00:00:00
Yazar
Admin User
09.12.2025 17:35 101 3 dəq oxuma
Sosial

Travmanın şəxsiyyətin formalaşmasına təsiri

Travmanın şəxsiyyətin formalaşmasına təsiri

Hər insanın həyatında iz buraxan hadisələr olur, bəziləri güldürür, bəziləri gücləndirir, bəziləri isə içimizdə görünməyən yaralar açır. 

 

 

Mövzuya psixoloq Zeynəb Əyyubova aydınlıq gətirib. O "İnformator.az" saytına açıqlamasında bildirib ki, travma yaşandıqdan sonra insanın şəxsiyyətində incə, amma ciddi dəyişikliklər baş verə bilər. İnsan özünə və dünyaya baxışını yenidən qurmağa başlayır:

 

"İnsanın həyatı boyunca yaşadığı təcrübələr onun daxili aləmini formalaşdıran əsas qaynaqlardan biridir. Bəzən bu təcrübələr sevindirir, bəzən güldürür, bəzən isə içimizdə izlər buraxır. Travma adlandırdığımız hadisələr isə, adətən, insanın emosional sisteminə qəfil dəyən zərbə kimidir, sarsıdır, alt-üst edir, bəzən də uzun illər təsirini davam etdirir. Maraqlıdır ki, eyni hadisə hər kəsdə eyni nəticəni doğurmur və bu, travmanın ən mürəkkəb tərəflərindən biridir. Hər insanın psixoloji quruluşu, emosional dayanıqlığı və həyat təcrübəsi fərqli olduğuna görə travmanın təsiri də müxtəlif olur. Birinin çətinliklərlə mübarizəsi onu sərtləşdirir və davamlılıq qazandırırsa, digər birini daha həssas, daha qırılqan edə bilir. Travmanın gücü yalnız hadisənin nə qədər ağır olmasından yox, həm də insanın bu hadisə ilə tək qalmasından, onu necə dərk etməsindən və həyatında hansı emosional dəstəyə malik olmasından asılıdır. Travma yaşandıqdan sonra insanın şəxsiyyətində incə, amma ciddi dəyişikliklər baş verə bilər. İnsan özünə və dünyaya baxışını yenidən qurmağa başlayır. Özünü təhlükədə hiss edən biri daha çox nəzarət ehtiyacı duya bilər, buna görə də xarakterində həssaslıq, şübhə, təsdiq axtarma və ya tam əksinə, hər şeyə qarşı laqeydlik formalaşa bilər. Bu dəyişikliklər insanın iradəsi ilə idarə olunan proseslər deyil, beyin təhlükəni yenidən yaşamamaq üçün müdafiə mexanizmləri yaradır və şəxsiyyət də zamanla bu müdafiələrin ətrafında formalaşmağa başlayır. Travmadan sonra davranışlarda görünən dəyişikliklər çox vaxt çölə də sirayət edir. İnsan özünü daha tez yorulmuş hiss edir, bir vaxtlar zövq aldığı şeylər onu əvvəlki kimi motivasiya etmir".

 

Psixoloq qeyd edib ki, bəzən sadəcə sakit görünür, amma əslində içində daim gərginlik yaşayır:

 

"Yuxu problemləri, əsəbilik, səbəbsiz narahatlıq, adi səslərə həssaslıq, özünə qapanma və sosial əlaqələrdən uzaqlaşma da travmanın davam edən təsirlərindəndir. Ən çox çətinlik isə yaxın münasibətlərdə üzə çıxır. Travma yaşayan insanlar bəzən şüuraltı şəkildə təkrarlanmaq qorxusu daşıyır. Bu qorxu onları sevildiyini hiss etməyə mane edir, güvənməkdə çətinlik yaradır, hər an xəyanət və ya rədd edilmə ehtimalını düşünməyə vadar edir. Qarşısındakı şəxsin kiçik bir davranışı belə, keçmişdə yaşanan hissləri oyada və münasibətə mane ola bilər. Bu, onların istəməsi ilə olmur, travma emosional yaddaşda iz buraxdığı üçün yaxınlıq həm arzu etdikləri, həm də qorxduqları bir şeyə çevrilir. Bununla belə, travmanın insanı gücləndirdiyi hallar da mövcuddur. Bəzi insanlar çətinlikdən sonra daha ayıq, daha anlayışlı, həyatın dərinliyini daha fərqli görən bir şəxsiyyətə çevrilirlər. Bu vəziyyət “posttravmatik inkişaf” adlanır, insan sarsılsa da, həmin sarsıntının içindən bir dayanma nöqtəsi, bir mənəvi güc tapır. Amma bu inkişaf travmanın özündən deyil, insanın həmin travma ilə necə baş etdiyi prosesdən yaranır. Sağalma isə özü-özünə baş verən bir proses deyil, şüurlu şəkildə qurulmalıdır. Travmanın təsirini azaltmaq üçün psixoloji müdaxilələr, xüsusilə EMDR, kognitiv-davranış terapiyası, duyğu tənzimləmə texnikaları, bədən əsaslı terapiyalar və təhlükəsizlik hissini bərpa edən çalışmalar çox effektlidir. Sağalma prosesinin ən vacib hissəsi insanın yaşadıqlarını inkar etməməsi, öz hisslərini qəbul etməsi və bu hisslər üçün özünə yer açmasıdır. Həmçinin emosional dəstək, sağlam münasibətlər, güvənli sosial mühit və özünü ifadə edə biləcəyi sahələrin olması insanın bərpasını sürətləndirir. Travma insanın həyatına təsir etsə də, onu məhv etmək məcburiyyətində deyil. Düzgün psixoloji dəstək, təhlükəsiz mühit və insanın öz daxili gücünə yaxınlaşması travmanın yaratdığı ağrını tədricən yüngülləşdirir və insan yenidən öz həyatının müəllifi ola bilir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər