Trampdan gözlənilməz açıqlama: Putin Ukrayna ilə sazişdə daha maraqlıdır
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşma əldə etməkdə Ukrayna lideri Volodimir Zelenskidən daha çox maraqlıdır və buna daha çox can atır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Putin və Zelenski arasında sazişin imzalanmasına əsas maneə ərazi məsələsi, Ukraynanın gələcək təhlükəsizliyi və müharibədən sonrakı siyasi nizamla bağlı ziddiyyətlərdir:
"Moskva Ukraynanın hərbi imkanlarına və təhlükəsizlik istiqamətinə məhdudiyyətlər qoyulmasını istəyir. Kiyev isə işğal olunmuş ərazilərlə bağlı güzəştlərin gələcəkdə yeni hücumlara yol açmaması üçün etibarlı təhlükəsizlik təminatları tələb edir. Tərəflər arasında əsas problem yalnız atəşin dayandırılması deyil, sülhün hansı şərtlərlə və nə qədər davamlı olacağıdır. Tramp hər iki tərəfə təzyiq göstərmək üçün fərqli vasitələrdən istifadə edə bilər”.
Politoloqun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək, Ukraynaya hərbi və maliyyə yardımını artırmaq və ya Moskva ilə iqtisadi əməkdaşlıq imkanlarını danışıqlarda rıçaq kimi tətbiq etmək mümkündür:
“Ukraynaya isə ABŞ yardımının həcmi və təhlükəsizlik təminatları vasitəsilə təsir göstərməyə çalışa bilər. Ancaq təzyiqin birtərəfli tətbiqi tərəflərdən birini güzəştə məcbur etmək əvəzinə, onun müqavimətini gücləndirə bilər. Vaşinqtonun Rusiya ilə dizel ticarətini genişləndirmək təşəbbüsü Moskvanı danışıqlara qaytarmaq cəhdi kimi təqdim olunur, lakin bu addım Rusiyaya əlavə gəlir gətirə biləcəyi üçün mübahisələrə səbəb olub. Trampın Putin barədə fikrinin arxasında taktiki hesablamalar da dayana bilər. ABŞ prezidenti Rusiyanın iqtisadi və hərbi təzyiqlər fonunda danışıqlara ehtiyac duyduğunu düşünür. Bununla belə, Rusiyanın danışıqlarda iştirak etməsi onun əsas tələblərindən imtina etməsi demək deyil. Moskva sülh danışıqlarından öz mövqeyini möhkəmləndirmək və ABŞ-lə iqtisadi münasibətləri yaxşılaşdırmaq üçün də istifadə edə bilər".
Xədicə İsmayılova