Uitkoff Ukrayna böhranı ilə bağlı Əbu-Dabidə danışıqlar aparacaq
ABŞ-nin xüsusi nümayəndəsi Uitkoff Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq məqsədilə Əbu-Dabiyə səfər edəcək.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıülamasında bildirib ki, bu görüşdə nələrin müzakirə olunacağı barədə məlumat verilmir:
“Uitkoffun verdiyi məlumata görə, o, Moskva səfərindən sonra Əbu-Dabiyə yola düşəcək. Onu Prezident Trampın kürəkəni Kuşner də müşayiət edir. Təbii ki, bu görüşdə nələrin müzakirə olunacağı barədə məlumat verilmir. Bu, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasıdır. O bildirib ki, sülh danışıqlarının real olaraq hansı mərhələdə olduğu və hazırda hansı proseslərin getdiyi barədə danışılmayacaq. Ümumiyyətlə, danışıqların konkret olaraq hansı mərhələdə olduğunu demək çətindir, çünki tərəflər bu barədə məlumat açıqlamırlar. Ancaq anlaşılan odur ki, Ukrayna ilə ABŞ arasında əldə olunan razılaşmaların Rusiya tərəfindən də razılaşdırılması lazımdır. Hələlik bu istiqamətdə razılaşma əldə olunmayıb, əsas məsələ ərazi məsələsidir. Ukrayna bu mövzuda geri addım atmır, Rusiya isə Donbasdan imtina etmir. Eyni zamanda təhlükəsizlik məsələləri də əsas mübahisə predmetidir. İki əsas məsələ üzrə tərəflər arasında ümumi razılaşma yoxdur, buna görə də danışıqların detalları açıqlanmır. Lakin Əbu-Dabidə keçiriləcək görüşlə bağlı anlaşılan odur ki, proses işçi qruplar səviyyəsində davam edəcək”.
Ekspert həmçinin bunu da qeyd edib ki, ciddi dönüş nöqtəsi olacağını demək üçün tezdir:
“Hansı işçi qrupların yaradılacağı və hansı tərəfləri təmsil edəcəyi hələlik bildirilmir. Bu qruplar ABŞ və Ukrayna nümayəndələrindən ibarət ola bilər və ya üçtərəfli formatda formalaşdırıla bilər. Uitkoffun Rusiyaya səfər etdiyini nəzərə alsaq, Rusiya tərəfinin də bu prosesə cəlb olunması istisna edilmir. Hər halda, işçi qruplar əsasən texniki və konkret detalları müzakirə edəcəklər. Bu səbəbdən, Əbu-Dabi görüşünün ciddi dönüş nöqtəsi olacağını demək hələ tezdir. Çünki bu, yüksək siyasi səviyyədə deyil, işçi qruplar, yəni daha aşağı, texniki səviyyədə aparılan danışıqlardır. Burada əsasən mexanizmlər və texniki məsələlər razılaşdırılacaq. Avropa İttifaqı və NATO-ya gəldikdə isə onlar hələlik bu danışıqlardan kənarda saxlanılırlar. Bununla belə, ABŞ və Ukrayna NATO müttəfiqlərini, eyni zamanda Avropa İttifaqındakı tərəfdaşlarını proses barədə məlumatlandırırlar. Ancaq hazırda Avropa İttifaqı və NATO danışıqlarda birbaşa iştirak etmirlər”.
Güllər Gülhüseynova
