"Tərcüməçi İranın Azərbaycana qarşı əsl mövqeyini ortaya qoydu" - Politoloq
Bildiyimiz kimi aprelin 8-də "AzTv"nin jurnalistləri İranlı tərcüməçi tərəfindən hücuma məruz qalıblar. Bununla da İranın növbəti təxribatı mediaya qarşı olub.
Məsələ ilə bağlı İNFORMATOR.AZ-a siyasi politoloq Elçin Mirzəbəyli danışıb. O bildirib ki, həmin şəxsin göstərdiyi aqressiv davranış təəccüblü deyil:
"İranın hər hansı bir nümayəndəsinin mediaya sərgilədiyi aqressiv davranış düşünürəm ki, təəccüb doğurmalı deyil. Əslində bundan əvvəl də İran Azərbaycan mediası ilə bağlı özünəməxsus nota bəyan etməklə Azərbaycan mediasına qarşı olan aqressiyasını və zəifliyini ortaya qoymuşdu. Çünki Azərbaycan mediasının İran adlanan ölkənin yürütdüyü siyasətlə, o cümlədən Azərbaycana münasibətdə sərgilədiyi mövqe ilə, yalan və böhtan kampaniyaları ilə bağlı yaydığı məlumatlar, eyni zamanda İranın terrora dəstək verən dövlət kimi mahiyyətinin ortaya çıxarılması şübhəsiz ki, molla rejimini qəzəbləndirmişdi".
Siyasi şərhçi əlavə edib ki, iranlı nümayəndənin sərgilədiyi sərt davranış molla rejiminin mediaya qarşı iç üzünün göstəricisidir:
"Tərcüməçinin Azərbaycan televiziyasının nümayəndəsinə qarşı sərgilədiyi mövqe əslində molla rejiminin Azərbaycan mediasına qarşı münasibətini ortaya qoyur. İran bütün sivil dünya tərəfindən qəbul edilməyən, yeritdiyi siyasətlə Ermənistan istisna olmaqla, bütün yaxın qonşuları ilə gərgin münasibətləri olan, İslam dünyasında mövqeyinə görə sevilməyən ölkədir. Bu aspektdən də mənim fikrimcə, iranlı tərcüməçidən bundan qeyrisini gözləməyə dəyməz. Bu tərcüməçi eyni zamanda İranın Azərbaycandakı diplomatik nümayəndəliyində, ölkə mediasında bütövlükdə azərbaycanlılara və Azərbaycana qarşı olan mövqeni ortaya qoyur".
Fatimə Mustafayeva
