, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyətidir”.
Banuçiçək Məmmədova
