Ukraynaya silah yardımı ətrafında AB-də fikir ayrılığı
Fransa Ukraynanın Britaniyada istehsal olunan “Storm Shadow” raketlərini almaq üçün Avropa İttifaqının fondlarından istifadə etməsinə qarşı çıxır. Paris bildirir ki, bu pullar yalnız Avropa İttifaqı ölkələrində istehsal olunan silahların alınmasına xərclənməlidir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Fransa Ukraynanın AB fondlarından Britaniyanın “Storm Shadow” raketlərini almasına qarşı çıxır, çünki Paris AB vəsaitlərinin yalnız blok daxilində istehsal olunan silahların alınmasına sərf olunmasını istəyir:
“Bu, AB-nin öz sənaye bazasını gücləndirmək və xarici silah asılılığını azaltmaq niyyətindən irəli gəlir. Bu qərar Fransa və Böyük Britaniya arasında müəyyən gərginlik yarada bilər. Britaniya öz silahlarının AB maliyyəsi ilə alınmasının qarşısının alınmasını mənfi qiymətləndirə bilər və bu, müdafiə və strateji əməkdaşlıq məsələlərində fikir ayrılıqlarına yol aça bilər. Digər AB ölkələri isə Fransanın mövqeyinə müxtəlif reaksiyalar göstərə bilər. Bəzi ölkələr AB daxilində istehsal prioritetini dəstəkləyə bilər, digərləri isə Ukraynanın müdafiəsini sürətlə gücləndirmək üçün xarici silahlara çıxışını vacib sayaraq Fransanın məhdudiyyətini tənqid edə bilər. Bu məsələ blok daxilində həm iqtisadi, həm strateji, həm də diplomatik müzakirələrə səbəb ola bilər”.
Günel Əlili
